Cəfər Cabbarlı ilə Səməd Vurğun Onu niyə anlamırdılar?

Cəfər Cabbarlı ilə Səməd Vurğun Onu niyə anlamırdılar?
15 yanvar 2021
# 17:14

Kulis.az filologiya elmləri doktoru, professor Cəlal Qasımovun "Cavid öz qəhrəmanlarını nə üçün uzaq ellərdən və uzaq illərdən seçirdi?" adlı yazısını təqdim edir.

Keçən əsrin 20-ci illərindən ortaya atılan Hüseyn Cavidin qəhrəmanlarının uzaq ellərdən və uzaq illərdən gəlməsi məsələsinə az qala ritorik sual kimi yanaşılıb və de­mək olar ki, cavab axtarılmayıb. Həm də belə bir fikir formalaşdırılıb ki, guya bu ideya Səməd Vurğunun düşüncələrinin məhsuludur. Lakin S.Vurğuna qədər, yəni poetik örnəyə çevrilməyənə qədər həmin fikirlər bu və ya digər dərəcədə ədəbi tənqidin diqqətini cəlb etmişdi. Səməd Vurğun bu fikir və mülahizələri sadəcə poetikləşdirmişdir desək, yanılmarıq.

Nümunələrə fikir verək:

«Əcəba Cavidin hankı bir əsəri yaşadığı mü­hitin, içində dolandığı xalqın, cəmiyyətin, xüsusilə Azərbaycan türk xalqı­n­ın ifadeyi-hal və keyfiyyətidir. Qoy bir nəfər çıxsın və barmağını uza­daraq tərəddüdsüz, Cavidin filan yazısı cəmiyyətimizin ifadeyi-hal və keyfiy­­yətidir, söyləsin. Bunu kimsə deyə bilməz»... «Nə olursa-olsun, hər hal­­da Cavid burada, Azərbaycanda yoxdur»… «Türkiyənin ziyalı olaraq, daha doğrusu, planetlərin birindən əsərləri üçün mövzu arayır. Ona Azə­r­baycan mövzuları əl vermir»… «Cavidin əsərləri mühit və cəmiyyətimizin ifa­deyi-hal və keyfiyyəti deyildir» (C.Cabbarlı).

«Şübhəsiz ki, məmləkətin son hadisələrindən az mütəəssir olan bu ədəbiyyat zümrəsi, təəssüflə deməliyəm ki, kəndisini bitərəf bir cəbhəyə doğru çəkir. İlhamını ya əski Turan istilalarından («Topal Teymur»), ya əski Ərəbistan çöllərindən («Peyğəmbər») alır» (Ə.Nazim).

«Hüseyn Cavid öz ədəbi icadı üçün köhnə mövzular axtarır və öz yaradıcılığı üçün «İblis», «Peyğəmbər», «Şeyx Sənan», «Keçmiş günlər» kimi köhnə mövzuları intixab edir» (Ə.Şərif).

Mustafa Quliyev «Knyaz» əsərinin ədəbi həyata gəlişi münasibəti ilə yazırdı:

«Nəhayət, Azərbaycan şairi Hüseyn Cavid bizim inqilab qatarı­mı­za oturdu… Cavid inqilabi yaşayışımızı həqiqi surətdə təsvir etməyə baş­­lamışdır. Hüseyn Cavid dəli Knyazdan dəli xanlara keçməli, inqilabçı türk həyatını, Azərbaycan əməkçilərinin mübarizəsini təsvirə başl­a­m­alı­dır» (Mustafa Quliyev).

H.Cavid «uzaq mühitlər və mövzular ətrafında dolaşır» (B.Çobanzadə «Az­əri ədəbiyyatının yeni dövrü»).

«Cavid Azərbaycan şairidir. Lakin Azərbaycan həyatından çox az ya­zır» (S.Şamilov “Ədəbiyyat qəzeti”, 27 mart 1937-ci il).

Əkrəm Cəfər 1930-cu ildə Moskvadan yazdığı “Cavidə açıq mək­tub”unda da böyük şairə xitabən “Şeirlərim şeirlərinlə vidalaşdı, gedib girdi­lər komsomola!” - deyərək onu “köhnə şair” adlandırırdı. Burada Əkrəm Cəfərin ağrıları da aydın görünür. O başa düşürdü ki, Cavid əfəndi ilə vidalaşmaq milli düşüncə, milli burjuaziya ilə vidalaşmaq idi. Bu misraların alt qatında şairin sistemə üsyanını, Caviddən ayrılığın tragik-dramatık situasiya olduğunu da aydın görmək olur.

Və nəhayət, Cəməd Vurğunun hamının bildiyi məşhur misraları:

Nədən şeirimizin baş qəhrəmanı
Gah Turandan gəlir, gah da İrandan,
Bəs mənim ölkəmin varlığı hanı?
Böyük bir şairin yazdığı dastan
Gah Turandan gəlir, gah da İrandan.

Cavid əfəndinin əsərlərinin mövzu və süjet xəttinin «gah İrandan, gah da Turan­dan» gələn Hüseyn Cavidi yalnız Azərbaycanda deyil, bütövlükdə türkün için­­də, sözün daha geniş mənasında Şərqdə, hətta Qərbdə axtarmaq laz­ım­­dır. Böyük mütəfəkkiri bu prizmadan dəyərləndirəndə Cavid qə­dər türk ruhuna, türk həyatına və türkün taleyinə yaxın olan sənatkar elə bir də Cavidin özüdür. Bütün bunlar Hüseyn Cavidin Azərbaycanda və azər­bay­canlı olmasına mane olmur, bəlkə də onu daha çox milliləşdirir və azər­­bay­­canlı edir. Cavidin Azərbaycan dramaturgiyasına gətirdiyi ən bö­yük yen­i­liklərdən, ən böyük xidmətlərdən biri də Şərqin və Qərbin Azər­baycan ədəbiy­yatına və dramaturgiyasına daxil olması idi.

Fikrimizcə, Azərbaycan reallıqlarını, Azərbaycan mühitini, 1920-ci il­lər­də gedən ictimai-siyasi prosesləri, həmin cəmiyyətin «ifadeyi-hal və keyfiyyətini» romantik Cavid qədər dəqiq müşahidə və təsvir edən ikinci bir sənətkar olmayıb. Etiraz doğuran o idi ki, Cavid bolşeviklərin diqtə etdiyi sovet reallığını, sovet həyat tərzini təsvir etmirdi. Yuxarıda da deyil­diyi kimi uzaq keçmişdən aldığı «Şeyx Sənan»ı, «Peyğəmbər»i, «Topal Teymur»u ədəbiyyata gətirirdi. Sovet traktoru, sosializm qurucu­lu­ğu, Stalin, Lenin isə kənarda qaldı. Daha doğrusu, cəmiyyət sovetləşsə də, kolxoz­laşsa da, sənayeləşsə də, NEPləşsə də, Leninləşsə də, Stalinləşsə də, Cavid özü kolxozlaşmırdı, sovetləşmirdi, Leninləşmirdi, Stalinləşmir­di…

Cavid Əfəndinin qəhrəmanlarının uzaq ellərdən və uzaq illərdən gəlməsi romantizmin prinsiplərindən, türk romantik ənənələr­in­dən gəlirdi. Unutmaq olmaz ki, Cavid üç mədəniyyətin - İran, Ərəb və Türk mədəniyyətlərinin daşıyıcısıydı. Ona görə də o, türk-müsəlman mədəniyyətini, bəlkə də belə demək daha doğru olar, Şərq və Qərb mədəniy­yəti ilə vəhdətdə təqdim edirdi. Fikrimizcə, ədibin qəhrəman­ları­nın gah İrandan, gah da Turandan gəlməsinin əsas səbəblərindən biri də bu idi.

Cavidin qəhrəmanlarının uzaq ellərdən və uzaq illərdən gəlməsi onu formalaşdıran türk-islam mühitindən qaynaqlanırdı. Digər bir mühüm məqam ondan ibarətdir ki, mütəfəkkir Cavid üçün VƏTƏN içində yaşa­dığın deyil, içində yaşatdığındır. İçində yaşadığın VƏTƏN sərhə­d­dən, içində yaşatdığın VƏTƏN isə milli yaddaşdan başlanır. Cavidi it­tiham edənlər üçün VƏTƏN sərhədin içindəki, Cavid üçün isə həm də çölündəki idi. Deməli, Cavidin ədəbi qəhrəmanları da İrandan və Tu­ran­dan deyil, eyni mənşədən, eyni kökdən, eyni şəcərədən - milli yad­­d­aşdan, doğma diyardan gəlirdi. Məqsəd də bu idi; Cavidin TURAN boyda olan VƏ­TƏN əxlaqını, VƏTƏNÇİLİK düşüncəsini yaddaşdan qoparıb Azə­r­­baycan SSR-in coğrafi hüdudları boyda və biçimdə etmək. Bütün bunlar göstərir ki, Cavid Vətəndən uzaq deyildi, əksinə VƏTƏNƏ, bəlkə də, hamıdan və hər kəsdən daha yaxın idi. Çünki Cavid əfəndi üçün Vətən sözün geniş mənasında Turan, Cavidi ittiham edənlər üçün isə SSRİ idi.

Əslində uzaq ellərdən və uzaq illərdən gələn qəhrəmanlar Cavid əfəndinin turançılıq idealının sistemlləşdirilmiş özünü ifadə forması idi. Yəni o, bununla Turan dövlətinin ədəbi coğrafiyasını, ədəbi xəritəsini cızır­dı. Bəzilərinin köhnə hesab etdiyi bu mövzular mütəfəkkir dramaturqun yad­­­daşdan qaynaqlanan müasirliyi idi. Çünki Cavid «Şeyx Sənan», «Pey­ğəm­­­­bər», «Topal Teymur», «Səyavuş», «Xəyyam» və başqa bu kimi əsər­lər­in­­­də köhnə mövzulara toxunmur, əksinə, türkün dünəni ilə bugunkü ta­ri­xi və taleyi arasında paraleliklər aparır, türkün milli mənəvi əxlaqi də­yər və sərvətlərini müdafiə, eləcə də özünəməxsus şəkildə mühafizə edir­di. Başqa sözlə desək, tarixiliklə müasirliyin vəhdətini yaradırdı.

H.Cavid düşüncə və təfəkkür azadlığını qoruyub saxlayan sənətkar idi. Onun bir çox müasirlərindən ən böyük fərqi də bu idi. Təfəkkür və düşün­cə azad olanda nə əsər, nə də müəllif zaman və məkan tanımır. Elə total sis­tem də məkan və zaman tanımayan sənətkarı və onun əsərini qəbul et­mir, hər ikisini ləkələyib kənara atır. Sistem dəyişəndə isə Cavidlər yeni­dən doğulur və həmişəyaşarlıqlarını təmin edirlər. “İblis - İmperiya dərk ediləndə rədd edilir, Mütəfəkkir – Cavid dərk ediləndə qəbul olunur” tezisi də özünü bu zaman bir daha təsdiq­ləyir. İdarə və iş üsulu totalitarizm olan sosializm bizdən uzaqlaşdıqca Cavidi və Cavidləri bizə yaxınlaşdırır.

No description available.

# 8314 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #