Dünya dillərinin qeyri-adi oxşarlığı - Misallarla...

Dünya dillərinin qeyri-adi oxşarlığı - Misallarla...
19 aprel 2020
# 18:03

Kulis.az Fransa prezidenti və hökumətinin akkreditasiyalı tərcüməçisi, Beynəlxalq Sinxron Tərcüməçilər Assosiasiyasının (AİİC) ilk azərbaycanlı üzvü, tərcüməşünaslıq və türkologiya üzrə elmlər doktoru Elvin Abbasbəylinin məşhur dillər arasındakı bəzi sözlərin qeyri-adi oxşarlıqları və fərqləri barədə qeydlərini təqdim edir.

Dil onu danışan cəmiyyətin aynasıdır. Bir misal çəkim. Monqol dilində “ailə qurmaq, yuva qurmaq, evlənmək” kimi felləri “эхнэр авах” (ehner avah) kimi tərcümə etmək olar. Bu ifadənin bizim dildəki qarşılığı bir az da olsa “arvad almaq” hesab edilə bilər. Niyə bir az? Çünki “авах” (avah) feilinin digər mənaları “ələ keçirmək, sahib olmaq” hesab edilir. Bizim “almaq” felində birbaşa bu anlamlar yoxdur. Bu, monqolların köçəri həyatını çılpaqlığı ilə göstərən feildir.

***

Türkiyə türkcəsindəki “yurtdışı” ifadəsi çox maraqlıdır. Orta Asiyadan əsrlər öncə Anadoluya gəlmələrinə və köçəri həyatı buraxmalarına baxmayaraq, bu “yurt” məhfumu hələ də onların şüuraltında mövcuddur. Yaşadıqları “yurt”un qapısını açıb çölə çıxan anda “yurtdışı”na (xaricə) gedirlər. “Yurt” sözü köçəri ikən yaşadıqları çadırı ifadə edirdisə oturaq həyata keçəndən sonra yaşadıqları yer (el-oba, yurd) anlamında istifadə edilməyə başladı. Buna görə də, ölkədən çıxan kimi “yurtdışı”na gedirlər. Vətənə dönəndə isə ərəb dilindən alınmış söz olan “memleket”ə dönürlər. Amma dildə hələ də “yurtiçi” sözünün olduğu ifadələr mövcuddur (yurtiçi uçak, yurtiçi kargo).

***

Monqol dilində qızıla "алтан" (altan) deyirlər. Türkiyədə də "altın". Əski monqol əlifbasında ᠠᠯᠲᠠᠨ şəklində yazılır. Monqol dilində ilə “жил” (djil), almaya “алим” (alim), mala (mal-qara) “мал” (mal), tanımaq felinə isə “таних” (tanix) deyirlər. Monqol dilində “тэнгэр” (tenger) “səma” deməkdir. Gök türklərdə “tengri” Azərbaycan və Türkiyədə isə “tanrı” şəklində istifadə edilir. Şumer dilindəki “dingir” isə “səma, cənnət, tanrı” anlamına gəlir.

***

Pandemiya” sözü qədim yunan dilindən gəlir. Bu söz πᾶν (pan) "bütün" və δῆμος (demos) "xalq" sözlərinin birləşməsindən yaradılıb. “Epidemiya” sözü də eyni şəkildə, yəni “üstündə” mənasını daşıyan ἐπί (epi) və “xalq” olan δῆμος (demos) sözlərindən düzəldilib. Ərəb dilində “epidemiya” və “pandemiya” وباء (vaba) kimi tərcümə edilir. Deyəsən, fərq qoymurlar. Bizdə isə “vəba” xolera/taun xəstəliyinə verilən addır. Ərəbcədə isə bu xəstəliyə كوليرا (kolira) deyirlər.

***

Koronovirus üzündən dillərdən düşməyən “təcrid” sözü Azərbaycan türkcəsinə ərəb dilindən gəlib. Ərəbcə تجريد (tacrīd) şəklində yazılır. “Soyma” və “soyunma” kimi tərcümə edilə bilər. Bu söz də öz növbəsində جَرَدَ (carada), yəni “soymaq” felindən yaradılmış isimdir. Dilimizdə öncələr “qəzet” yerinə “cəridə” جريدة (carīda) sözü istifadə edilirdi. Ərəb dilindən gələn bu söz də “təcrid” ilə eyni kökdən gəlir və “soyulmuş bir şey” və “yazı təbəqəsi” mənalarını daşıyır. Dilimizdə qədimdə “təcərrüd” sözü də istifadə edilib. Eyni kökdən olan تجرّد (tacarrud) “soyunma, çılpaq olma, Allaha çatma, tanrıya yetişmə, evlənməyib subay qalma” kimi mənaları daşıyır. Və nəhayət hələ də dilimizdə mövcud olan “mücərrəd” sözü də “təcrid” ilə qohumdur. “Konkret varlıqla əlaqəsi olmayan, ancaq xəyalda təsəvvür edilə bilən, nəzəriyyəyə əsaslanan, abstrakt” mənalarını daşıyır.

***

Dünyadakı bir çox dillərdə olduğu kimi dilimizdə də istifadə edilən “alqoritm” (ingiliscə: algorithme) sözünün bəziləri yunan mənşəli olduğunu sana bilər. Lakin bu söz ərəb mənşəlidir. Orta əsrlərdə Avropa dillərinə yunan dili vasitəsilə keçib. IX əsrdə yaşamış İslam dünyasının görkəmli riyaziyyatçısı Xarəzmi (al-χʷarizmī), yəni (الخورزمى) adının yunanca tələffüzündən αλγόριθμος (algorismos) şəklində yaranıb. Yunan dilində “γ” hərfi bizim “ğ” kimi oxunur. Bu da Xarəzmdəki “x” səsini vermək üçün istifadə edilib. Amma Avropa dillərinin əksəriyyətində bu səsi “q” ilə əvəz etdikləri üçün “al-qoritm” kimi ortaya çıxıb. Yunan dilində “θ” hərfi isə “z” kimi oxunur. Lakin Avropa dillərinə “th” kimi keçib. Xarəzm (ərəbcə: خوارزم / Khwārizm, özbəkcə: Xirazm, farsca: خوارزم / Khwārazm) şəklində tələffüz edilir. Orta Asiyada (Özbəkistan, Qazaxıstan, Türkmənistan) tarixi-coğrafi ərazi və XI əsrin sonlarına doğru bu bölgədə qurulan və türk dövləti olan eyni adlı Xarəzmşahlar dövlətinin (خوارزمشاهیان) yerləşdiyi ərazidir.

***

Ərəb dilində “səs vermək” mənasını verən ifadənin hərfi tərcüməsi “vedrəsini quyuya atmaq”dır. Burada yaşam tərzinin dildə formalaşan sözlərə təsirini görə bilərik. Bədəvilərin səhrada susuzluğunu yatırtmaq üçün tapdığı quyudan su çəkməsi onun siyasi baxışlarına uyğun namizədə səs verməsi kimi bir şeydir. Hətta “istefa” sözü də eyni mənanı daşımır. Ərəblərdə اِصْطِفَاء (istiˁfāˀ) “seçim” deməkdir. Mustafa adı ilə eyni kökdəndir. İslam peyğəmbərinin adlarından biri də Mustafa (مصطفى) idi və bunun anlamı “seçilmiş”dir. Dilimizdəki “istefa” sözü əslində istefasını istədiyimiz şəxsin “seçim” etməsini tələb etməkdir (ərəb dilindəki əsl mənasını nəzərə alsaq). Amma bir çox qərb dillərində bu tam fərqlidir. Məsələn, fransız dilində “istefa” sözünün ekvivalenti “la démission” sözüdür. Latın köklü olan bu sözü parçaladıqda (de - mission) hərfən “missiyasından ayrılma” mənasını verir. Fransızlar “istefa” tələb etdikdə rəhbəri seçim qarşısında qoymur. Tamamən getməsini tələb edir. Alman dilində isə “der Rücktritt” sözü istifadə edilir. Bu sözü də analiz etdikdə (Rück = geri, Tritt = addım) hərfən “geriyə addım” mənası ilə qarşılaşırıq. Sanki almanlar istefasını tələb etdikləri şəxsin getməsini deyil, “geriyə addım ataraq” yanlışını düzəltməsini və missiyasına davam etməsini istəyirlər. Xalqların mentaliteti dillərinə heyrətamiz təsir göstərib.

***

Azərbaycan türkcəsində istifadə edilən “ibtidai sinif” ifadəsindəki “ibtidai” sifəti ərəb dilindəki اِبتدائِيٌّ (ibtidaiyyun) sifətindən gəlir. Eyni kökdən dilimizdə “mübtəda” ismi də mövcuddur. Bu da ərəb dilində eyni mənanı daşıyan مُبتَدأٌ (mübtəda') sözüdür. Bu ismin digər tərcüməsi də “başlanğıc” deməkdir. Beləcə “ibtidai sinif” ifadəsindəki “ibtidai” demək “başlanğıc sinif” anlamını daşıyır. İngiliscə də bu sifətin “primary, elementary, preparatory” kimi tərcümə etmək olar. Bu sözlər üç hərfli alif- dāl- bāʼ” kökü (ب د أ) üzərində qurulur.

Azərbaycan türkcəsindəki “insaf” sözü ərəb dilindən gəlir. Ərəbcə إنصاف (inṣāf) yəni “ədalət” anlamını daşıyır və نصف (naṣafa) “yarmaq, bölmək” felindən yaranmış isimdir. Bəlkə də “bərabər şəkildə bölərək ədaləti təmin etmək” anlamındadır. Hind dilinə də ईनसाक़ (insāf) olaraq keçib və “ədalət” anlamını qoruyub saxlayıb. Lakin bizim dildə “ədalət”dən daha çox “vicdan” mənasında istifadə edilir. Bunu “insaflı olmaq” ifadəsində görmək mümkündür.

***

Ərəb dilinin dünyadakı bəzi dillərə verdiyi hədiyyələrdən biri də qadın geyimi olan “yubka”dır. Ərəbcə جُبَّة (cubba) sözü kişi və qadınların ənənəvi üst geyimidir. Aramicə və suryanicə גבי (gəbāy) və קבי (ḳəbāy) sözləri ilə eyni kökə sahibdir. Öncə italyan dilində “jubba” (cubba) və ya “giubba” (ciubba) formasında alınıb. Göründüyü kimi bunlar ərəb tələffüzünə daha yaxındır. Daha sonra fransız dilinə “jupe” (jüp) şəklində keçib və haradasa tanınmaz hala gəlib. Bəlkə də bəzi dillər bu sözü fransız dili vasitəsilə alıb. Məsələn rus dilinə “юбка” (yubka) şəklində keçib. Yəqin ki, biz bunu ruslardan almışıq. Orta Asiya dillərinin bəzilərində də eyni formada istifadə edilir. Azərbaycan və Türkiyə türkcələrində “cübbə” və “cübbe” sözləri mövcuddur. Dilimizdə “üstdən geyilən uzun ətəkli, enli, düyməsiz geyim” mənasını daşıyır. Türkiyə türkcəsində isə hakim və vəkillərin, universitet müəllimlərinin, din adamlarının, məzuniyyət zamanı tələbələrin paltarlarının üstündən geyindikləri uzun və düyməsiz geyimdir.

***

İngilis dilindəki “coffin” (sandıq) və fransız dilindəki “coffre” sözləri ərəb dilindəki “cənazə torbası” mənasını daşıyan كفن (kafan) və Azərbaycan türkcəsində də istifadə etdiyimiz “kəfən” sözündən gəlir. Ərəbcədən qədim yunancaya “κόφινος” (kofinos) oradan da latıncaya “cophinus” şəklində keçib. Latıncadan da ingiliscəyə bu şəkildə daxil olub. İngilis dilində bu sözün ikinci mənası “tabut”dur. Dilimizdə də “sənduqə qəbir” ifadəsi mövcuddur. Fransız dilində isə forması azca dəyişib.

***

“Ayravana, Ayravana, Çandrika, Çitrakuta, Çitrakuta İşvara!”

“Amaravati, Amaravati, Çandrika, Kintamani, Kintamani, İşvara!”

“Sehrli xalat” filmini yəqin ki, baxmayan yoxdur. Bəs orada sehrli xalatı geyərək başqa zamana gedib gəlmək üçün şahın və “piyanar”ın istifadə etdiyi və hər kəsin bəlkə də hind dilində olduğunu sandığı yuxarıda yazdığım ifadələri xatırlayırsınızmı? Bu ifadələr Hindistanın qədim və hinduizmin müqəddəs dili olan sanskrit dilindədir. Sözləri bir-bir izah edim:

ऐरावण (Airāvaṇa) - “Ayravana” : Hindu mifologiyasında tanrı İndranıın mindiyi ağ filinin adıdır. Bu sözün başqa versiyası ऐरावत (airāvata) hesab edilir. Göründüyü kimi İrəvanla heç bir əlaqəsi yoxdur.

चन्द्रिका (Candrikā) - “Çandrika”: Parlayan hissəciklər və ay işığı mənalarını verir. Eyni zamanda qədim hindu mifologiyasında müqəddəs ananın adıdır.

चित्तकूट (Citrtakūṭa) - “Çitrakuta” : Hindistanın mərkəzində bir yerdir və hinduların müqəddəs ziyarətgahlarından biridir.

ईश्वर (Īśvara) - “İşvara”: Hinduizmdə bir məfhumdur və anlamlarından biri də “ali tanrı”dır.

अमरवती (Amarāvatī) - “Amaravati”: Hinduizmdə İndranın və digər tanrıların paytaxtı olub. Bəzi dini mətnlərdə “cənnət” mənasında istifadə edilib.

किन्तमानि (Kintamani) - “Kintamani”: İndoneziyada Baliyə yaxın bir toponimdir.

***

Hind dilində औरत (aurat), औलाद (aulād), ऐनक (ainak), किराया (kirāyā), क़िला (qilā), क़िस्मत (qismat), क़ीमत (qīmat) Azərbaycan türkcəsində “arvad”, “övlad”, “eynək”, “kirayə”, “qala”, “qismət”, “qiymət” şəklində mövcuddur. Bütün bu sözlər hər iki dilə ərəb dilindən keçib: (ˁawrat) عورة , (awlād) أولاد, (ˁaynak) عينك, (kirāˀ) كراء, (ḳalˁa) قلعة, (ḳismat) قسمة, (ḳīmat) قِيْمة.

***

Keyfiyyət” sözünün yerinə bəzən “necəlik” sözünü də istifadə edə bilərik. Bu söz lüğət tərkibimizdə mövcuddur. Mən də bir təklif verim. “Kəmiyyət” sözünü də bəzən “neçəlik” sözü ilə əvəz edək ki, dildə yeni mənasını qazana bilsin. Çünkü bu söz dilimizdə sadəcə “neçəyə” mənasında mövcuddur. Azərbaycan türkcəsinə yeni fel təklif edirəm: “breksitləmək”. Yəni “gedəcəyini demək amma son anda vaz keçmək”. Rus dilində “işləmək” feli “работать” (rabotat) şəklində tərcümə edilir. Latviya dilində isə bu “strādāt” şəklində tərcümə olunur. Amma rus dilində “страдать” (stradat) dilimizdə “əzab çəkmək” mənasını verir.

***

Həyatınızda ən azından bir dəfə də olsun içdiyiniz və ya rast gəldiyiniz “Nescafé”nin ivritcədə נס קפה (nes qafeh) olduğunu və “sehirli qəhvə” mənasını verdiyini bilirdiniz? İndi bilirsiniz.

***

Sağ olsun ərəblər. Bizə bəxş etdikləri كايف (kayif) sözü sayəsində azərbaycanlılar “KEF edir”, türklər “KEYİF yapıyor” və ruslar “КАЙФуют” (kayfuyut). Hələ başqa millətləri demirəm...

news-inner

# 7153 dəfə oxunub

Müəllifin son yazıları

# # #