Erməni generalını boğan şəhid haqqında roman - İlk hissə

Erməni generalını boğan şəhid haqqında roman - İlk hissə
5 mart 2021
# 09:00

Xəbər verdiyimiz kimi, Kulis.az qəhrəman şəhidimiz Cəbrayıl Dövlətzadə haqqında yazıçı Azad Qaradərəlinin yazdığı “Cəbrayil əfsanəsi” romanını yayımlamağa başlayır. Romanı hər cümə günü saat 9-da oxuya bilərsiniz.

Cəbrayil əfsanəsi

roman

Vətən Müharibəsi şəhidi Cəbrayıl Dövlətzadənin xatirəsinə

Lut qövmünün olduğu şəhər Cəbrayıl əleyhissalamın qanadlarından birinin ucu ilə məhv edildi.

Hədisdən

Sənin sevincin və kədərin böyüyəndə bütün dünya kiçilir.

Cübran Xəlil Cübran

Bin atlı akınlarda çocuklar gibi şendik
Bin atlı o gün dev gibi bir orduyu yendik

Yəhya Kamal

Oğlumun darağında tək bircə teli qalıb... Hər gün o tellə söhbət edirəm...

Şəhid anası

Proloq

Şimşək çaxar. Göy üzü alışar. Bir anda hamının gözü göylərə dikilər.

Nə olacaq əcaba?

Guya bilmirlər. Şimşək sönəcək, ardınca qorxunc göy gurultusu eşidiləcək...

İlk baxışda adi bir təbiət hadisəsi. Burda nə var ki? Göydə alov parladı, sonra gurultu... Yəni bir ocaq işartısı kimi, qaynaqçı aparatınnan qopan qığılcımlar kimi...

Amma xeyir. Sizin dediyiniz ocaq işartısı, yaxud qaynaqçının qığılcımları yerdə olur. Şimşək isə göydə çaxır. Orda – Tanrının yanında. Bəlkə də Tanrının nəfəsidir o?

Hələ sizin dediyiniz ocaq işartısı, qaynaqçı qığılcımı da göydən gəlmədimi? Vəhşi əcdadımız ildırımnan düşən yanğınnan sonra kəşf etmədimi odu?

Hə. O da dəmir kimi göy mənşəlidir. Dəmir odda qızarıb polad olduğu kimi, insan da şimşəkdə bişib qəhrəman olur. On adamın, yüz adamın, min adamın... milyonların istəklisinə çevrilir...

Zira şimşək həmişə göydə çaxmır. Od mələklərin qanadında yerə endiyi kimi, insana dönüb yerdə də çaxar. Mələk insanlar, od insanlar, məşəl insanlar dünyanı qaralmağa qoymazlar...

Birinci səs

MÜƏLLİF

Yolun ağında 7-8 yaşlarında bir uşaq uzun ağac atını minib çapır. “At”ın tozu məni basır və uşağın qarasınca deyinirəm:”Yekə oğlandır, ağacdan at minir... Sənin indi kitab oxuyan vaxtındır...”

Bu vaxt qara bir it dalandan çıxıb üstümə atılır. Ora-bura baxsam da, əlimə bir şey keçmir ki, özümü müdaiə edəm. Bayaqkı uşaq “at”ını altından çəkib çomaq kimi tutur və itin təpəsinə vurur. İt zəngildəyib qaçır. Oğlana təşəkkür etmək istəsəm də, o bunu gözləmədən “at”ını çapıb gedir...

Çoxdan olmuş bu əhvalatı niyə məhz indi xatırladığımı heç özüm də bilmirəm. Bircə bildiyim odur ki, itdən qorxan gərək çomağını hazır saxlasın...

...Vətən Müharibəsi başlayanda hələ nə ilə nəticələnəcəyi bəlli deyildi. Çox məchul bir dövr idi. Bir məcburi köçkün yazar kimi üzüm allahdaydı ki, bu dəfə bizi dost-düşmən yanında xəcalətlilikdən qurtar – elə şərait yarat ki, əsgərlərimiz hücuma keçib torpaqlarımızı azad etsin. Bu istək tək mənim yox, bütün Azərbaycan xalqının ürəyində qövr edirdi. Və bir qorxum da vardı: yaşım artıq yetmişə doğrudur və belə getsə, atam, anam kimi mən də Qarabağı, doğma Zəngilanımı, Qaradərəmi görmədən dünyaya vida edəcəm, valideynlərim kimi Bakıda dəfn olunacağam... Bu qorxu içində, səksəkəli halda müharibəni saatbasaat, günbəgün izləyirdim.

Belə günlərin birində, daha doğrusu, müharibənin üçüncü günü qəribə xəbər yayıldı internetdə: 19 yaşlı bir gənc düşmən səngərinə hücum edərək yüksək çinli erməni zabitlərini boğub öldürüb, özü də şəhid olub... Hətta, o yüksək çinli zabitlərdən birinin general, o birinin polkovnik olduğu da bildirilirdi.

Ad da elə çağıran, yadda qalandı ki: Cəbrayıl Dövlətzadə!..

Əfsanə kimi bir olay. Belə şeylər ancaq nağıllarda, rəvayətlərdə olur.

İlk günlərdə qeyd-filan aparmırdım. Amma bu ad və onun yaratdığı təsir məcbur etdi ki, kompüterin ekranında yeni fayl açım: “Müharibə qəhrəmanı Cəbrayıl Dövlətzadə...”

Bu yeni müharibənin yeni sifəti idi: 19 yaşlı gənc silah-sursatın tükəndiyi vaxtda yanındakı nisbətən yaşlı zabit və əsgərlərə qışqıraraq deyib: “Siz gedin, ailəniz, uşağınız var! Səngərdəki düşməni mənə buraxın!..”

Və o, əvvəl süngü-bıçaqla, sonra isə əlləri ilə düşmənin yüksək çinli zabitlərini boğaraq öldürmüş, özü də şəhid olmuşdu...

Hadisə o qədər isti, qan o qədər təzə idi ki, üzü üzlər görmüş məni – torpağı düşmən əlində, üstündə “məcburi köçkün” damğası, başı daşdan-daşa dəyən yaşlı-başlı yazıçını da əlində əsir etmişdi.

Uzun zaman bu fayla toxuna bilmədim...

Bu mövzuda iyirmidən çox hekayə yazdım, amma Cəbrayıl hələ ki, özünü “ələ vermirdi”.

Ta ki, nənəsi ilə danışanacan... Onun həqiqətən əfsanə deyil, real insan olduğuna əmin olanacan. Bundan sonra baxdım ki, bir hekayəylə bu məsələdən yaxamı qurtara bilməyəcəyəm.

Görünür, bu mövzuda nəsə qeyri-adi bir şey yazılacaq.

Məlum məsələdir, qeyri-adi qəhrəman, qeyri-adi mətn tələb edir...

NƏNƏ

Yaramın təzə vaxtında, balamın şəhid olub ürəyimi dağladığı günlərdə bir adam zəng eləmişdi. Nələrsə danışdı. Düzü, tək anladığım o oldu ki, Cəbrayıl haqqında əsər yazmaq istəyir... Mənim dərdimə bax... Amma insafən ifallı adamdı...

Yazmağına yazırlar e... Şeir yazan, məqalə yazan... Bilirəm, hamı ürəyini soyudur, bizə təskinlik üçün yazırlar. Mən bu işləri o qədər də yaxşı anlamıram. Hansı yaxşıdı, hansı pisdi... Bilmirəm ki?..

Ehhh... Mənə şeir yox, nəvəm lazımdı. Onun o gözəl üzü, o gözəl baxışı, gen sinəsi... Vaxt vardı o mənim sinəmə qısılıb şirin-şirin yatardı, indi mənim başım onun sinəsinə möhtackən... uçdu balam göyərçin kimi. Cənnət quşu oldu balam... Nə bilim axı. Mən istəyirdim, o tək bizim balamız olsun, amma millətin balası oldu... İndi hamı onnan danışır, yazır, oxuyur... Məni qınamasınlar. Bu yazılar, bu şeirlər mənə balamın yerini verə bilmir axı. Mən Cəbrayılsızlığa dözə bilmirəm...

Yara hələ təzə idi. Qızım televiziyalara müsahibə versə də, mən söz tapa bilmirdim. Əllərim üstündə böyütdüyüm ciyərparamı itirmişdim axı... Heç indi də danışa bilmirəm. Axı o boyda oğul itirmək... Ağlagəlməz iş idi...

Nə bilim? Nələrsə danışdım o yazıçıya. O da səbrlə dinlədi. Amma uzun müddət onnan bir xəbər çıxmadı. Dedim, yəqin elə-belə zəng edibmiş. Bəlkə heç... Əh, dedim, mənə lazımdı bu söhbət? Mənim Cəbrayıl kimi igidim gedib e... Əsər yazacaqmış...

Bir gün mənə dedilər, sənə zəng eləyən yazıçı artıq şəhidlər və qazilər haqqında yazdığı hekayələri dalbadal öz bloqudu, nədi onda paylaşır. Sonra da saytlar götürüb təkrar yayımlayır. Hələ Türkiyədə də verirlər... Bəs Cəbrayıl haqqında niyə yazmadı?..

Nə bilim? Tanımıram da ki, soruşam... Heç nömrəsini də qeyd eləməmişəm...

CƏBRAYIL

Mən az kitab oxumuşam, amma oxumuşam. Əlimə düşəni oxumuşam... Hətta oxuduqlarımdan təsirlənib yazmışam da... Yəni cızma-qara kimi...

Ən çox elektron oxuyurdum. Təbii, ağıllı telefonla googledə eşələnib, maraqlı şeylər tapırdım. Oradakı tarixi məlumatları, hərbi söhbətləri, qəhrəmanların həyatını acgözlüklə oxuyurdum. Nənəmin danışdığı nağıllardakı, dastanlardakı qəhrəmanları, ana tərəfimdən olan və yüz illərlə ermənilərə qarşı vuruşan igidləri, qaçaqları çox sevirdim. Ən çox həyəcanlandığım Qaçaq Nəbi və Robin Qud haqqında oxuduqlarım idi. Robin Qudun filminə baxanda dəli olmuşdum. Riçard Gir ovsunlamışdı məni...

Onda hələ balacaydım, gərək ki, on yaşım vardı. Ox, yay düzəltmişdim. Anama demişdim ki, mənə qılınc alsın. Sonra mənnən yaşca böyük bir dostum vardı, ona danışanda güldü, dedi, indi ox-yay zamanı deyil, indi heç tüfəng zamanı da deyil... İndi hərbi texnika elə inkişaf eləyib ki, dünən kəşf olunan silahlar bu gün köhnəlmiş sayılır...

O, mənə silahlar haqqında ensiklopediya gətirdi və o kitaba heyran oldum. Buradan çuvaş türkü olan Sudayevin kəşf etdiyi avtomat silahı haqqında yazını heyranlıqla oxudum. Onun gənc yaşında vəfatınnan sonra Kalaşnikov daha müasir avtomat kəşf edir ki, bu silah məni məftun etdi. Başa düşdüm ki, mən silahlara meyl etməyə başlayıram... O ensiklopediyada avtomatla bərabər məni üç ekzotik silah daha çox cəlb elədi: orta əsrlərdə Avropa cəngavərlərinin işlətdiyi, bizim şeşpərə oxşayan alebarda və hər iki ağzı kəsən qəddarə... Bir də bizim beşbarmaq! Tax əlinə, gir düşmən səngərinə: səssizcə vur, öldür, məhv elə erməni faşistlərini... Demək, hərbçi olmaq istəyirəm... Bununçün də çoxlu oxumaq və idman eləmək lazım idi...

Amma mənim vaxtım olmadı axı oxumağa. Uşaqlıqdan yeniyetməliyə, ordan da gəncliyə keçməm bir göz qırpımı baş verdi. An deyirlər e, bax, mənim ömrüm belə keçdi. Dağlarda olanda ildırım çaxmasını görmüsünüz? Bax, elə. Bir an şimşək çaxır, göy guruldayır və bununla da hər şey bitir. Mənim ömrüm də elə o cür yandı və söndü. Amma yooo... İldırım çaxanda gecənin qaranlığında hər yan işıqlanır axı! Bax, mən o işığam. Məni o işıqda axtararsınız. Əsgərliyə gedəndə anladım ki, deyəsən, mən bura müvəqqəti gəlməmişəm. Düşdüyüm sərhəd qoşunlarında özümü çox rahat hiss edirdim. Həm də sərhəd qoşunlarının Xüsusi Təyinatlıları! Pah! Ölürdüm də bu ad üçün!... Əsas da, bu qoşun növünün uniforması üçün ürəyim gedirdi. Və buradakı təlimlər, ağır məşqlər, saatlarla əzablı hərbi oyunlar məni qorxutmurdu. Axı mən bura gəlməzdən əvvəl Şərq idman növlərindən karate və cüdo ilə məşğul olmuşdum.

ANA

Cəbrayıl orduya gedəndə qaldım məəttəl. Ay bala, bu uşaq haçan böyüdü ki, onu hələ orduya da aparırlar? Bu, mənim ağzı süd qoxuyan Cəbrayılım deyilmi? Nə tez?! Mən onnan heç doymadım ki... Nə tez oldu bu iş...

Amma sizə bir sirr açım: mən onu hərbi geyimdə görəndə sevincimnən ağladım. Balama qutu kimi yaraşırdı o forma. Mənim balam yaraşıqlıdı axı. O bir söz var e, filankəs al da geysə yaraşır, şal da. Vallah, hə. Getmişdik Cəlilabaddakı hərbi hissədə andiçmə mərasiminə. Yemək-filan, dəm-dəsgahla. Onca dəqiqəyə gəldi, yalvarsam da, bircə toyuq budunu ayaq üstdə yedi, bizimlə şəkil çəkdirib qaçdı. Dedim, ədə, a bala, nə olub, niyə qaçırsan? Dedi, ay ma, indi biz cərgəyə çıxacağıq. Sonra da son məşq. Bağışla, getməliyəm...

Balam intizamlıydı. Hərbçi olmaq çoxdankı arzusuydu. Düzü, mən qorxurdum onun bu peşəyə marağınnan. Onu o formada görəndə ürəyim əssə də, sevincimnən uçmaq istəsəm də, içimdə bir qorxu hakim idi. Hərb sənətinin hər şeyi qorxuludur. Hansısa kitabda oxumuşdum ki, hətta adi təlim zamanı da ölüm hadisəsi ola bilir. Qaqarin özü təlim uçuşu zamanı həlak olmamışdımı? Allah uzaq eləsin.

Əlim arxasınca uzalı qaldı. Qaçıb getdi.

Bir də onu andiçmə zamanı rəsmi keçiddə gördüm. Yüzlərlə əsgərin içində addımlasa da, bircə baxışınnan tanıdım balamı. Qardaşı da, bacısı da elə hey soruşurdular ki, ay ma, hanı, biz niyə görmürük? Hamısı bir-birinə oxşayır axı.

Mən isə görürdüm balamı. Onun kimi oğul mində bir doğular. Necə seçməyə bilərdim oğlumu o əsgərlərin içinnən?!

Elə bil, ürəyimə dammışdı. Mənim ürəyimə. Nə deyim axı. Elə bil, bu dünyanın adamı deyildi.

Balam seçilən idi, görünən idi. Ölüm də balamı tez seçdi. Şəhidlik deyilən bu imiş. Balamın hərbi formasını soyundurub, ona şəhidlik libası biçdi. Yeni libasın mübarək, oğul! Anan öləydi, ölüm mənimdi, ay Cəbrayıl! Anan gözlərinin qarasına qurban, ay Cəbrayıl! Belə quşum uçub tüləkdən... Qolum sınıb biləkdən... Belə şikayətçiyəm... Yazı yazan fələkdən... Heyyyyyyy, anan qurban, balam heyyyyyyyyyy.....

CƏBRAYIL

Xüsusi Təyinatlılara düşənnən sonra buradakı təlimlər, ağır məşqlər mənə bir dərs oldu: ən güclü silah insanın əlidir, ayağıdır və əzmi, iradəsidir. Əgər əlini düzgün öyrədə bilsən, onu sınmaz və əyilməz alət kimi işlədə bilsən, ən güclü silah odur! Əlin tili ilə vurulan zərbə daha öldürücüdür, nəinki hər hansı silahla. Yumruqla vurulan zərbə isə bütün zərbələrin əlasıdır. Və təpik! Bunu saxlamışam erməni cəlladlarına. Xocalımızda qadınlarımıza qalxan əli yumruqla qıracağam, uşaqlara qalxan əli əlimin tili ilə sındıracağam, yaşlılara qalxan əli təpiklə məhv edəcəyəm! Onlara sərəncam verənin başını bir baş zərbəmlə dağıdacağam!.. And içirəm, anamın halal südünə! And içirəm işğalda inləyən o müqəddəs torpağa! And içirəm şəhidlərin qanına!..

Mən intiqam üçün alışıb yanıram!

İşğaldakı torpaqlarımızı qurtarmaq üçün gecə-gündüz plan cızırdım. Əgər müharibə qərarı verilməsə, necə qisas ala bilərəm deyə yollar arayırdım. Bəlkə, beynimdə yüz cür plan vardı.

Pul yığırdım ki, motosiklet alım. Onunla bəlkə inşallah təmas xəttinəcən getdim.

Qisas üçün elə susamışdım ki...

BACI

Mənim qardaşım – arxam, köməyim idi. Nənəmin bir sözü vardı e, yaman gündə gəl qardaş! Bax, mənim qardaşım həm yaxşı günün, həm yaman günün qardaşı idi. Rəqibləri onun bir baxışınnan pərən-pərən düşərdi. Heç vaxt özünnən zəiflərə əl qaldırmazdı. Dalaşanda da özünnən böyüklərlə, daha doğrusu, özlərini böyük sayanlarla dalaşar, hamısının payını verərdi. O olan yerdə bir oğlanın həddi nə idi biz qızların adını tutsun!? Mənim qardaşım həm idmançı, həm də döyüşkəndir. Hələ uşaq vaxtı onun qolunu qanıran olmamışdı. Nə uşaqların dava-dalaşında, nə idman vaxtı, nə də elə qol güləşində. Cəbrayıl hər zaman qalib idi. Qalib gəldi, qalib də getdi...

Amma bizi gərək belə tez tərk etməyəydi. Mən heç qardaşımnan doymadım ki!.. Ona doyunca baxa bilmədim, “qardaş hey” deyib doyunca çağıra bilmədim...

Tək bizim ailəyə sığmadı qardaşım. Elin oğlu olmağa getdi və oldu da. Orta məktəbdə Nəsiminin qəzəlin keçmişdik e, “Sığmazam”, bax, qardaşım o şeirdəki kimi bu cahana sığmadı...

CƏBRAYIL

Gecələr ağ saqqallı, ağ geyimli, qoltuğunda kitab bir insan girir yuxuma. Mənə nələrsə deyir, deyir, deyir. Mənsə onun dediklərini anlamıram. Əcəba, dilinimi bilmirəm? Xeyr. Bizim dilimizdə danışır. Bəlkə çox astadan danışır? Yenə xeyir: səsini aydınca eşidirəm. Bəs?..

Bir gecə yenə gəlmişdi. Danışdı, danışdı, danışdı...

Özümü toplayıb ayaqlarını qucaqladım: “Babacan, sən kimsən? Mənə nələr deyirsən? Niyə dediklərini anlaya bilmirəm? Mən səni anlamaq istəyirəm, amma bacarmıram. Günah məndədirmi? De, düzəldim səhvimi. Yoxsa, bağrım çatlayacaq...”

Qoca sevinən kimi oldu. Qoltuğundakı kitabı mənə göstərdi. Yəni, bax, oxu, nə dediyimi anlayacaqsan. Baxdımi, ağappaq səhifələrdir. Amma inanmayacaqsınız, oxudum o yazısız kitabı.

Qoca sevincək dilləndi: “Yaxşı oğul, təkcə yazılan kitabı oxuyan deyil, yazılmayanı da oxuya biləndir. Sən yazılmayanları oxudun. Demək, sən öz kitabını özün yazacaqsan. Get. Daha sənə ölüm yoxdur. Harada dara düşsən, buradan oxuduqlarını yadına sal. Heç bir qüvvə qarşında dura bilməz. Bir də heç vaxt adını unutma. Sənin adın da haqdan gəlir.”

İndi deyəcəksiniz, bəs o kitabda nə yazılmışdı?

Heç nə. Ağappaq idi səhifələr. Allah hər kəsə öz kitabını oxumağı nəsib eləsin... Mən də o qoca kimi danışmağa başlamışam e... Nəsib eləsin-zad... Özümə də qəribə gəlir vallah.

Kitabdan, hocadan söz düşmüşkən...

Bir dəfə bizə bir türk komandos təlim keçdi. “Bordo bərəli”lərin haqqında eşidənnən vurğun idim onlara. İki günlük təlimdə özümüzlə nə yemək, nə su, nə də silah götürmüşdük. Səhra kimi bir yerdə iki dəstəyə böldü bizi və qarşıdakı tərəfi “düşmən” elan edib, təlimə start verdi. Şərtlər çox sərt idi: təslim olmaq, məğlub olmaq, yıxılmaq, döyüşdən qaçmaq, su, yaxud yemək üçün harasa getmək dəstəni tərk etməyə səbəb olacaqdı. Qırx nəfərlik dəstəmizdən tezliklə on beşi sıradan çıxdı. Ən çox da susuzluğa tab gətirə bilmirdi uşaqlar. Biz isə səhər tezdən qalxıb yarpaqların üzərindəki şehləri yalayır, susuzluğumuzu az da olsa yatızdırmaq istəyirdik. Yemək, düzü, şəxsən mənim yadıma düşmürdü. Amma quşəppəyi, istotca, qoyunqulağı, cincilim kimi otlardan yeyirdim ki, həm susuzluğumun, həm də aclığımın qabağını alsın.

Bu otları mənə nənəm tanıtmışdı. Bir də əsgərliyə kənd yerlərinnən gələn uşaqlardan öyrənmişdim. O ki qaldı aclığa, susuzluğa dözümlülük məsələsinə, bunları da atamnan öyrənmişəm. Orucluq vaxtı o, bütün günü ac qalardı. Və mən də maraqlanardım ki, birdən döyüş vaxtı elə yerə düşərəm, yemək olmaz, su olmaz. Gərək özümü belə çətinliklərə də hazırlayım. Bəzən axşamacan ac, susuz qalardım, dodaqlarım çatlayardı, amma heç nə yeməz, su içməzdim. Özümü gələcək çətin günlərə hazırlayardım. Nənəmin sözü vardı, qazı olma, başın ağrımasın. İndi döyüşçü olacaqsansa, bu imtahanlardan da keçməlisən.

Təlim zamanı corabımın altı tamam getmiş, bir ayağımın altı sıyrılıb yara kimi olmuşdu. Amma qəti geri durmur, “döyüş”ə can atırdım. “Düşmən”in dörd əsgərini əlbəyaxa “döyüşdə məhv etdim.” Bunu görən komandos bordo bərəli özü üstümə yeridi. Əlbəttə, “döyüş” uzun çəkmədi – o məni iki dəqiqəyə şil-küt elədi. Boynumdan vurduğu zərbənin yeri düz üç gün ağrıdı. Elə o zərbə ilə də yerə sərildim. Məni necə vurdu, hansı əli ilə vurdu, bilə bilmədim...

Buna baxmayaraq, bizim dəstəni qalib elan etdi. Sonra bunları söylədi: “Cebrayıl, sen iyi askersin, fakat müdafianı unutuyorsun. Hücum esasdır, ama müdafianı bir an böyle unutamazsın. Vur, ama kendini korumayı unutma. O zaman mütlaka qalib geleceksin!”

O türk komandosunun iki günlük təlimi mənə böyük dərs oldu.

Bir daha anladım ki, Xüsusi Təyinatlılar ordunun ürəyidir. O ürəyi sağ-salamat Qarabağda döyündürmək eşqi bir an belə məni tərk etmirdi.

Sonra komandosa akınçılar haqqında danışmağı xahiş etdim.

Türikyədə olanda əsgərlikdən yeni dönən bir mehmetciklə tanış olmuşdum. Mustafa adlı o oğlan mənə türk hərb tarixinnən maraqlı şeylər danışmışdı. İstanbulun fəthi, türk atlılarının boğazı atla üzüb keçməsi, Çanaqqala zəfəri, Atatürkün başkəndi Ankaraya necə köçürməsi... Və akınçılar! O, akınçılardan ağlaya-ağlaya danışardı. Elə qışqırardı, adamın bağrı yarılardı. Bax, akınçıları ordan tanıyırdım.

O gülümsündü. Və mənə bu barədə oxumağa bir kitabça verdi. Sonra təlim zamanı zəhmli, qorxunc səsi ilə bir şeir söylədi:

Bin atlı akınlarda çocuklar gibi şendik
Bin atlı o gün dev gibi bir orduyu yendik

Haykırdı ak tolgalı beylerbeyi "ilerle"
Bir yaz günü geçtik tunadan kafilelerle

Şimşek gibi atıldık bir semte yedi koldan
Şimşek gibi Türk atlarının geçtiği yoldan

Bir gün yine doludizgin atlarımızla
Yerden yedi kat arşa kanatlandık o hızla

Cennette bu gün gülleri açmış görürüzde
Hala o kızıl hatıra gitmez gözümüzde

Bin atlı akınlarda çocuklar gibi şendik
Bin atlı o gün dev gibi bir orduyu yendik

Şeirin son misralarını bir an içində hamımız əzbərləyib xorla söylədik. Sonuncu misra isə mənimçün bir manifest kimi oldu: “Bin atlı o gün dev gibi bir orduyu yendik!"

Davamı var

# 4909 dəfə oxunub

Müəllifin son yazıları

# # #