Ayağımdan su içər yollar - Allahşükür Ağadan yeni şeirlər

Ayağımdan su içər yollar - Allahşükür Ağadan yeni şeirlər
20 aprel 2020
# 18:04

Kulis.az Allahşükür Ağanın yeni şeirlərini təqdim edir.

Boş qayıq

Boş qayıq dingildəyir
Bapbalaca dalğaların üstündə.
Sanki boş qayıq qonşu uşağıdır
Əsir qalıb başqa məhəllənin
Uşaqlarının əlində.

Böyük gəmilər gedəndən sonra
Balaca qayıq
Çıxdı irəli.
Külək üfürdü üstünə
Gah nəhəng dalğaları,
Gah da kiçik ləpələri.

Dalğalar dəcəl uşaqlar kimi
Qayığa minmək istəyirdi,
Elə bilirdilər balıq var orda-
Qayığın içində.
Dalğalar xilas etmək istəyirdi
Balığı,
Ona görə dartışdırırdılar
Yüz yerdən qayığı.
işə bax dəniz də xilas etmək istəyir
Nəyisə...

Dünyanın o biri üzü

Durub avtobus dayanacağında
Fikirləşirəm,
Burada bir adam ölüb deyirəm -
Dəfn olunub o daşda.
Düşən o sarı yarpaqda.
Yerdə adam üzü görürəm,
Çöpdə adam gözü görürəm.
Baxıram adamlara,
Üzlərində adam ölüb.
Maşınların təkərində kimsə ölür,
Kimsə qışqırır,
Kimsə yalvarır.
Nə qara görürəm
Dünyanın o biri üzünü.
Tez gözümü qırpıram,
Hər yerdə nərgizlər göyərir.

Dənizçi paltarı

Əgər dənizçi geyinib paltarını
Əlcəyini taxdısa əlinə,
Kəmərini belinə bərk-bərk bağladısa,
Üst-başını tamam yoxladısa,
Yaddan çıxan heç nə qalmayıb ki... Dedisə,
Tufan qopsa
Boğulsa, xilası çətin olar.

Əgər qalmış olsaydı sahildə bir paltarı
Onu elə çağırardı...
İt kimi quduz dalğaları
Üzüb-üzüb gələrdi
o paltarı geyməyə.

Son adam

Bu yollar da fikir kimi,
Min yola ayrılıb gedir.
Hər yol bir evə vurular,
Yol adam - nə qəribədir?

Ayağımdan su içər yol,
Yol nişanı bir dənədir.
Yollar hey vurar qapıya,
Qol adam - nə qəribədir?

Yollar qalxar, atar, tutar,
Bu yolların sonu qəbir.
Burdan o yana iz düşməz.
Son adam – nə qəribədir?

Buxarı

Bir çölün düzündə
Bir stol qoyub oturasan.
Hər yer saman sarısı ola
Gəlib gözünə dola.

Qarışqalar gəlib çıxa ayaqlarına,
Ordan da üzü yuxarı,
Sən də boylanasan
Lap yuxarı.
Köhnə evlərdəki kimi
Buxarı olasan.
İçindəki hirsini, hisini
Çıxardasan.

Təzə biçilmiş yoncanın ətri,
Köhnə arabanın cırıltısı,
Uzaqda hürən itlərin
Tək-tük akkortları,
Çoban atlarının kişnərtiləri
Səni qaldıra başına.

Buxarı kimi
Özün çıxasan
Özündən.

Parta üstündəki yazılar


Parta üstə yazılar
Uşaqlardan düşüb qalıb
Yaddan çıxmış qələm kimi.

Xadimə qadın sildikcə partaları
Gülümsəyir.
“Sevirəm” sözünə o qədər əyilir,
Elə bil ki baş əyir.

Partalar yazılıdı,
Yazılarda səs donub.
Hər yazının üstünə
körpə təbəssüm qonub.

Şeir dəftəridir partanın üstü,
Məni dərd-xəyal alıb.
Yazıları oxuya-oxuya
Xadimə cavan qalıb.

Xoşbəxtlik

Könlüm deyir ki,
Bir saman qoxusu olsa,
Burnunun ucuna tutub
Xoşbəxtlik iskiri kimi
Yaşamaq olar.

Könlüm deyir ki,
Dükanın qabağında çömələn pişiyin
Xoşbəxtliyini düşünə bilsən,
Bütün bazarı
Evinə daşımaq olar.

İndi evə əli dolu gedirəm,
Bu gün bir uşağın atasının əlindən tutub
Atıla-atıla getdiyini görmüşəm.
Gözlərim bu xoşbəxtliyi gördüyünə görə
Allaha min dəfə şükür eləmişəm.
Düşünürəm elə beləcə də yatacam,
Uşaqlarım üzümdə
Həmin uşağı görüb sevinəcəklər
Bugünlük bəsimdi...

Xəbərin varmı?

Xəbərin varmı,
Buludlar əvvəl külək olublar,
Küləklər də min il əvvəl ürək imiş.
Ürəyi küləyə döndərən qızlar,
Sonra da dönük çıxıblar
sevdiklərinə.
Küləklər min ildi əsir,
Buludlar min ildi yağır.

İndi sən küləyi saxlaya
bilərsənmi
Saçında,
Barmağının ucunda?
İnanıram saxlayarsan
Körpənin əlindən
Tutduğun vaxt,
Ya da belə,
Zivədən düşən uşaq corabı
özgə həyətə uçmasın deyə
külək dayanar,
Tək corabın xətrinə.
Axı o corabı sən asmışdın
zivədən...

Balıqlar, quşlar, uşaqlar

Tilov atıb balıqların yuxusunu qaçıran oğlan,
Sənin də başından tilov sallanır.
Xəbərin varmı,
Göyə baxsana?
Balıqların üzməyi nizamıdır dünyanın,
Bu nizamı sədəf boyda tilovla uçurmağı,
Qurdla balıqları aldatmağı bacardınsa,
Sonra küçədə dilənən uşağa bir parça
çörək versən,
quşa dən səpsən,
zülüm-zülüm ağlayaram mən.
Üç şey məni həmişə ağladar,
Göydə quşlar,
Çayda balıqlar,
Yerdə uşaqlar.
Onlar yeməyə aldanırlar.

Toya sevinən uşaqlar

Toylar uşaqlardan qaça-qaça,
Çala-çala,
Getdi-getdi uzaqlara,
Adına şadlıq deyilən,
Saraylara...

Uşaqlar qapıda qaldı,
Toy mağarının kilidli qapısı vardı.
Söykəndi qapılara uşaq əlləri...

Şadlıq sarayları ağlatdı uşaqları,
Uşaqlar toya gələ bilmədilər.
Qaldılar toy səsinə boylana- boylana.
Bəs uşaqlar neylədilər?
Dayanıb öz toylarını gözlədilər.

Söz verdilər,
Toyumuz olanda, ancaq
Uşaqları çağıracağıq.

Gedin deyin

Gedin deyin o quşlara,

Çıxıb getsin bu yerlərdən.

Ərəb ətri gəlir daha,

Quş axtaran güllələrdən.

Gedin deyin, əllərində,

Yuva tutan söyüdlərə.

Bağlasınlar yuvaları

Qərbə uçan küləklərə.

Gedin deyin uşaqlara,

Daha gəlməyəcək quşlar.

Göydə quşu gəzə- gəzə,

Quşa dönəcək uşaqlar.

Əllərinin səsi çiçək kimi tökülürdü pəncərədən... - Allahşükür ...

# 1673 dəfə oxunub

Müəllifin son yazıları

# # #