Ayağı kəsilmiş sevgilisini tərk edən Ceyran – Sara İbrahimin hekayəsi

Ayağı kəsilmiş sevgilisini tərk edən Ceyran – Sara İbrahimin hekayəsi
21 sentyabr 2020
# 17:48

Kulis.az Sara İbrahimin “Qaymaqlı dondurma” hekayəsini təqdim edir.

“Kofeli, vaflili, qaymaqlı dondurma”. Bu, uşaqlıqda ən çox gözlədiyim, eşidəndə məni sevincək küçəyə qaçmağa vadar edən sözlər idi. Əslində, mənim sevinməyim Ənvərin motorellerinin səsini eşidən anda başlayırdı. Motorellerin tırıltısını eşidən kimi anamın üstünə yüyürüb dondurma üçün pul istəyirdim. Ənvərin motorelleriylə küçəmizdə görünməsi balacaların toy-bayramına səbəb olsa da, böyüklər onlardan pul istəyən uşaqlarına çımxırıb deyinirdilər:

- Yenə tır-tırını doldurub gəlib! İki gündən bir uşağın içinə azar salmasa olmaz. Pul o yana, uşağın boğazı angina olur. Motoreller alıb-almayanı dərdimizin biri də dondurma olub.

Ənvər orta məktəbi bir neçə il əvvəl bitirmişdi. Evləri bizdən iki tin sonraydı. Üçtəkərli motorelleri məhləmizdə görünən gündən ağzımız dada gəlmişdi. Valideynlərimiz dondurmanı ayda, ildə bir dəfə bizi özləriylə şəhərə aparanda alırdılar.

Ənvərə qədər küçəmizdə, məhləmizdə heç kimin motorelleri olmamışdı. Hərdən küçəmizin uşaqlarına qoşulub motorellerin dalınca bir xeyli məsafəni qaçırdım. Ənvər bəzən bizə motorellerinə minməyə icazə verirdi, amma bu xoşbəxtlik hamıya nəsib olmurdu. Üç-dörd nəfərdən artıq minməyə icazə vermirdi. Motorellerini tırıldadıb saxlayır, nəzərlərini tələsik uşaqların üzündə gəzdirib “xoşbəxt”sərnişinlərini seçirdi: “Altay, İlqar, Səmiş, Rəbiş siz minin, cəld!” Bir-birimizi itələyə-itələyə hamıdan tez minməyə tələsirdik.

Mən onun daimi sərnişinlərindən idim. Mənə isti münasibətinin səbəbi vardı: qapıbir qonşumuz Ceyranı sevirdi.

Ceyran səkkizinci sinifdən sonra məktəbi buraxmışdı. Oxumaqla arası yox idi. Günü həyət qapısının ağzında özündən yaşda böyük qız-gəlinlərlə danışıb- gülməklə keçirdi.

Ceyran Ənvərdən dondurma alanda baxışdıqları gözümdən yayınmırdı. Qıza dondurmanı uzadanda onun barmaqlarını bir neçə dəqiqə ovcunda saxlayıb buraxmırdı. Ceyran da belinə qədər uzanan gur, xurmayı saçlarının üzünə tökülən bir tutamını geri atıb şirin-şirin gülürdü. Hərdən məni saya salmayıb zarafatlaşırdılar. Ceyran dondurma alıb bizdən uzaqlaşanda Ənvər onun dalınca baxıb sonra mənə göz vururdu. Gözünün üstünə basdığı dimdikli kepkasını baş barmağıyla geri itələyib cərgəsi pozulmuş dondurmaları səliqəylə düzə-düzə dodağının altda mızıldanırdı: “Ceyranım, ay, Ceyranım, qaçma məndən ay Ceyranım, mən küssəm də eybi yoxdu, sən küsmə gəl, ay Ceyranım”.

Belə vaxtlarda məni dondurmaya qonaq edirdi. Qapağını açanda buz buxarı qalxan yeşikdəki dondurmaları göstərib deyirdi: “Hansını istəyirsən, götür”. Qaymaqlı dondurma ən sevdiyim idi. Onun o birilərindən baha olduğunu bilirdim. Odur ki çəkinə-çəkinə üzünə baxıb barmağımı qaymaqlıya uzadırdım: “Olar, bunu götürüm?” O, barmağım tuşlanan dondurmanı mənə uzadıb həmişəki sualını verirdi. “Al, ye, - deyirdi, - bu gün məktəbə getmişdin, neçə almısan?” Südlü dodaqlarımı yalayıb başımı tərpədirdim. Dondurmadan yekə bir dişlək alıb əlimi havaya qaldırıb beş barmağımı ona göstərirdim. Ənvər cavabımdan razı qalıb məni tərifləyirdi: “Afərin! Oxu, yaxşı oxu, mənim kimi motoreller sürmə”. Ənvərin motoreller haqda belə danışmağı xoşuma gəlmirdi: “Motorellerin nəyi pisdi ki! Böyüyəndə mən də motoreller sürən olacam.

“Ənvər elə çımxırırdı ki, guya elə indicə böyüyüb motoreller almışdım, bircə sürə bilmirdim. Motorelleri neynirsən?! İstəmirsən, Əli dayınınkı kimi “dördgöz”ün olsun? Hələ sən böyüyəndə ondan min dəfə gözəl maşınlar çıxacaq”. Ənvərə etiraz etmirdim, amma ürəyimdə onunla razılaşmırdım: “motoreller alacam; üstü açıqdı, ”dördgöz”ü neynirəm”.

Əli dayımın maşınına minəndə ürəyim sıxılırdı. Skamya yoldaşımla pıçıldaşdığımıza görə müəllimim məni orta cərgədəki yerimdən durğuzub pəncərənin yanında, öz stolunun qarşısında oturtmuşdu. Danlandığıma görə kefim yox idi. Dərs izah edən müəllimə qulaq asmırdım. Gözümü pəncərədən görünən yola dikmişdim. Birdən Ənvərin motorelleri düz pəncərənin tuşunda, yolda göründü. Çöldə çiskinli, dumanlı hava vardı. Motoreller uzaqdan lap balaca görünürdü. Ənvər motorellerdən düşüb yolun kənarında dayanmış kişiylə söhbət edirdi. Nədənsə, həmişə marağımı çəkən, görəndə gözümü ayırmadığım motorellerə yox, Ənvərə, daha doğrusu, Ənvərin ayaqlarına baxırdım. Ənvər kişiylə danışdıqca ayağını tez-tez yerə vurur, çəkmələrinə bulaşmış palçığı yolun kənarındakı otluğa silirdi. Ənvərin ayaqları dayandığı yerdən aralandı, moterellerə tərəf addımladı. Əvvəl ayağının biri, sonra ikincisi yerdən üzüldü. Motoreller gurultu sala-sala pəncərənin önündən yox oldu.

Həmin gün dərsdən çıxıb evə gedəndə Ənvərgilin qapısı ağzında çoxlu adam gördüm. Yanlarından ötəndə eşitdiyim sözlərdən belə başa düşdüm ki, Ənvər qəzaya düşüb, motorelleriylə yük maşınına “girib”. “Girib”sözünü öz təxəyyülümə görə başa düşürdüm. Motorelleri yük maşınıyla müqayisə edəndə o qədər xırdaydı ki, onu maşınının yük yerində, Ənvəri də motorellerin belində oturan təsəvvür etdim. Kimsə ah çəkib bərkdən dedi: “Yazıq cavan yaşında şikəst olacaq”. Burda təsəvvürüm mənə kömək edə bilmədi: indiyə qədər şikəst adam görmədiyimdən bunun nə demək olduğunu başa düşə bilmirdim.

Ənvər üç aydan da çox idi ki, görünmürdü. Motorellerinin səsi daha eşidilmirdi.

Ceyranı bir dəfə bizə keçəndə gördüm. Çox kədərliydi. Anamla nə barədəsə xısın-xısın danışırdılar. Ceyranın gözləri yaşla dolmuşdu. Ertəsi gün Ənvəri həyət qapılarının qarşısında görəndə Ceyranın niyə kədərli olduğunu anladım. Ənvər qoltuq ağacına söykənib fağır-fağır üzümə baxırdı. Ayağının biri dizdən aşağı yox idi; əyninə geyindiyi şalvarın ətəyi kəsilmiş yerdən içəriyə qatlanmışdı.

Gözümü kəsik ayağından çəkə bilmirdim. Nitqim batmışdı. Ənvər gülümsəyib məni yanına çağırırdı. Dönüb qaçdım. Ürəyimin guppultusu qulaqlarıma düşmüşdü. Mənə elə gəlirdi ki, kimsə məni təqib edir. Bu kimsə, Ənvərin kəsilmiş ayağı idi. Ayağın tappıltısını düz kürəyimdə hiss edirdim. Qaça-qaça mənə elə gəlirdi ki, kəsik ayaq indicə kürəyimə vuracaq.

Bundan sonra ən qorxduğum Ənvərlə bir də üz- üzə gəlmək idi. Ənvər xəstəxanadan qayıdandan bir həftə sonra Ceyran rayon mərkəzində yaşayan bir oğlana qoşulub qaçdı. Hamı Ceyranı söyüb lənətləyirdi. Ənvəri atıb qaçdığına görə. Amma mən Ceyranı söymürdüm. Ceyran da mənim kimi Ənvərdən qorxub qaçmışdı. Daha doğrusu, Ənvərin kəsilmiş ayağından. Onu da kəsik ayaq təqib edirmiş. Kim olsa, qaçardı, Ceyran neyləsin? Qorxub ki, kəsik ayaq onu da kürəyindən vurar, ona görə Ceyran qaçmağı seçib.

Müəllimim məni yenə pəncərənin qarşısında oturtmuşdu; neyləyim ki, dərs vaxtı yanımda oturanla pıçıldaşmaqdan özümü saxlaya bilmirəm. Yenə fikrim dərsdə yox, pəncərədən çöldəydi. Birdən yolda motoreller göründü. Gözlərimi yumub-açdım. Yanılmamışdım: Ənvərin motorelleriydi. Ənvərin motorellerini qəza keçirəndən sonra bir dəfə də olsun görməmişdim. Motorellerin yanında əvvəlcə Ənvərin bir ayağı, sonra o biri göründü. Heyrətdən donub qalmışdım. Zəng vurulan kimi məktəbin həyətindən çıxıb yola qaçdım. Gözüm Ənvərin ayaqlarındaydı. Kəsilmiş, məni təqib edən ayaq dizdən aşağıda, yerindəydi. Ənvərə tərəf qaçdım. Ondan ötrü darıxmışdım. O da deyəsən, məndən ötrü darıxmışdı. Məni qucaqlayıb motorellerə tərəf apardı. Açanda buz buxarı qalxan yeşiyin qapağını qaldırıb qaymaqlı dondurmalardan birini götürüb mənə verdi. Cəld dondurmanın kağızını yarıya qədər cırıb dişlədim. Dişlərim göynəyə- göynəyə protez ayağına baxıb soruşdum:

- Ayağını gətirdilər?

Ənvər protez ayağına baxıb başını tərpətdi:

- Hə, gətirdilər.

Südlü dodaqlarımı yalayıb Ənvərin qolundan dartdım.

- Ayağın gəldi, indi Ceyran da gələcək, - dedim, - gələcək hə, düz deyirəm?

Ənvər gözlərini bir nöqtəyə zilləyib susmuşdu. Sualımı bir də təkrar edəndə dərindən köks ötürüb mənə tərəf döndü.

- Bilmirəm...- səsi titrədi, zənnlə üzümə baxıb - Səncə gələcək? - soruşdu.

Mənə elə baxırdı ki, sanki Ceyranın qayıtmağı mənim cavabımdan asılıydı. Hiss edirdim ki, Ənvəri də, elə özümü də Ceyranın qayıtmağına inandırmalıyam.

- Əlbəttə gələcək, - böyük adamlar kimi təmkinlə dedim, - Ayağın gəldisə, Ceyran da gələcək!

Ənvərin üzü işıqlandı, baş barmağıyla dimdikli kepkasını geri itələyib gülümsədi. Gözləyirdim ki, o, yenə əvvəllər etdiyi kimi mənə göz vurub “Ceyranım” oxuyacaq. Amma Ənvər oxumadı, motorellerinə minib uzaqlaşdı.

# 4989 dəfə oxunub

Müəllifin son yazıları

# # #