Ağdama qayıtmaq istəməyən ana – Yeni hekayə

Ağdama qayıtmaq istəməyən ana – Yeni hekayə
25 may 2021
# 09:01

Kulis.az “Hekayə günü” yazıçı Eyvaz Zeynalovun “Qiyaslı gilası” hekayəsini təqdim edir.

Anam xəstələnmişdi. Neçə gündü Ağdam, doğulub boya-başa çatdığı, ömrünün çoxunu yaşadığı Qiyaslı kəndi dilindən düşmürdü. Hər gecə yuxusunda kəndimizi, bağ-bağatlı həyət-bacamızı gördüyünü söyləyirdi. Sonra bütün günü havalı kimi özü-özüylə danışırdı: “Vallah, necə qoyub gəlmişəmsə, hamısı yerindədi. Erməni adam deyil? Axı niyə dağıtmalıdı? Bayquş xarabalıq sevər. Yesin-içsin, yaşasın də bəy kefində. Dədəsi-babası görmədiyi günə düşüb”.

Bir gün də dedi:

- Bu gecə sənnən yenə kəndimizdəydim. Darvazamızın ağzında avtobusdan düşən kimi qoşumuz Telli arvad böyürdən çıxdı. Dedi, ağız, hardasınız? Gilasınızı niyə yığmır, qurd-quşa yem eləyirsiz? Gözüm qonşuların həyətini gəzdi. Bizdən başqa hamının gilası dərilmişdi. Səsə qonşular tökülüb gəldilər. Qonşu rayonlara, kəndlərə geniyən, ölüb-itən bildiklərimizin hamısı burdaydı. Gülşən xalayın sənnən oxuyan qızına gözüm sataşdı. Dedim, ay canıyanmış, sən heç yekəlməmisən ki? İncimiş qayıtdı, oğlundan bəri bax! Çöndüm, sən də onun boydasan. Matım-qutum qurudu. Bu vaxt sənin səsini darvazamızın arxasından eşitdim: “Uşağa baş qoşma, gəl gün qalxmamış gilasımızı yığaq”. Baxıram, boyaboy sıralanmış gilas ağaclarımız hamısı insan kimi qaş-qabaqlıdı. Evləndiyimiz il atayın əkdiyi gilas ağacını qucaqladım, öpüb-oxşadım. Qurvan olum, dedim, bizdən küsməyin, allah erməniyə lənət eləsin! Ağac qollarımın arasında canlandı. Sonra gilas ağacında gilas yığır, yeyirdim...

- Bəs yığdığın gilası neynədin? - Qızım atmaca atdı.

- Bax, orasını görmədim. Amma dadı elə əvvəlki kimi şipşirin, qənd kimiydi.

- Yıxılmaqdan qorxmadın? - Söhbəti uzatmaq xatirinə soruşdum.

- Yox, - deyib güldü, - yuxu bir möcüzədi, bala.

Anam keçmiş günləri xatırlayanda, o illərdən danışanda əhvalı yaxşılaşır, gümrahlaşırdı.

- Bazara gilas çıxıb, - qızım dedi. - Heyfsilənmə, atam alıb gətirər, yeyərik.

- Eh, mən Qiyaslı gilasının tamarzısıyam. O başqa bir dad-tamdı. Elə bilirəm bir də yesəm, ölmərəm.

- Nənə, indiyəcən ağızda dad-tam qalar? Gör neçə ildi Qiyaslı gilası yemirsən?

- Neçə ildi nədi? - Nəvəsinə çəmkirdi. - Ağzımda deyirəm, bu gecə həyətimizdə gilas yığır, gilas yeyirdim...

Gülüşdük.

***

Maşını Qurd qapısından Sədərək “talkuçkası”nın yanındakı “Meyvəli”yə sürdüm. Bazarda mer-meyvə ayaq tutub yeriyirdi. Gözüm gilas axtarırdı. Piştaxta arxasındakılar yaxınlaşdığımı görüb canlanır, mallarını tərifləməyə başlayırdılar.

Qiyaslı gilasının dadı-tamı az-çox mənim də damağımda qalmışdı. Qaçaqaç vaxtı ikinci sinifdə oxuyurdum. Kənd uşağıydım. Meyvə vaxtı yıxılar, şikəst olarıq deyə nə qədər qadağa qoysalar da, axşama qədər ağacların başındaydım. Çətini gözdən oğurlanıncaydı.

Qiyaslıda o həyət yoxdu, 5-6 gilas ağacı olmasın. Havayı demirdilər, Qiyaslı, qapısı gilaslı! Gilas ağacı olmayanı qiyaslı saymazdılar. Qiyaslı gilası adla deyilərdi. Əmim oğlu ilə gilas satmağa gedəndə görmüşdüm, Ağdam bazarında hara baxsan, Qiyaslı gilasıydı. Ürəyi gilas istəyən Qiyaslı gilası alırdı.

Biri əmim oğlu, gilas vaxtı Qiyaslı cavanlarının kefi ala buludda cövlan edərdi. Adi siqareti bəyənməz, harda bahalı filtrli siqaret var, ondan alıb fısqırdardılar. Bazarın yanında, Qiyaslı avtobus dayanacağı ilə üzbəüzdəki Məhinin çayxanasında pürrəngi çay qabaqlarında, “Marlboro” damaqlarında ötüb-keçən şəhərli qızlara baxar, bildirçinin bəyliyini yaşayardılar.

- Yan keçmə, bəri dur görüm nə axtarırsan, əmoğlu? - Suyuşirin satıcı əliynən qarşısındakı meyvələri göstərib çağırdı. Yaşdaş olardıq.

- Gilas, - dedim.

- Beçə balı kimi şirin gilas məndə, - şəstlə dedi.

- Anam mənə qənd kimi şirinini almağı tapşırıb, qardaş, - gülüb dedim. - Hara gilasıdı?

- Qarabağ, - dedi, - dadına bax, çəkinmə, alverçi deyiləm, gətiriciyəm, bağımın məhsuludu.

Sözünü yerə salmadım, birini yedim. Haqqüçünə, dadlıydı. Dərdimi də danışdım. Qiyaslı gilası axtardığımı söylədim. Əlini-əlinə vurub bərkdən dedi:

- Pah attonnan! Təsadüfə bax. Səni mənə, məni də sənə allah ürcah eləyib. Yediyin Qiyaslı gilasıdı.

- Ağ eləmə, - etirazımı bildirdim. - Qiyaslı erməni işğalındadı.

- Qardaş canı, səhvsən. Qiyaslı bizdədi. Mən Qiyaslıda oluram, nəinki bu gilası, satdığım meyvələrin hamısını öz həyətimdən yığıb gətirmişəm.

- Əşi, ayıbdı, hələ bilmirsən alacam, yoxsa yox, yalandan and içirsən. Özün də deyirsən, gətiricisən? - Üzümü bozartdım.

Satıcı əsəbi halda pencəyinin qoltuq cibini eşələdi. Pasportunu çıxarıb göstərdi:

- İnanmırsan? Oxu, burda nə yazılıb?

Oxudum. Adam, doğrudan da, Qiyaslı kəndindəndi. Ancaq Ağdamın deyil, Bərdənin Qiyaslı kəndindəndi.

- Bağışla, qardaş, - məsələni aydınlaşdırdım.

Bu dəfə gilassatan təəccüblə üzrxahlıq elədi.

- Mən də Ağdamda Qiyaslı kəndinin olduğundan xəbərsizəm, - dedi.

Anlaşılmazlıq aradan qalxandan sonra 2 kilo gilas çəkdirdim. Pulunu götürmək istəmədi, zorla verdim. Dalımca gülə-gülə dedi:

- Şirin ağızla! Anana denən, kəndçimizdən almışam, Qiyaslı gilasıdı.

***

- Sənə Qiyaslı gilası almışam, - qapıdan girən kimi anama dedim.

- Hara gilası?.. - Bayaq mən gilassatana bozaran kimi indi də anam mənə bozardı.

Daha uzatmadım, gilası hardan, kimdən aldığımı danışdım. Bir anda anamın qırışığı açıldı. Qızım gilası suya verib gətirincə keçmişlərə baş vurdu:

- Hə, Bərdədə də bir Qiyaslı kəndi var. Atan rəhmətlik haçansa mənə o kənddə bir qohumu yaşadığını söyləmişdi. - Yerində dikəldi. Gözləri yenə işıq saçırdı.

Narahat oldum. Eşitmişdim ki, insan, ömrünün sonu yaxınlaşdıqca daha artıq keçmişi ilə yaşayır.

Qızım gilası yeyə-yeyə təriflədi:

- Nənə, bir bax, lap qənd kimi şirindi.

Anam gilasdan birini götürüb ağzına qoydu. Dişləyib tamsındı. Handan-hana başını bulayıb dedi:

- Dadlı gilasdı, amma o deyil.

- Qiyaslı gilasıdı də, - qızım şeytanlıq elədi.

- Quzum, - nəvəsini çəkib yanında oturtdu, - yığışdığımız bu köçkün yataqxanasında səndən başqa neçə Aytən adlı qız var?

- İki, - qızım dedi.

- Səncə, bu üç Aytənin hansı mənə daha əzizdi?

- Əlbəttə, mən! Sən mənim ürəyimsən, mən də sənin!

Qızım nənəsini, o da nəvəsini qucaqlayıb öpdü.

- Ana, - dedim, - tezliklə torpaqlarımız azad olunacaq. Hamı kimi biz də öz yurd-yuvamıza qayıdacağıq.

Anam köksünü ötürməklə kifayətləndi.

***

Qaçqınkom zəng eləmişdi. Bizi təbrik edir, ailə üzvlərimizin sayı, yurd-yuvamıza dönmək istəyib-istəmədiyimizlə maraqlanırdı. Ordumuz erməni işğalına son qoymuşdu.

Bərkdən:

- Əlbəttə, istəyirik, - dedim. - Minalardan təmizləsinlər, getməyə icazə versinlər, günü bu gün uça-uça qayıdarıq!

Anam soruşdu:

- Kimdi, nə deyirdi? - Başa saldım. - Buralarda, qocalar evində-filanda bir yer ayırsaydılar, mən getməzdim, - dedi.

Çaşıb qaldım. Bunu bu illər ərzində öz yurd-yuvasının həsrəti ilə qovrulan anamın dilindən eşidirdim.

- Niyə, ana? Öz elinə-obana getmək istəmirsən?

- Elim-obam qalıb?

- Hamısını təzədən qurub-tikəcək, cənnətə döndərəcəklər.

- Qorxuram, oğul.

- Nədən?

- Gedib o kənd-kəsəyimi, ev-eşiyimi görməməkdən. Buna dözmərəm, ürəyim partlayar. Mənə cənnət yox, o kənd-kəsəyim lazımdı. Səni qınamıram, amma bir gilası tapıb mənə verə bilmədin. Bəs dünya boyda kəndimi, adamlarını, kəndimiz uğrunda şəhid olmuş ərimin qəbrini mənə kim verəcək? Onları birdəfəlik itirməkdən qorxuram.

Daha dinə bilmədim.

Yazıçı üçün müşahidə də vacibdir, mütaliə də" - Eyvaz Zeynalov ilə müsahibə

# 3067 dəfə oxunub

Müəllifin son yazıları

# # #