Azərbaycanlı şair Türkiyədəki yanğına şeir yazdı – Mətn

Azərbaycanlı şair Türkiyədəki yanğına şeir yazdı – Mətn
4 avqust 2021
# 11:12

Kulis.az “Günün şeiri” layihəsindən şair Rafiq Yusifoğlunun Türkiyədəki yanğınlara həsr etdiyi “Dünya od tutub yanır” şeirini təqdim edir.

Qara-qara buludlar pərdə çəkib günəşə
Ağaclar kömür olub, göynəyir yerim, göyüm
Dünya od tutub yanır, tüstü dirənib ərşə
Anamız yer kürəsi göynəyir göyüm-göyüm

Burnundan o tərəfi görə bilməyən xəbis
Cəhənnəmə döndərib bizim yer kürəsini
Dünyaya, insanlığa qənim kəsilən iblis
Yamyaşıl ormanların qaraldıb nəfəsini

Qırx gün də bəs eləmir bəzən heç qudurana
Külək kimi dörd yana əsənə nə deyəsən?
Su içdiyi çeşmənin gözünü batırana
Oturduğu budağı kəsənə nə deyəsən?

Yer bezib nadanların fitnəsindən, felindən
Yanğınlar bir yazığın qaçırıb yuxusunu
Qoynunda yer verdiyi naxələflər əlindən
Bilmir ki, necə çəkib qurtarsın yaxasını

Arzular zoqquldayır könlümün yarasında
Dost sandım düşmənimi – günahkaram, nə danım?
Öz evi kül olmazmı alovlar arasında
Özgənin komasına kibrit çəkən nadanın?

İçim od tutub yanır, ürəyim qaynar ocaq
Dincliyim olmayacaq alov sönənə qədər
Deyəsən, bu iblislər rahatlıq tapmayacaq
Anamız yer kürəsi külə dönənə qədər

Günəş cazibəsində qolları bağlı dünya
Qırıb zəncirlərini uçmağa məqam gəzir
Naxələf insanların əlindən dağlı dünya
Öz başını götürüb qaçmağa məqam gəzir

Vicdanlar su içində mürgüləyir rahatca
Niyə qənim kəsilib bu nadanlar bəşərə
Cəhənnəm alovundan günahkar çətin qaça
Dünya od tutub yanır, nə qaldı ki, Məhşərə?

# 2925 dəfə oxunub

Müəllifin son yazıları

# # #