Deyir, oğlum darıxmasın, görüşərik bu bahar - Ədəbiyyatımızın ən təsirli müharibə şeirləri...

Deyir, oğlum darıxmasın, görüşərik bu bahar - Ədəbiyyatımızın ən təsirli müharibə şeirləri...
29 sentyabr 2020
# 17:42

Kulis.az Azərbaycan ədəbiyyatının ən təsirli müharibə şeirlərini təqdim edir.

Məmməd İlqar - Vətən, başa çox iş gələr­

Vətən başa çox iş gələr,
Baş əymə, başın sağ olsun.
Biz ölməyə doğuluruq,
Torpağın-daşın sağ olsun.

Neçə cəfakeşin qalır,
Bir evdən bir qoşun qalır,
Beşin ölsə, beşin qalır,
O qalan beşin sağ olsun.

Çat verir, çatlayır dözüm,
Sən çatlama, canım-gözüm.
Bizi ağlamağa gözün,
Bir də göz yaşın sağ olsun!

İsa İsmayılzadə - Güllələr demədi

Getdilər. Getdilər fit çala-çala,
Getdilər atları çimizdirməyə –
Bizi aparmadılar,
Qulançar yığmağa, moruq dərməyə
Bizi aparmadılar.
Yalvarıb-yalvarıb, dil tökəndə biz
onlar üstümüzə od ələdilər,
qışqırıb-təpinib, hədələdilər:
«Hələ uşaqsınız… nə yaşınız var…»

Bir gün xəbər gəldi: dava başlanıb…
Onlar əsgərliyə çağırıldılar.
Nə tütək çaldılar, nə fit çaldılar,
fikirli oldular, ağır oldular…
Yola salanlara qoşulanda biz
yalvarıb-yalvarıb, dil tökdü onlar:
«Gəlməyin, qayıdın… geri qayıdın…
Qayıdın atları çimizdirməyə,
Qulançar yığmağa, moruq dərməyə».

Biz getdik atları çimizdirməyə,
qulançar yığmağa, moruq yeməyə:
düşüb arxamızca gəldi uşaqlar.
Dilimiz gəlmədi bir söz deməyə.
Onların yoxluğu düşdü araya,
Oyunlar, «məclislər» qaldı yarımçıq.
Toylar da seyrəldi, toyxanalar da,
aşıq da havanı çaldı yarımçıq –
Kəndimiz yamanca uralanmışdı,
hərdən korun-korun yanırdı ocaq.
Bir ağzıgöyçək də qaralanmışdı:
«Deyəsən, gedənlər qayıtmayacaq»

Mərmilər, güllələr fit çala-çala
Hey böyür-başından ötdü onların.
Kətmən vura-vura, ot çala-çala
baxdıq yollara.

Getdilər, getdilər Berlinə sarı,
getdilər, getdilər ölümə sarı.
Güllələr demədi: geri qayıdın.
Lülələr demədi: geri qayıdın,
qəlpələr demədi: geri qayıdın,
hələ uşaqsınız, nə yaşınız var…

Qabil - Azərbaycan əsgəri

Uzanır danışıqlar, imzalanır sənədlər.
Xəritədə aləmə göstərilir sərhədlər….
Səsimizə səs verir dünya başbilənləri;
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Dəyirmi masalarda izi var dirsəklərin…
Ağla sığan söhbəti, sözü var dəstəklərin,
Yardım bağlamasında özü var dəstəklərin
Lap ləl-cavahir olsun hər yardımın dəyəri…
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Diplomat cənabların hər biri hörmətlidir.
Bu məqamda ölkəmə təşrifi qiymətlidir.
Rəyi təqdirə layiq, rəyi ədalətlidir.
Gözdən-nəzərdən salan kimdir ki, bu işləri?
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

İşğal altında qalır torpağımız-daşımız,
Nələr görmür gözümüz, nələr çəkmir başımız.
Qarışıb bir-birinə baharımız-qışımız.
Çadır göstərmək olub hər çatana peşəmiz…
Sərgi olmasın deyə bu Mil-Muğan düzləri
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Ali qonaqlar gəlir dünyanın hər yerindən.
Ürək yanır, göz dolur şəhid qəbirlərindən…
Düşünüb daşınıram özlüyümdə dərindən:
İntiqam ala bilməz, qana qan ola bilməz
Məzarları bəzəyən ehtiram çiçəkləri…
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Söhbətlər çözələnir, bir şey görünmür hələ,
Heyətlər təzələnir, bir şey görünmür hələ.
Müddətlər təzələnir, bir şey görünmür hələ.
Açılmır ki, açılmır düyünü bu torpağın.
Qov alışa bilərmi, od saçmasa çaxmağın?
İldırımlardan belə umma bu zərrələri,
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Sülhə qurban kəsərəm, mən də qan istəmirəm!
Təzə-tər qərənfilli xiyaban istəmirəm!
Tükənir səbrim fəqət,sazişlər,
Qətnamələr,bəyanatlar kifayət!
Ziyafətlər kifayət!
Ziyafət dumanında nəzakətlər kifayət!
Yurdsuzlara yurd olan biyaban istəmirəm!
Yellənsin sülh bayrağı!
Bu bayrağa kəm baxan,
Həm baxmayan, həm baxan
Bədgüman istəmirəm!
Sevindirsin milləti qoy sülhün şad xəbəri,
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!!

Süleyman Rüstəm - Ana və poçtalyon

Dörd ay vardı, ananın gözləri yol çəkirdi,
Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi.
Sorurdu: – “Balam hanı?” – Hər cəbhədən gələndən
Ondan xəbər gəlməyir, xəbər gəlir öləndən.
Yerəmi batdı oğlum, göyəmi çıxdı oğlum?
Bəlkə mən yanılmışam, əzəldən yoxdu oğlum?!

El bilir, uşaqlıqdan o naxələf olmayıb.
Ürəyimə damıb ki, oğlum tələf olmayıb…
Səbəb nədir ki, yazmır anaya bircə kağız,
Oğul, oğul, – deməkdən qabar oldu dil, ağız!

Qəlbindəki ilk yara təzəydi, builkiydi;
Onu bu hala salan nübarıydı, ilkiydi.
Qalxırdı yatağından dan yeri söküləndə…
Hər qapı açılanda, hər qapı döyüləndə,
Dikilirdi ananın gözləri bir nöqtəyə.
Sevinirdi: – “Oğlumdan bəlkə məktub var!” – deyə.

Dörd ay vardı, ananın gözləri yol çəkirdi,
Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi.

Tanımayan tapılmaz məhlədə poçtalyonu,
Hamı istərdi onu, hamı sevərdi onu.
Onu tanıyırdılar adamlar addımından,
Bir bayramda çantası dolu gəldiyi zaman.
Anaya şad xəbərlər gətirmişdi vaxtilə,
İndi kağız almayan ana gələrək dilə,
Söylədi poçtalyona bir neçə acı kəlmə:
“Məktub olmasa, bir də sən bu həyətə gəlmə!”
Poçtalyon söz demədi, dilsiz dayanıb durdu,
Elə bil dağ başında onu ildırım vurdu…
Ananın gözlərində sual gördü bir yığın,
Başını yerə dikib dayandı xeyli dalğın.
Sinəsini ötürüb sonra küçəyə çıxdı,
Fikirlər, düşüncələr həssas qəlbini sıxdı.
Deyirdi öz-özünə: “Ananın haqqı vardır,
Geniş dünya oğulsuz onun qəlbinə dardır…”

Dörd ay vardı, ananın gözləri yol çəkirdi,
Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi.
Günlər keçdi… poçtalyon bu həyətə girmədi,
Ana, gözüylə onu çox aradı, görmədi.
Bütün həyətdəkilər öyrənmişdilər ona,
Hamı dedi: “Görəsən nə oldu poçtalyona?!”
Bu qoca poçtalyon da anaya bir dərd oldu;
Yolunu gözləməkdən hər gün gözü dörd oldu.
Heç olmasa poçtalyon bu həyətə gələndə,
Məktub alan qonşular sevinəndə, güləndə,
Oğlunu xatırlayıb sevinirdi ana da –
Sevincindən hamının pay düşürdü ona da.

Ana düşündü: “Bəlkə qəlbini qırdım onun,
Kim bilir nə gəlibdir başına poçtalyonun…
Bəlkə onun da oğlu qanlı döyüşlərdədir,
Kim bilir, bəlkə o da mənimlə bir dərddədir…
Xəstədir, baxan yoxdur bəlkə də poçtalyona,
Evlərini bilsəydim, bir baş çəkərdim ona.
Bundan artıq nə gələr, nə gələr ki, əlimdən?!
Kaş ki o sözlər mənim çıxmayaydı dilimdən!
Məktub gətirməsə də, qoy gəlsin, görək onu,
Sevir bir ana kimi bu dərdli ürək, onu…”
Dərdli ananın artdı indi birə on dərdi,
Bir doğma oğul dərdi, bir də poçtalyon dərdi…

Bir gün küçə qapısı açıldı çox sürətlə,
Qonşular çıxdı evdən təəccüblə, heyrətlə.
Gördülər ki, poçtalyon əlində məktub gəlir,
Elə bil caynağında qartal ov tutub gəlir.
Aldılar bir qırpımda poçtalyonu dövrəyə,
- Məktub kimədir? Söylə, niyə dinmirsən, niyə?
Zilləyib gözlərini ananın gözlərinə,
Poçtalyon qanad taxdı öz şirin sözlərinə:
- Bundan neçə gün əvvəl məndən küsən, inciyən,
“Məktub olmasa, bir də bu evə gəlmə! – deyən
Mərhəmətli, möhtərəm anayadır bu kağız!
Hamı bir səslə dedi: “Gözlərin aydın, ay qız!”
Ana, gözləri yaşlı, ətir saçdı dilindən,
Tez öpdü poçtalyonun məktub verən əlindən…

Rəsul Rza - Bəxtiyar

Külək qarı səpələr, Bəxtiyar!
Ağ geyinib təpələr, Bəxtiyar!
Gecə qara, yol uzaq, qardaşım;
Göylər bulud, çöl-düz ağ, qardaşım.

Kaman çalan kimdir o, Bəxtiyar?
Küləkdi, ya simdir o, Bəxtiyar?
Hənirtini duydumu kəhərin?
Tüfənginə yapışdı əllərin.
Düşmən əli bir, təkcə sən, nə zərər?
Tənlik işarəsidir güllələr!

Gənclik, həyat şirindir, qardaşım;
Vətən qat-qat şirindir, qardaşım.

Ellərimin balası, Bəxtiyar!
Qəlbi vətən qalası, Bəxtiyar!
Qurtarırsa əsgərin gülləsi,
silahıdır qəlbinin kin səsi.

Məhv etdin on yağını, qəhrəman!
Qan sızırdı sənin də yarandan.
Boğazını zabitin gəmirdin.
İradə qüvvətinlə dəmirdin!
Qalib nəğmə səslənir, qardaşım!
Qalibiyyət nəğmədir, qardaşım!
Kaman çalan kimdir o, Bəxtiyar?
Küləkdi ya simdir o, Bəxtiyar?

Adın bu nəğmələrdə - nəqarət!
Dostlar gedir cəbhəyə, rahat yat!

Bax, qızarır üfüqlər, qardaşım!
Bizimdir günəş, zəfər, qardaşım!
Sən qorudun vətəni, Bəxtiyar!
Vətən unutmaz səni, Bəxtiyar!
Bundan sonra fəxr ilə analar
Körpəsinə ad qoyar: Bəxtiyar!

Əhməd Cəmil - Can nənə, bir nağıl de

- Ay nənə, bir nağıl da de!
- Ömrüm-günüm, yat daha,
Hamsını indi desəm, nağıl qalmaz sabaha.
- Can nənə, de birin də.
- Ağrın alım, sözə bax.
Evimizdə səndən savay gör, heç varmı bir oyaq?
Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan;
Taxt üstündə məstan pişik, odur, yatıb bayaqdan.
Ört üstünü, dərdin mənə, bax, eşikdə yel əsir…
- Qar yağırmı?
- Elə yağır… sazaq qılınc tək kəsir…
Belə yağsa, qar sübhəcən yolu-izi örtəcək;
Kirpiklərin lap qovuşub, cırtdan bala, yat görək.

Nənə yığır düyünçəyə iynəsini, sapını,
Külək hərdən taqqıldadır pəncərəni, qapını.
Körpə çəkir təzə, güllü yorğanını üzünə,
Gözlərini yumur… amma yuxu getmir gözünə.

- Ay nənə, o kimdir elə pəncərəni bərk vurur?
- Heç kim deyil, yat, ay bala, yeldir, qarı sovurur...

Bir gizilti duyur uşaq vücudunda bu ara,
Həsrət qonan gözlərini zilləyərək divara,
Çarpayının baş ucunda öz əliylə asdığı
Şəklə baxır, fikrə gedir, qucaqlayıb yastığı…
- Bəs ay nənə, atam indi haradadır, görəsən?!
- Bıy başıma nələr, oğul, yatmayıbsan hələ sən?!
- Axı, nənə, heç demirsən atam haçan gələcək,
İndi onu səngərdə bəs üşütmürmü qar, külək?
- Ömrüm-günüm, körpə quzum, qurban olum adına,
Niyə köks ötürürsən o düşəndə yadına?
Atan yazır: hələ xoşdur bu tərəfdə havalar.
Deyir, oğlum darıxmasın, görüşərik bu bahar.
Bağçalarda çiçək açar gülöyşə nar, yasəmən,
Qaranquşla bir zamanda qayıdaram kəndə mən…
Heç darıxma, dərdin alım, atan gələr, o zaman
Sənə çoxlu nağıl deyər əsgərlikdən, davadan!
Di yat, indi gecə keçir…
- Onda, nənə, ay nənə!
Qoy kəsməyək ağ toğlunu, qalsın atam gələnə.
- Yaxşı, bala, qoy bağlarda çiçək açsın nar, ərik,
Sağlıq olsun, ağ toğlunu atan üçün kəsərik.
Mən eyvana xalı sallam, anan evi bəzəyər,
El qaydası süfrə açar, qohum-qonşumuz gələr.
Sən atanı qucaqlayar, üz-gözündən öpərsən,
Qoca baban saz kökləyib, nağıl deyər sübhəcən…
Körpə güldü… həsrət qonan gözlərindən uçdu qəm,
Öpdü onun xəyalını indi özgə bir aləm;
Qaranquşlar uçub gəldi, açdı çiçək, güldü yaz…
Qucaqladı atasını, sonra kimsə çaldı saz…
Körpə özü hiss etmədən, onu yuxu apardı,
Çöldə isə bütün gecə külək tufan qopardı...

Məmməd Araz - Müharibə olmasa

Əridib silahları
Biz marten sobasında,
Körpü yarada billik
Yerlə Mars arasında,
Müharibə olmasa!

Yer min illik barını
Bircə gündə yetirər,
Alim ayı, ulduzu
Dartıb yerə gətirər,
Müharibə olmasa!

General gözündə də
Bu hissi duyur adam:
“Tullayıb çinlərimi
Bir kənddə sədr olaram,
Müharibə olmasa!”

Bəşərin qapısından
Vaxtsız ölüm gen düşər,
İnsanın saçlarına
Yüz yaşında dən düşər,
Müharibə olmasa!

Sevənlər aləmində
Nə qəm, nə həsrət olar,
Bəşərin gülləsi söz,
Sözü məhəbbət olar
Müharibə olmasa!


Fərhad Mete - Bir şəhərin anatomiyası ; Xocalı

Orada hərşey faciə günün sonrasını xatırladır
Şəhər intihar etmiş, sağ əli ilə Allaha doğru uzalı
sol əli ilə asmış özünü göyün yeddinci qatından
və itələmiş ayağının altından torpağı, qovuşmuş cənnətinə
cənnətdə hər şey donmuş haldadır deyirlər
o şəhərin insanları da bizlərə bənzəməz
qocaların gözləri və əlləri heyrətdən açıq qalmış
sanki qarıları yenidən gəlinlik libası geyinirmiş kimi
axtalanmış kişilər üçün qadınları əkin tarlaları,
döşləri kəsilmiş qadınlar üçün kişiləri süd qardaşları.

insanlar ən çox təhlükə anında doğmalaşırlar
şəhərin körpələri nağıl filmdəki taxta həmyaşıdlarına bənzəyirlər
baxışları canlı, vücudları sərt...
və soruşurlar uşaq sadəlöhvlüyülə:
"biz cənnətin hansı qatındayıq?"

orada itlər də zəncirindən başıaşağı sallanır
göy üzünün quşları da boğulmuş gümüşü sularda
orada hər şey faciə gününün sonrasını xatırladır,
inanmırsınız, gedin baxın...

# 4924 dəfə oxunub

Müəllifin son yazıları

# # #