Bu poemaya film çəkilsə, dünyaya səs salar: Əl kirşəsi

Bu poemaya film çəkilsə, dünyaya səs salar: Əl kirşəsi
19 may 2020
# 18:00

Kulis.az şair-publissit Qorxmaz Şıxəlioğlunun şair Kələntər Kələntərlinin "Əl kirşəsi" poeması haqqında yazısını tədim edir.

Lap min adam tərifləsin, yaxud da əksinə-fərq eləməz: mənim kitabla bağlı öz meyarım var. Görəndə ki, elə ilk səhifələrdən oxunmur, məni yerimdən tərpətmir, o kitabı çox böyük səliqə ilə bağlayıb qoyuram qırağa. Bu, istər bizim, istərsə də dünyanın adlı-sanlı yazıçılarına aiddir.


Şair K.Kələntərlinin (bu sözü ürəklə yazıram) “Əl kirşəsi” poemasını radioda Eldost Bayramın səsində dinləmişəm... və sözün yaxşı mənasında, sarsılmışam. Ancaq mən bu mövzuya sonra qayıdacağam. Onu da deyim ki, istər şeiri, istərsə də hekayəni yazılı şəkildə oxuyanda effekti daha çox olur, nəinki efirdən eşidəndə. Şairlərimizin son əlli ildə çap olunan poemalarının əksəriyyətini oxumuşam. Əgər on ən yaxşı poemadan ibarət kitab hazırlasaydım, mütləq ora “Əl kirşəsi”ni daxil edərdim...


Şair Kələntər Kələntərlini, təəssüf ki, ölümündən dörd-beş il əvvəl tanımışam. Əlbəttə, söhbət şəxsi tanışlıqdan gedir, onun ədəbiyyatdakı imzasından yox. Düzü, onu mənə daha çox doğmalaşdıran dünyadan cavan gedən şair Əli Kərim haqqında yazdığı kitab oldu. Birnəfəsə yazılmış bu kitabdan öyrəndim ki, Kələntər müəllim və unudulmaz Əli Kərim yaxın dost olublar. Çox sevdiyim və az qala əzbər bildiyim Əli Kərim kimi nəcib bir ürək sahibi (bunu onun şeirləri deyir), yəqin ki, hər adamla sözünü, sirrini bölüşməzdi. K. Kələntərli ilə tanış olanda gördüm ki, bu adam elə şeirlərinə oxşayır, yəni çox təbii və səmimidir. Onun bu xüsusiyyəti, bəlkə də daha çox doğulub boya-başa çatdığı yerlərin təbiəti ilə bağlıydı. Demirəm ki, bu, yüzə yüz həqiqətdir. Hər halda bu faktın onun xarakterindəki rolu danılmazdır. Qusarda, Şahdağın ətəyindəki Sudur kəndində dünyaya gələn K. Kələntərli gözünü açıb dağ, qaya, qartal, meşə, bulaq, ən başlıcası dağlar qoynunda keçən çətin həyatı, bir tikə çörəyi daşdan çıxan halal insanları görüb. Torpaqla əlləşən, ruzisini torpaqdan çıxaran insan isə, illər keçdikcə, yavaş-yavaş elə torpağa oxşayır-vəfalı, zəhməti itirməyən, heç vaxt simasını dəyişməyən, halallığı sevən...və yeriyən bir parça torpağa. K.Kələntərli də məhz belə bir mühitdə böyüyüb. Üstəlik, uşaqlığı da ağır müharibə illərinə düşüb. Söhbət 1941-45 –ci illərin müharibəsindən gedir. Kiçik yaşlarından atasını itirib. Gəl bütün bunlardan sonra pis adam, ya da pis şair ol. Mümkünsüz işdir.


Kələntər müəllimin heç bir titulu olmayıb. Və özü də buna can atmayıb. Gücünü sözə verib. Bir çoxları kimi radioya, televiziyaya, yəni reklama aludə olmayıb. Siyasətdən, şöhrətdən uzaq yaşayan, ömrü-günü əkin-biçində keçən kənd adamı kimi başını aşağı salıb öz işi ilə məşğul olub. İyirmiyə yaxın kitab yazması da bu həqiqətdən xəbər verir.


Kələntər müəllimlə gec tanış oldum, ancaq tez dostlaşdıq. Ömrünün son aylarında xəstə yatanda iki dəfə yanına getdim. Axırıncı görüşümüzü indi də yaxşı xatırlayıram.


Bir gün iş yoldaşım, şair Tahir Talıblı dedi ki, gəl, sabah işdən sonra gedib Kələntər müəllimə baş çəkək. Kələntər müəllim Masazırda qalırdı. Özü də tək. Həmkəndlisi, jurnalist Etibar Sturvinin təza binada aldığı evdə. Mən biləni, Kələntər müəllimin bir oğlu vardı, o da Polşada yaşayırdı. Yüngül bazarlıq elədik, özümüzə araq, Kələntər müəllimə də bir yaxşı çaxır aldıq. Onun içkiylə bağlı sıx təmasından xəbərimiz var idi...


Demə, o, Qubada Pedaqoji Texnikumda oxuyanda Səməd Vurğunla görüşübmüş. Sonra Kələntər müəllim Osman Sarıvəllinin ona göstərdiyi xeyirxahlıqdan, Əli Kərimlə dostluğundan danışdı. Çaxır azaldıqca onun söhbətinin ləzzəti artırdı. Bu işdə, təbii ki, mən də Tahirlə ona paralel şəkildə lazımi dəstək verirdik. Dağ cüssəli Kələntər müəllimin rəngi qızarmışdı. “İndi əsl ləzgiyə oxşayırsan”- arada onunla zarafatlaşırdıq. Mən Kələntər müəllimin solunda oturmuşdum. Əlimdəki qədəhi yerə qoyan kimi, o, anındaca bərk-bərk sol biləyimi tuturdu. Bu hal iki-üç dəfə təkrarlandı. Axırı soruşası oldum: “Biləyimi niyə tutursan?” Üzünə kədərli bir ifadə çökdü: “Elə bilirəm indi durub gedəcəksiz, istəyirəm bir az çox oturasız.” Düzü, çox pis oldum. İndi də Kələntər müəllimin o sözləri, o qəmli baxışları yadımdan çıxmır...
2012-ci il noyabrın 21-də dünyasını dəyişdi. Ertəsi gün onu öz vəsiyyətinə görə, Sudurun qonşuluğundakı-anasının dəfn edildiyi Kuzun kəndində torpağa tapşırdıq...


İndi də K.Kələntərlidən harada söz düşürsə, o axşamı xatırlayıram. Yadımdadır, qəbiristanlıqdan çıxanda toran düşürdü. Yaxındakı dağlar ala-tala qar idi...

Qar dedim, yadıma Kələntər müəllim ilə bağlı bir əhvalat düşdü. Qusara Az Tv – dən çəkilişə getmişdik. Harada gecələməyimiz ilə bağlı çətinlik yarandı. Qusardan olan dostlarım bir-bir gəlib gözümün qabağından keçdi. Fikirləşdim ki, Kələntər müəllimə zəng eləsəm, yaxşı olar. Telefonda hal-əhval tutandan sonra vəziyyəti ona söylədim. Qısa deyim: yarım saatdan sonra “Prado” maşınlı bir cavab oğlan yanımızda peyda oldu. Çox böyük hörmət-izzət, şirin söhbət, isti məclis, çöldə də soyuq hava... Bu cavan oğlan söhbətimin əvvəlində xatırladığım Etibar Sturvi idi. O, Moskvada təhsil almışdı. Sonralar rejissor dostum Vəli Səyyadi ilə Bakıda Etibarla görüşdük, çay içdik, dostlaşdıq. “Əl kirşəsi”nin əlyazmasını Etibar, səhf eləmirəmsə, onda verdi mənə. İndi də arxivimdədir.


İndi keçək həmin “Əl kirşəsi”nə.

...Adamın iliyini kəsən şaxtalı bir qış günündə İlix auluna hay düşür ki, Səfərxan kişinin xanım-xatın Gülsənəmi can üstündədir. Müharibənin ağır nəfəsi bu aulu da susuz dəyirmana çevirib. Bütün başıpapaqlılar, o cümlədən Səfərxan kişinin beş oğlu da müharibəyə gedib. Aulda dərman yox, həkim yox. Bir vaxtlar qaya qaşına dağkəlini çiynində qaldıran, qurdun başına çomağı endirib qoyunu ağzından saldıran Səfərxan kişinin yetmiş yaşı var. Daha o gücü yoxdur. Ancaq o, bununla barışmır, qeyrət onu içindən boğur. Yox, Səfərxan kişi ölüm mələyinin üstünə qanad gərdiyi vəfalı Gülsənəminə etibarsız ola bilməz, onu xilas etmək üçün ölümə də hazırdı (Poemanın adamı kövrəldən bu hissəsi “Koroğlunun qocalığı” boyunu xatırladır). Səfərxan kişi belə qarlı-çovğunlu gündə ömür-gün yoldaşı Gülsənəmi dağların o üzünə, birgünlük yolu olan Düz Tahirliyə həkimə aparmağı qərarlaşdırır... Bəs necə, nə ilə aparsın? Aulda bir at, ya da bir öküz yoxdur. Çünki müharibə aulun təkcə əli silah tutanlarını deyil, atı, öküzü də aparıb. Hər şey müharibə üçün tədarük edilib...

Kələntər Kələntərli — Vikipediya


Məsələ ondadır ki, Kələntər müəllim müharibənin ağır günlərini yaşamışdı. Atasını da tez itirmişdi. Doğulduğu Sudura dünyanın düz vaxtı getmək olmurdu, o ki qaldı müharibə illərində. Mən özüm sonralar Sudura gedəndə, bu kəndin keçilməz yollarını görəndə dəhşətə gəlmişdim. Elə onda fikirləşirdim ki, bu yolun əzab-əziyyətini görən adam ən azı Kələntər müəllim kimi olmalıdır. Əslində, mən bu poemaya qulaq asanda Səfərxan kişinin yerində Kələntər müəllimi görürdüm.

...Səfərxan İlixin dəli-dolu cavanlarındandır.Yay aylarında Şahdağın ətəyindəki aulların camaatı da mal-qarası, qoyun-quzusu ilə Səlibir yaylağına qalxır. Səfərxan yaylaqda binələrə yaxın dağ cığırında ildırım səsindən və şıdırğı yağışdan daldalanmağa yer axtaran Gülsənəmlə rastlaşır. O, yaylağa gələn ilk günlərdə bulaq başında gördüyü bu qıza biganə deyildi. Qonşu Sudur aulundan olan Gülsənəm də Gülsənəm idi haa...


Bir anlıq dayansa qabaq-qabağa,
Qəlbinə od salar daş qəlbli daşın.
Sallana-sallana gəlmişdi dağa,
Ərköyün bacısı yeddi qardaşın.

Kim istər tuş gəlsin qəlbi qəməyə,
Buna ürək edər hansı bir ürək?
Ona yaxınlaşıb bir söz deməyə,
Şiri boğazlayan bir oğul gərək.

Bəli, Allahın göndərdiyi bu şıdırğı yağış onları beləcə tapışdırır. Bu təsadüfi və qısa tanışlıq iki ləzgi gəncin arasında əbədi əhd-peymana çevrilir. Lakin onların bir-birinə qovuşmasını mümkünsüz edən bir iş var - Gülsənəmgilin nəsli Səfərxangillə qan düşmənidir. Səfərxanın atası oğlunu bu sevdadan daşındırmağa çalışır. Ancaq ata görür ki, oğlu da inadkarlıqda ona çəkib. Elə bu arada Gülsənəmgilə öz aullarından - Sudurdan elçilər gəlir. Bir dünya min ola, Səfərxan könül verdiyi Gülsənəmdən əl çəkərmi? Qısa yazıram: bir axşam Səfərxan sevgilisini kəhər atının tərkinə alıb qaçırdır. Bu xəbəri eşidən yeddi qardaş silahlanıb İlixə - Səfərxanın üstünə gəlirlər. İş “ölüm-olum”a qalxır. Səfərxanın gözündə ölüm qorxusu nə gəzirdi ki! Gülsənəmin məhəbbəti ölüm qorxusunu çoxdan ayaq altına qoymuşdu. Səfərxan qardaşların qabağına çıxır...

...İki sevən gənc, nəhayət ki, bir-birinə qovuşur.
...Dağlar qoynunda-İlix aulunda xoşbəxt bir ömür sürməyə başlayırlar.
...Onların beş oğlu, üç qızı dünyaya gəlir.
...Və müharibə.

...Tale yenə Səfərxan kişini sınağa çəkir. O, Gülsənəmi Düz Tahirliyə aparmaq üçün yol arayır. Halı özündə olmayan Gülsənəmi yorğana və kürkə bürüyüb əl kirşəsinə uzadır. Qarşıda isə qarlı aşırımlardan və zülmət gecədən keçən ağır bir yol var. O, qoşalülə tüfəngini və zağlı xəncərini də götürməyi unutmur. Müharibənin süpürgə çəkdiyi, bircə atın, öküzün qalmadığı İlixdə ümid təkcə əl kirşəsinə qalır. O, özünü kirşəyə qoşur və yola çıxır. Hər tərəf qar... Şaxtalı külək adamın iliyini kəsir. Yol uzandıqca kirşəni çəkmək daha da çətinləşir. Səfərxan kişi heydən düşsə də, dayanmaq haqda düşünmür. Çünki Gülsənəm getdikcə lap halsızlaşır. Bir yandan da qaranlıq düşməyə başlayır. Birdən Səfərxan kişi görür ki, qarşıda yola qoşa-qoşa qurdlar çıxır.

Poemanın bu yerində adamın nəfəsi tıncıxır.

Burada bir haşiyə çıxım. Bu poemanı əlyazma şəklində mənə Etibar Sturvi vermişdi və demişdi ki, bu əsər heç yerdə çap olunmayıb. Onda ha fikirləşdim ki, görəsən, Kələntər müəllim bu poemanı niyə çap elətdirməyib? Əslində, hər şairin, yazıçının arxivində çap olunmamış əsərlər var. Onları niyə kitablarına salmadığı bircə onların özlərinə məlumdur. Mən bu cür gözəl əsərin işıq üzü görməməsinə heyfsləndim. Bu haqda təsadüfən Az TV-nin Radio üzrə sədr müavini, dostum Cavanşir Cahangirovdan öyrəndim ki, bu əsər radiokompozisiya şəklində “Qızıl Fond”da var. Onda bir az sakitləşdim.

İndi isə, qayıdaq nəfəsimi tıncıxdıran həmin məqama.

Səfərxan kişinin bir gözü qurdlarda, bir gözü Gülsənəmdədir. Qurdlar isə, onlardan əl çəkmir, addım-addım kirşəni izləyirlər. Bütün bunlardan isə, qızdırma içində yatan Gülsənəmin xəbəri yoxdur. Beş nər kimi oğlu faşistlərlə döyüşdə, özü də axşamın qaranlığında bu kafirlərlə üz-üzə. Evdən çıxanda ehtiyat götürdüyü kibriti çıxardıb dənə-dənə yandıraraq qurdların üstünə atmaqla onları qorxutmaq istəyir. Yırtıcılar bir az dala çəkilir. Ancaq o, bir qədər uzaqlaşmamış görür ki, qurdlar yenə onun arxasınca gəlir.

Şahı tanımayan, xana baxmayan,
Yolun solu qaya, sağı uçurum.
Dovşan ürəklini sağ buraxmayan,
Gələnə-gedənə yağı uçurum

Ayıbasanı da qorxudan bu yer,
Hansı heyvan ilə durmayıb qəsdə?
Bircə Allah bilir ordan nə qədər
Dağkəlləri gedib kəlləsi üstdə.


Qurdlar Səfərxan kişini adamın bağrını yaran belə bir sıldırımın yaxasında təzədən haqlayırlar.

Beş addım irəli ata bilməmiş
Yoxuşun dibinə çata bilməmiş,
İbnəsi tutuldu o kafirlərin
Birdən işə düşdü dal ayaqları,
Bəyaz örtüyünü qaldırdı yerin
Kirşənin üstünə püskürtdü qarı...


Qurdlar onu mühasirəyə alır. Səfərxan kişi belə qarlı-şaxtalı gecədə qan tökmək istəmir, Çünki onun ürəyinin dərinliyində qurdlara bir hörmət hissi var. Ancaq necə deyərlər, Allah çarəsini kəsir və çiynindəki qoşalüləyə əl atası olur... Səfərxan kişi yenə özünü kirşəyə qoşur. Gülsənəmi Düz Tahirliyə çatdırmaq lazımdır.


Yaxında nur çökür qaya qaşına,
Uzaqda qara da zər qarışırdı.
Təngnəfəs çatanda mənzil başına
Dan yeri təzəcə ağarışırdı.
Bu, poemanın sonuncu bəndidir.


Vallah, mən ədəbiyyatşünas deyiləm, əsəri təhlil edə bilmirəm. Ancaq poemadakı bu səhnə adamın iç dünyasını lərzəyə gətirir. Bir sürü yırtıcının qabağından geri çəkilməyən, Gülsənəminin yolunda ölümün üstünə yeriyən Səfərxanın cəsarətinə, qorxmazlığına heyran olursan. Və düşünürsən ki, bu dağlara vüqar verən, insanı uca göstərən, bu torpağı vətən edən səfərxanlar olub. Məhəbbətin gücünü, insan yenilməzliyini bu qədər canlı, inandırıcı, parlaq bədii boyalarla təsvir edən şairin poetik istedadına “Əhsən!” deyirsən...

Nə vaxtsa, hansı rejissorsa bu əsəri ssenariləşdirib film çəksə, inanıram ki, o film dünyaya səs salacaq.


Ara-sıra Kələntər müəllim, daha çox da onun “Əl kirşəsi” yadıma düşür. Hər dəfə də fikirləşirəm ki, min fikir bir borcu ödəmir. Onu da fikirləşirəm ki, bu poemanın çap edilməsi Kələntər müəllimin qarşısında bir yazı-pozu adamı kimi mənim mənəvi borcumdur. Xəyalımda Səfərxan kişi, bir az əvvəl dediyim kimi, elə Kələntər müəllimə oxşayır. Səfərxan kişi əl kirşəsini min bir əziyyətlə gətirib mənzil başına çatdırır. İndi isə qalır bircə “Əl kirşə”si poemasını da mənzil başına çatdırmaq.


P.S. Onu da deyim ki, Kələntər müəllimin ölümündən iki il sonra Etibar Sturvi məni dostlarımla Sudura qonaq apardı. Sudurun yanından coşqun çay axır. Üzü kəndə doğru gedəndə sağ tərəf başdan-başa sıldırım qayalıqlardı, elə bil hamısını əllə yonublar. İki saat Sudurda olduq. Kələntər müəllimin doğulub boya-başa çatdığı kəndin küçələrini, evlərini onun gözləri ilə seyr etdik və onun ruhuna rəhmət oxuduq.


Yol boyu Kələntər müəllim gözümün qabağından getmirdi. O, mənimlə görüşəndə adımdakı “o” hərfini “u” kimi deyərdi. Və bu da mənə ləzzət eləyərdi. Əslində, onun dilində “o” hərfi yox idi. İndi mənim şair dostum sağ olsaydı və bu yazını oxusaydı, yəqin ki, deyəcəkdi: “Qurxmaz, məni çux tərifləmisən.” Ancaq, əziz oxucu, bu poemanı oxuyanda görəcəksən ki, mən şair Kələntər Kələntərlinin layiq olduğu tərifli sözlərin heç ondan birini də yazmamışam.

# 3662 dəfə oxunub

Müəllifin son yazıları

# # #