Barat Şəkinskayaya eşq elan etdi, atası onu evdən qovdu, 35 yaşında güllələdilər – Əməkdar artistin faciəvi həyatı

Barat Şəkinskayaya eşq elan etdi, atası onu evdən qovdu, 35 yaşında güllələdilər – Əməkdar artistin faciəvi həyatı
18 may 2021
# 12:24

Kulis.az Əməkdar artist Ülvi Rəcəb haqqında maraqlı faktları təqdim edir.

Ülvi Rəcəb Molla oğlu Şaşıqzadə 1903-cü ilin yanvarında Batumi yaxınlığındakı Canivri kəndində anadan olub. Milliyyətcə acar olan Ülvi Rəcəbin babası Əhməd bəy keçmiş Suxumi knyazları nəslindən idi. Belə ki, Əhməd bəy evlənəndən sonra ailəsini də götürüb Batumiyə köçür və o, Canivri kəndində yaşamağa başlayır. Əhməd bəyin beş oğlu olub.

***

Onun atası Rəcəb bəy digər qardaşlarından fərqli olaraq, Avropa mədəniyyəti ilə tanışlığa can atıb. Rəcəb bəy bütün Avropanı gəzdiyindən, onun Avropa haqqına söhbətləri Ülvinin dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdı.

Ülvigil ailədə beş uşaq olub. Naziyə, İzzət, Altun, Ülvi və Nevrestan. Ülvi Rəcəb yetkinlik yaşına çatanda xalası Səbriyyə ilə İstanbula gedir. O, İstanbulda üç ay qaldıqdan sonra evlərinə qayıtmaq, sonra təhsilə başlamağı planlaşdırsa da, birinci dünya müharibəsi başlayır və o, geri qayıda bilmir. Buna baxmayaraq, Ülvi Rəcəb xalasının maddi dəstəyi ilə təhsil həyatına başlayır. Lakin bir il keçmiş xalasının pulu qurtarır və Ülvi təhsilini yarımçıq qoyaraq işləməyə başlayır. Elə həmin ərəfədə xalası xəstələnib dünyasını dəyişir. Müharibə qurtardıqdan sonra ailəsi Ülvini tapıb ona pul göndərir və tezliklə o, Batumiyə qayıdır.

***

1918-ci ildə Hüseyn Ərəblinskinin iştirakı ilə "Tağıyev teatrının truppası" Batumidə qastrolda olur. Qastrol tamaşaları Dəmir Teatrın və "Artistlər cəmiyyəti"nin səhnəsində gedir. Ülvi Hüseyn Ərəblinskinin ifa etdiyi Otello obrazını görəndən sonra teatra bağlanır. O, Azərbaycandan gəlmiş aktyorlarla yaxından tanış olur. Onların göstərdikləri bir heçə tamaşada epizodik rolları oynayır. Gənc teatr həvəskarı hətta "Arşın mal alan" operettasında, xəstələnən aktyorun əvəzinə, Soltan bəy rolunda səhnəyə çıxır. Lakin gənc aktyorun teatrla maraqlanması atasının xoşuna gəlmir. Ülvi isə atasından gizli həvəskarlarla tamaşaların hazırlanmasında iştirak edir.

***

1919-cu ildə Ülvi Rəcəb artıq aktyor kimi tanınır. Onun teatr şöhrəti oğlunun aktyor olmasını istəməyən atasının qulağına çatır. Bərk qəzəblənən Rəcəb Şaşıqzadə oğlunu evdən qovur. Bu hadisə aktyora çox ağır təsir edir, lakin o, teatrdan imtina etmir. Qalmağa yeri olmadığından teatr tamaşaları göstərilən binada yaşamağa başlayır.

1919-cu ilin ortalarında aktyorun 80 yaşlı atası dünyasını dəyişir. 1920-ci ilin əvvəllərində Batumi teatrı Ülvini daimi işə dəvət edir. Ülvi Rəcəb çoxlu və müxtəlif rollar ifa etmək istəyirdi. Lakin repertuarın yekrəngliyi və teatr rəhbərliyinin təşəbbüssüzlüyü aktyorda narazılıq yaradır. Elə buna görə də aktyor yaşadığı şəhəri tərk etməli olur.

***

Batum teatrının aktyoru kimi o, 1922-ci ildə həmin teatr kollektivi ilə Tiflisdə qastrol səfərində olur. Rustaveli teatrında cəmi iki tamaşa oynayan kollektiv qastrol pis təşkil olunduğuna görə səfəri yarımçıq saxlayıb, geri qayıtmaq məcburiyyətində qalırlar. Lakin Ülvi Rəcəb teatrla üzülüşüb Tiflisdə qalır. Ertəsi gün o, Tiflis-Azərbaycan Teatrının müdiriyyətinə ərizə verib, truppaya qəbul edilməsini xahiş edir. Aktyorun xahişi təmin olunur və onu truppaya qəbul edirlər. 1922-ci ildə aktyor Tiflisə köçür. O, burada Tiflis Azərbaycan Teatrının yaradıcılarından İbrahim İsfahanlı ilə tanış olur. "Ölülər", "Dağılan tifaq", "Aydın" tamaşalarında iştirak edir.

***

Ülvi Rəcəb Bakıya gələndən sonra dövrünün ən məşhur aktrisalarından biri olan Mərziyyə Davudova ilə tanış olur. Aktrisa həmin ərəfədə həyat yoldaşı Abbas Mirzə Şərifzadədən yenicə boşanmışdı. Ülvi ilə aktrisa qısa zamanda bir-birlərinə bağlanıb ailə qururlar. Bu evlilikdən onların Rauf adlı oğlu dünyaya gəlir.

Ülvi Rəcəb Hüseyn Cavidin "Səyavuş" əsərində Səyavuş rolunu ifa edir.
1924-cü ilin yayında Tiflis Azərbaycan Teatrının baş rejissoru Aleksandr Tuqanov hökumətin dəvətilə Bakıya, Milli Dram Teatrına çağırılır. Ülvi Rəcəbin istedad və yaradıcılıq imkanlarına böyük ümid bəsləyən Tuqanov onu da Bakıya dəvət edir. Ülvi 1925-ci ildən Milli Dram Teatrında işləməyə başlayır. Tezliklə Ülvi Rəcəb teatrın aparıcı aktyoru Abbasmirzə Şərifzadə ilə dublyor olur.

***

Deyilənə görə Ülvi Rəcəb tərəf müqabili olduğu aktrisa Xalq artisti Barat Şəkinskayanı sevib. Hətta bu barədə Ülvi Rəcəbin qardaşı olğu “Uzaq sahillərdə” filmində Mixaylo obrazı ilə məşhurlaşan Nodar Şaşıqoğlunun da xatirələri olub. Belə ki, hər dəfə Bakıya gəlişində Barat xanımla görüşə can atan Nodar bəy bir dəfə özünü saxlaya bilməyib, Barat xanımı sevdiyini aktrisaya etiraf edib. Barat Şəkinskaya isə gülümsəyərək deyib: "Nodar, eyni sözləri əmin Ülvi də mənə deyib".

***

Konstantin Trenyovun "Düşmənlər" əsərindəki Mixail Yarovay obrazı, Hüseyn Cavidin "Səyavuş" əsərindəki Səyavuş obrazı, Aleksandr Korneyçukun "Polad Qartal" əsərindəki Polad Qartal obrazı, Cəfər Cabbarlının "Yaşar" əsərindəki Yaşar obrazı aktyorun ifa etdiyi qəhrəman obrazlarıdır. Həmçinin Vilyam Şekspirin "Hamlet" və "Otello" əsərlərində Hamlet və Otello, Hüseyn Cavidin "Knyaz"ında Anton, Mirzə Cəlil Məmmədquluzadənin "Ölülər"ində İsgəndər, Cəfər Cabbarlının "Od gəlini"ndə Elxan obrazı aktyorun yaratdığı faciə qəhrəmanlarıdır.

"Hamlet" tamaşası qurtardıqdan sonra, Gürcüstanın görkəmli artistləri, tənqidçiləri Ülvinin qrim otağına girib, onun əlini sıxdılar, müvəffəqiyyətinə görə onu təbrik etdilər. Rustaveli teatrının bədii rəhbəri Sandro Axmeteli onu qucaqlayıb öpür, gördüklərinin onu heyran etdiyini söyləyir. Axmeteli Ülviyə Rustaveli teatrına keçməyi təklif etdi. Ancaq Ülvi təşəkkür eləyib bu teatrdan kənarda yaşamağı ağlına belə sığışdıra bilmədiyini deyir.

***

Cavid əsərlərinin qəhrəmanlarını ən yüksək səviyyədə yaradan aktyorlardan biri 23 yaşlı Ülvi Rəcəb olub. Ülvi Rəcəb teatr sənətindəki xidmətlərinə görə 25 aprel 1933-cü ildə, 30 yaşında "Əməkdar artist" fəxri adına layiq görülüb.

"Həyat" tamaşasında oynadığı Süleyman rolu Ülvi Rəcəbin Akademik Teatrda ifa etdiyi son rol olur. "Kommunist" qəzetinin 30 sentyabr 1937-ci il sayında Azərbaycan Dövlət Dram Teatrı və Ülvi haqqında imzasız bir məqalə dərc olunur. Məqalədə yazılır:

“Azərbaycan Dövlət Dram Teatrını burjua nasionalistlərinin əlaltılarından təmizləməlidir. Yaradıcılığı bir qəpiyə dəyməyən bu adam... respublikanın əməkdar artisti kimi şərəfli bir ada "nail" olmuşdur. O, xalq düşmənləri R. Axundov, Ə. Triniç, H. Nəzərli ilə sıx əlaqə saxlamış, xarici reksion qəzetlər oxumuş, patifonda xarici plastinkalar çaldırmış, məişətcə pozulmuş, səhnəmizi Osmanlı, ərəb və fars sözləri ilə zibilləməyə çalışmış, gənc kadrların inkişafına mane olmuşdur”.

***

Beləliklə, Ülvi Rəcəb 1938-ci ilin 9 yanvarı "Vətən xaini" damğası ilə həbs edilir və həmin ilin yanvarında Bakıda güllələnir. O, yalnız 1956-cı ildə bəraət alır.

# 7122 dəfə oxunub

Müəllifin son yazıları

# # #