Alça çiçəkləri kimi qar yağırdı Bakının üstünə - Malik Atilaydan yeni şeirlər

Alça çiçəkləri kimi qar yağırdı Bakının üstünə - Malik Atilaydan yeni şeirlər
29 aprel 2021
# 17:14

Kulis.az Malik Atilayın yeni şeirlərini təqdim edir.

Hindu nəğməsi

Qaranlığı qara əlcək kimi geyəndə şəhər
Susmuşdu hər nə vardısa
Sanki bir azdan cəllad
Zevin küçəsindən keçib
Edam məhkumunun yanına gedəcəkdi

Onda
Alça çiçəkləri kimi qar yağırdı Bakının üstünə
Yollar eyni qapıya çıxırdı,
Ah çəkirdi göylər, külək əsirdi,
Göylərdə də kimsə darıxırdı
Onda
Sonuncu adamının da öldürüldüyü hindu qəbiləsinin
Anlaşılmayan kədərli nəğməsiydi bu şəhər
O vaxtdan bu yana bilmirəm neçə gündü, aydı, ildi,
Elə bil bu gün ayrılmışıq
Bu gün
Dodaqların gilyotin kimi boynunu vurub Qoşa qala qapıları ağzında
Ağzımdan çıxan sözlərin
Kədər deyingən ev sahibəsi kimi
Qəlbimizə girdikdən sonra
Bilmirəm neçə dəfə
Güləndə əlini əlinə vurmaq istəyib də
Bir əlinin olmadığını xatırlayan adam kimi
Yadıma düşüb yoxluğun

Elə bil bu gün,
Ağ bayraq kimi yelləmisən əlini ayrılığa
Elə bil,
Cəllad hələ də əlində qılıncı yol gedir
Hardasa buralarda.

Səni bu gün unutdum...

Səni bu gün unutdum,
Amma ondan əvvəl
Kor rəssama verdim şəklimizi
Ordan kədəri, gözyaşını təmizlədi
Geriyə iki yad adam qaldı şəkildə
Kar dostuma danışdım səndən
Danışdım göy üzü dolu yağdıran kimi
Bir nəfəsə bütün gücümlə,
Səni unutduğumu sübut etmək üçün özümə
Adını çəkmədim bircə kərə

Səni bu gün unutdum...
"2" alan şagirdin gündəliyini evdə unutduğutək.

Gallery

Şeytanın aldatdığı Adəmlə fərqimiz

Şeytanın aldatdığı Adəmdən
Tək fərqimiz var
Qovulacaq cənnətimiz yoxdu
Alovlara atılsaq
Heç bir qarışqa ağzında su gətirməz bizimçün
Nə dəniz iki bölünər qarşımızda qarpız kimi
Nə ölülər dirilər
Sevgilim
Və Cənab İblis,
Siz deyin
Bu əsrin ən böyük möcüzəsi hansıdı ?
Birini sevməkmi
Yoxsa
Gözyaşlarınla söndürməkmi
Yaşadıqlarını unutmaq üçün yandırdığın şəkli.

Saat bir, iki, üç...

Saat bir, iki, üç
Hücum əmri gözləyən ordu misalı
Yuxusuz və həyəcanlıyam
Üzməkdən yorulub
Torların qoynunda dincələn balıq kimi
Yorğunam da bir az

Şimşəklər gümüşü çatlar salır,
Qara aynasına gecənin
Səkkiz ya doqquz yaşındayam,
Fatmayı dənizində
Balıqqulaqlarını doldurmuşam cibimə,
Üstümdə ovuc-ovuc Xəzərlə gəzirəm
Hara getsəm
Sərxoş atasından qorxub
Oyuncaqlarıyla qısıq səslə danışan uşağın pıçıltısıtək
Pıçıltısını eşidirəm dənizin.

Damlalar bulud dilində nəsə yazır pəncərəmə,
Xəbər gətiriblər mənə,
Zamanın tikanlı məftillərinin o üzündəki adamlardan

Saat bir, iki, üç
Tavandan asdığım kəndirin
Altındakı kətilə çıxıram
Dənizi görmək üçün.

Özümə yazdığım intihar məktubları

Uzaq dur məndən, aralı dayan
Çünki əllərim qanlıdı,
Çünki barmaq izlərini dırnaqlarımla qaşıdım əllərimdən
Səni düşündüm səhərəcən
Hansı tərəfə getsəm üstümə itlərin hürüşdüyü bu yerdə
Divin su daşıdığı aşsüzənmiş səndən sonra həyat

Özümdən qaçmağa çalışdım bu gün
İşıqları yanıq qoyub evdən çıxdım
Dəqiqələrlə döydüm qapımı
Yenə evdə deyildim,
Sərxoş olduğum kafelərin
Yellənə-yellənə açılan qapıları kimi açılarkən səhərim
Minarədən azan verən müəzzinlə məndən başqa
Ölümə və Allaha heç kimin ikimiz qədər
Yaxın olmadığını düşündüm

Bulvara düşdüm,
Məktub yazdım özümə,
Hansı şəhərə apardığını unutduğum
Qatar bileti kimi
Cibimdə gəzdirdiyim şəklini
Qoydum məktuba

Evə döndüm,
Döydüm qapımı
Yenə açılmadı
Yenə heç kim yox idi evdə
Qapını açdım,
Özümə yazdığım bütün intihar məktublarından,
Ünvanıma yenə tez çatmışdım.

# 3667 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #