Arzumu günəşin telinə sardım... - Bəxtiyar Vahabzadədən şeirlər

Arzumu günəşin telinə sardım... - Bəxtiyar Vahabzadədən şeirlər
13 fevral 2020
# 15:20

Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin anım günüdür. Kulis.az bu münasibətlə şairin seçmə seirlərini təqdim edir.

Bir salama dəymədi

Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Beş ildə gözümüzdən axan o qanlı sellər,
Bir salama dəymədi?
Heç üzümə baxmadan yanımdan necə keçdin?
Sən eşqin salamını qorxuyamı dəyişdin?
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düşün!
Yalnız indi anladım; ah, sən daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri dönməyəcəksən!...
Qop ey tufan, əs ey yel! Xəzəl olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən gülüm,
Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?
Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
Sən necə etinasız ötə bildin yanımdan?
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Arxana da baxmadın!
Niyə sənin yolunu məhəbbətin kesmədi?...
Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır!

Qocalmır

Qocaldır insanı, qocaldır zaman;
Ürəyin atəşi, közü qocalmır.
Dağları, daşları qocaldan zaman,
Bilmirəm, bəs niyə özü qocalmır?

Getdi baharımız, yer qışa qaldı.
Düzlər qara qaldı, yağışa qaldı.
Bizimki bir quru baxışa qaldı,
Neyləyək arzunun gözü qocalmır.

Bəxtiyar, düşünək biz dərin-dərin.
Xəyallar möhtəşəm, arzular şirin.
Əsl sənətkarın, əsl şairin
Özü qocalsa da, sözü qocalmır.

Gəlir

Tarıma çəkilmiş simə bənzə sən,
Titrə, bir yarpağın titrəməsindən.
Bil, dənizdə coşan suyun səsindən
Xəzri gəlir, yoxsa gilavar gəlir.

Bir az sıxnaşanda göydə buludlar,
Yavaşca titrəşir yerdə göy otlar,
Onlar da bilir ki, havada çən var,
Sabah yağış gəlir, sabah qar gəlir.

Hər kəsə müyəssər deyildir ancaq
Ürəkdən keçəni gözdən oxumaq.
Qaranquşdan qabaq, torpaqdan qabaq
Gərək biləsən ki, ilk bahar gəlir.

Qəlbim götürməyir bəri-bəzəyi,
Çətindir yamamaq sınmış ürəyi.
Özün dərk edəsən gərək hər şeyi,
Səni başa salmaq mənə ar gəlir.

Baxışdan söz götür, söz anla sözdən,
Həssas ol, sevgilim, ömrün boyu sən.
Əgər sevirsənsə, ayaq səsimdən
Gərək biləsən ki, Bəxtiyar gəlir!

Ömür

Deyirlər, çox azdır yüz il, əlli il,
İnsana bir ömür kifayət deyil.
Hələ isitməmiş öz yerimizi
Ölüm cəllad olub haqlayır bizi.

Deyirlər, şirindir dadı dünyanın,
Kaş iki olaydı ömrü insanın.
Nola, çalışsaydıq ömrün birində,
Sonra əylənəydik biz digərində.

Hərə öz ömrünə bir cürə baxmış,
Hərə bu dünyanı bir cürə anlar.
Cahanda bəs nədən zövq alacaqmış
Zəhmətin özündən zövq almayanlar?

Yüz-yüz ömür belə azdır doğrusu
Bir ömrü insana az sayanlara
Haramdır bu hava, haramdır bu su
Əylənmək eşqilə yaşayanlara.

Yaşamaq, yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır
Şam əgər yanmasa, yaşamır demək
Onun da həyatı yanmağındadır.

Ömrü az olsa da, qartal yenmədi
Dedi, səmalarda öz oylağım var.
Ömrün azlığından gileylənmədi
Ömrü insan kimi başa vuranlar.

«Bu dünya beş gündür»,- deyib hər yerdə
Sağ ikən qəbirdə uzanan da var.
Öz alın tərilə bircə ömürdə
Yüz insan ömrünü qazanan da var.

Təslim

Ayrılıq müsibət, ayrılıq zülüm!
Bu fani dünyaya indi, ay gülüm,
Sənin varlığınla bağlanmışam mən,
Ruhum qanadlanır hər “can” sözündən.

Tapmışam, a gülüm, özümü səndə,
Məstəm hisslərinin incəliyindən.
Dünya dərdlərindən incik düşəndə
Yeganə təsəllim sənsən, təkcə sən.

Özün bir yanasan, eşqin bir yana,
Səni hər dərdimə məlhəm bilmişəm.
Bu zalım dünyanın əzablarına
Sənə sevgim ilə üstün gəlmişəm.


Belə getsə...

Bir sirdaş istəyirik
Qəlbimizi duyacaq;
Təmizsə - qəlbimizi
Gəlin özümüz açaq.
Acgöz yedikcə açar,
Dilənçiyə əl açar,
Zənn etmə ki, tamahkar
Axır bir gün doyacaq.
Ucaldıqca biz endik,
Düz yoldan geri döndük;
Özümüzü düşündük,
Özümüzü biz ancaq.
Qana həris zəlilər
Sorduğunu az bilər;
Belə getsə, ölülər
Mürdəşiri yuyacaq.

Vicdan şahidliyi

Hərdən əzab satar, qəm alar məni,
Mənim bu dünyada çox xatam olub.
Səhvlər, qüsurlar, xatalar məni
Yenidən yaradan öz atam olub.
Xatalar üstündə boy atmışam mən,
Özümü yenidən yaratmışam mən.
Səhvimə, xatama hamıdan qabaq
Şahid də, hakim də vicdandır ancaq.
Belə bir məqamda vəkil lal olur,
Haqq kəsir, yalansa payimal olur.
Şahidim, vəkilim, hakimim də mən,
Qaçmaq mümkünmüdür bu məhkəmədən?
Vicdan şahidliyi! Könüllü dustaq!
Özündən könüllü intiqam almaq!
Vicdan şahidliyi! Bir hökmdar tək
Özünə çəkdiyin öz sinə dağın.
Vicdan şahidliyi! Özünü görmək,
Özünün özünə təslim olmağın.
Özünü görməyən görməz özgəni,
Sözünü anlamaz, özünü bilməz.
Özünü bilməyən bilməz kimsəni,
Əyriyə əyilər, düzə əyilməz.
Şahidin, vəkilin, hakimin də sən,
Qaçmaq mümkünmüdür bu məhkəmədən?

Axı dünya fırlanır

Vaxtın dəyirmanında daş əridi, qum oldu,
Tarixə atdığıımız qayıtdı, lüzum oldu.
Dünənin həqiqəti bu gün tərs yozum oldu,
Niyə də yozulmasın, axı, dünya fırlanır.

Çox ovlaqlar içində çox ovları ovladım,
Aşıb-daşan arzumu mən artıq cilovladım.
Mən atamı ötmüşəm, məni ötür övladım,
Bu, belə də olmalı, axı, dünya fırlanır.

Dünən düz sandığımı bu gün əyri sanıram.
Bəzən olur, özümdən özüm oğurlanıram.
Hər il başqa arzunun başına fırlanıram,
Niyə də fırlanmayım, axı, dünya fırlanır…

Çox əyilən görmüşəm, əyilməyən başları.
Sular duruldu, gördük dibindəki daşları
Ünvanmı dəyişdi dünənin alqışları;
Niyə də dəyişməsin, axı, dünya fırlanır…

Necə dönür bu dövran, necə dönür bu gərdiş,
Tazılarm üstünə dovşanlar da gülərmiş.
Dünya bina olandan hər şey dəyişilərmiş,
Dəyişməsin neyləsin, axı, dünya fırlanır.

əbədini dünyada mən əbədi sanmadım,
Bir atəşə tutuşdum, min atəşə yanmadım,
Bütlər gəldi və getdi, birinə inanmadım
Niyə inanmalıyam, axı, dünya fırlanır.

Fırlandıqca bu dünya, yox da dönüb var olur,
Quruyan çeşmələrdən sular yenə car olur.
Bu dünyanm xeyri də, şəri də təkrar olur,
Niyə təkrar olmasın? Axı, dünya fırlanır.

Min-min illər bu dünya beləcə fırlansa da,
Bir yuvanın bülbülü min budağa qonsa da,
Aylar, illər, fəsillər bir-birini dansa da,
Dəyişməzdir əqidəm, çox da dünya fırlanır,

Nə qədər istəyirsə, min o qədər fırlana,
Qarşıma gah şər çıxa, gah xeyir dığırlana.
Çərxi-fələk istəyir lap dolana tərsinə,
əqidəmi heç nəyə dəyişmərəm mən yenə.

Yaman darıxmışam

Yaman darıxmışam səninçin, yaman!
Mən əsir düşmüşəm öz istəyimə.
Nifrəti gizlətmək asandan asan,
Sevgini gizlətmək mahalmış, demə!

Haraylar yüksəlir könüldən yenə,
Bu necə haraydı, bu necə haydı?
Öhdəmdən gələrdim… Gözüm üzünə,
Qulağım səsinə darıxmasaydı…

Elə bil hər yerdən üzülüb əlim…
Mən azıb qalmışam qəm dərəsində.
Dirilib yaşanır sənli günlərim
Sənsiz günlərimin xatirəsində.

Yaman darıxmışam… Bu nədir yenə
Ağlım sağa baxır, ürəyim sola.
Ürəyim dönübdür göy göyərçinə
Qonub sən gedəli sən gələn yola.

Yaman darıxmışam… Hər axşamçağı
Arzumu günəşin telinə sardım.
Mənimlə olsaydı, mən darıxmağı
Zamana ən uzun ölçü sanardım.

Yuxuma gəlmişdin… Qısıldıq küncə.
Danışdıq… Yel əsdi… Dağıldı dərd-qəm.
Kölgəyə dönmüşdüm, Səni görüncə
Sənin işığında yox oldu kölgəm

# 4444 dəfə oxunub

Müəllifin son yazıları

# # #