Dodaqlarım öpüşündən küsməsin - Elnazdan yeni şeirlər

Dodaqlarım öpüşündən küsməsin - Elnazdan yeni şeirlər
29 mart 2021
# 15:16

Kulis.az Elnaz Eyvazın yeni şeirlərini təqdim edir.


***
Hava dolub gözlərin tək,
ürəyim sıxılır sənsiz.
Bilirsənmi necə olur,
Vətəndə olmaq Vətənsiz?!
Hər tərəfim yel çəkir,
yenə gedən-gedənindi.
Ruhum hardadı, bilmirəm,
bu gördüyün bədənimdi.
Hərə öz canın aparır,
yaxından, gendən gedir.
Mən yazığın nə canı var,
hər gedən məndən gedir.

***
Allah kəssin
əllərinin insafın,
barmaqlarım göynəyir...

***
Gözlərim çəkən yoldan gəl,
ayağına daş dəyməsin...

***
Çətini güvənməkdir,
yoxsa sevməyə nə var...

***
Yenə Sənsiz,
yenə tənha, yenə tək.
Yenə sığmır qəfəsinə
bu ürək.
Hamı doğma,
hamı əziz,
mən yadam.
Niyə yoxsan bəxtim kimi,
ay Adam?!


***
Yaxşıyam,
hətta əlayam, Ana.
Heç Səni aldatmadım,
qurban etmə
yüz doğrumu bu yalana...

***
Hamının olduğu yerdə
görərsən bir boşluq var.
Hər kəsin yerinə
Onu qoyarsan,
dolar bütün boşluqlar.

***
Yollara dikilməkdən
getdikcə dilə gəlir.
Gözlərim soruşur ki,
yollar belə uzaq idi,
ya bizə elə gəlir?!

***
Hamıdan gizlənəsən,
bilməyələr, hardasan.
Hər yeri axtaralar,
məhlədən, şəhərə kimi.
Barmaqlarının ucunda
gedib girəsən qoynuna.
Torpağı çəkib üstünə
yatasan səhərə kimi...

***
Hamının evinə dönən çağıdı:
ürəyim açıqdı, gəl...

***
Yenə gözlərim yol çəkir
yastığının sol yanına.
Bir az gözləri suluyam,
ürəyimdə bir balaca yaram var.
Yenə olduğum yerlərdə yoxam,
baş alıb getmişəm
Sənin ünvanına.
Mənim bu dünyada
bu ürəklə gedəcək
başqa haram var...

***

İlahi,
kim bilməsə də,
təklik nədir,
Sən bilirdin.
Niyə belə edirdin?!

***
Darıxmaq necə olur?
Gəl bir axşam mənə sor,
görüm üzü gülməsin.
İlahi, darıxmağın
gözün çıxar,
qalsın kor:
məni tapa bilməsin...

***
Gözlərində
baxış saxla mənə də,
Səndən başqa,
baxışında gözüm yoxdur heç kəsin.
Dodağında özgə öpüş gətirmə,
elə et ki, dodaqlarım
öpüşündən küsməsin...

***
Yenə Gün batdı aramla,
yenə Ay gəldi birnəfəsə.
Mən Ayı qarşılayıram,
səni də...kimsə...

***
Sevgini gözümə taxıb
baxıram həyata.
Elə yaxşı görürəm
uzağı, yaxını,
unuduram zamanla
ağrıların çoxunu...

***
Ünvanımı dəyişmişəm:
indi Sən
heç kimin bilmədiyi yerdəsən...

***
Susmuşam,
dinlə indi...
gözlərilə danışmaq
gör bir necə çətindi...

***
Ayrı-ayrı damların altında
eyni səmanı paylaşmaqdır,
yerini bilə-bilə
iynəsini itirmiş dərzi kimi
otaqdan otağa dolaşmaqdır.
Səhərə qədər səsinə səksənmək,
səksənib diksinməkdir.
Sonra yatağına qor dolmuş kimi qıvrılmaq,
qıvrıldqıca boğulmaq,
hər səhərə bir ümidilə doğulmaq,
yenidən yuxuya getmək,
anasına sarılan
uşaq kimi
yuxuda Sənə sarılmaqdır
Səni sevmək...

***
Bütün yollardan uzundu
gözlərim çəkən yollar.
Gələ bilsən, kəsə gəl...

***
Qulağımda pıçıltın,
niyə titrəyir səsin?
Yandırır üz-gözümü
yenə isti nəfəsin.

Xəyalının kölgəsi
üstümə düşür yenə.
Necə sarılım axı
tir-tir əsən kölgənə?!

Yuxularmı çin oldu,
qapımı Sən döyürsən?!
Gedim açım, sevdiyim,
soyuqdur üşüyərsən...

44 günlük silsilədən (Vətən müharibəsi günləri)

***
Yolların uzun oldu,
gözüm çəkən yollardan -
gəl, gözünə döndüyüm,
yolundan öpüm Sənin.

Gəl, Vətənin qoxusun
saçlarından alacam..
Bayraq tutan əlindən,
qolundan öpüm sənin.

Toxunmaram xətrinə,
bir sözün iki olmaz.
Ömrü yarıda qalsın,
bir də səndən küsənin...

***
Salam, yurd yeri, xoş gördük,
yaralı sinənə salam.
Fəryadı göyləri dələn
sayılı sənənə salam.

Sənsiz axan göz yaşıma
göz yaşı yox, qan demişəm.
Canımı Allah yolunda
canına qurban demişəm.

Başımı qoyum sinənə,
çəkim üstümə göyünü.
Quruca torpağın bəsdir,
neynirəm hündür öyünü?!

Bu gecə vüsal gecəsi,
geyin zər-zibanı, alı.
Bircə çimdik torpağına,
qurbandır dünyanın malı?!

***
Belə gətirdi...neynim,
ya da heç gətirmədi
mənimki bu qumarda.
Bəlkə bitirib burda
son qoyaq bu oyuna.
Vətən,
aç qollarını,
gəlim girim qoynuna...

***
Hər çimdik torpağına
ömrüm-günüm
canım qurban.
Son nəfəsdə bayrağına
qoy dağılsın qanım qurban.

Nə yaşasam, halal elə,
Ölüb səndə qalam, Vətən.
Atam-anam, qardaşımsan,
gözümün ağı-qarası,
bircəciyim balam Vətən

***
Deyir, yaralanmısan,
Yarana qurban olum.
Tanrı köməyin olsun,
Qurana qurban olum.

Ömrümdən bir pay kəsib,
verim ömrünə sənin.
İndi haran ağrıyır,
harana qurban olum?

Sən Vətənə canından,
can qıydın, uf demədin.
Paran Vətənin oldu,
parana qurban olum.

***
Hardasan, lap uzaqdan
gözümə yol görünür.
Boynuma dolanmağa
uzanan qol görünür.

Külək əsir, eynimə,
ətrin gəlir, ölürəm.
Tələs...bir az gec olsa,
gördün, özüm gəlirəm.

Gəlirəm, dizlərinə,
təpər olam, güc olam.
Çəkdiyim acılardan
bir gecəlik öc alam.

Qoy sığınım köksünə,
Vətən qoxuyur sinən.
Oddan çıxıb gəlirsən,
Sən mənim Vətənimsən...

***
Adlar içrə bildiyim,
bilmədiyim neçə-neçə ad gəldi.
Qohum gəldi,
qonşu gəldi,
yad gəldi.
Sən də qayıt,
əsgərim...

***
Yığıldımı gözlərin
uzun-uzun yollardan?
Dəydimi illər-illər
qan-yaşla gözləməyə?
Yoluna qurban, Şuşam!

Bu gecə səhərəcən
şirin-şirin yat, uyu.
Daha bitdi bu çilə,
daha qapandı quyu.
Dəlinə qurban, Şuşam!

Ya baxma üzümüzə,
bir az bizə ərk elə.
Ya sıx isti köksünə
yağıya qan udduran
igid oğullarını:
sıx, sevgini kürk elə.

Boyun boylardan uca,
üçrəngli bayrağımın
şərəfi, ucalığı.
Gəncliyi, cavanlığı
sənsiz yasda əriyən
yüzlərlə övladının
başıdik qocalığı.

Özümüzə qayıdan
mənliyimiz, adımız.
İllərdir yediyimiz,
içdiyimiz zəhərdir.
Xoş döndün özümüzə
ləzzətimiz, dadımız.

Gəl sarılaq boynuna,
illərin acığına.
Torpağından məzar ver
canı qürbətdə çıxan
öğuluna, qızına.
Al isti qucağına,
al açıb qollarını,
Qoluna qurban, Şuşam!

# 2689 dəfə oxunub

Müəllifin son yazıları

# # #