Açılıb yaxan, görürəm... – İlham Qəhrəmandan yeni şeirlər

Açılıb yaxan, görürəm... – İlham Qəhrəmandan yeni şeirlər
8 iyul 2021
# 17:09

Kulis.az tanınmış şair İlham Qəhrəmanın yeni şeirlərini təqdim edir.

Görüş

Bir zaman kirayə həyətdə
qonşu idik,
Hesabladım –
40 ildən sonra görüşdük.

İlahi, nə qədər xatirə sığar
adamın içinə?!
Elə bil bacadan işıq düşdü,
qaranlıq damın içinə.

Xatirələr yorğan altına dolmuş
uşaq kimi baş qaldırdılar,
geyinib işığa çıxdılar,
dayanıb bir-birinə baxdılar...

O məni süzürdü, mən də onu
Gördü hələ dizlərimdə taqət,
qollarımda tutam durur...
Evdəkiləri soruşdum,
dedi – anam ölüb, atam durur.

Səsində uğursuz taledən gəlmə
narazı ton,
Əynində dizinə enən
güllü don vardı.

İstiyə təslim olan
məst dana gözlər kirpik döyürdü,
O gözəlliyini öymürdü,
amma, Allah tərəfi
gözəlliyi onu öyürdü.

Yerişindən təəssürat beləydi -
həyatda heç yerə o tələsməyib...
Elə gördüyüm xanım idi -
elə bil üstündən heç yel əsməyib.

Şaqraq gülüşü
qayadan axan su şırıltısı...
Üzü suya düşən
Günəşin parıltısı.

Həmişə sadə oldu
naz etmədi, əda bilmədi...
Mənzil başında
təklik üzündən əfv dilədi, -
evinə dəvət edə bilmədi...

Özümün dalınca gəldim

Yəqin bir gün toparlanıb
gəlib döyərəm qapını,
Qapın zindan qapısıtək
səs salacaq şaqqa-şaraq,
Görərsən mən dayanmışam,
rəngim-rufum da ağappaq.

Soruşarsan - nə gəzirsən,
xeyirdi qəfil gəlməkdə?!
Deyəm xatirə güc gəldi,
yadıma salınca gəldim.
İnan ki səndən daha çox
özümün dalınca gəldim.

Deyəsən ki, arxayın ol,
sən o vaxtdan yanımdasan...
Kəsmə qara bığlarınan,
ayırma telnən qalırsan,
Hər ayın başı maaşda
aldığın gülnən qalırsan.

Sonra boynuna alasan:
- O vaxt sənə sitəm etdim,
bilirəm dağladım səni,
Sonra yanımdakı sənlə
oturub ağladım səni.

Bir az təəccüb edəsən,
çaşıb üzümə deyəsən:
- Bəs sən bu keçən illəri
haraya getmişdin, adam,
- Düzü səni itmiş-batmış,
mən ölmüş bilmişdim, adam?!

Qoruqçu yaz

Allah, yarın gül bağı var,
Məni bağa qoruqçu yaz.
Bir az kül altda qorum var,
Onu oda körükçü yaz.

Yol gələndə qəmli gördüm,
Taledən sitəmli gördüm,
Əlləri məlhəmli gördüm,
Yaralara sarıqçı yaz.

Telləri sünbül eyləsə,
Cəzamı yüngül eyləsə,
İlhamı qəbul eyləsə,
Qabağında buyruqçu yaz.

Könül

Sürmədiyin hara qaldı? -
Qəsd etdin haqqıma, könül.
Mən idim ki, tab gətirdim
Bu qədər hoqqana, könül.

Bilirsən, dünya pis yerdi,
Çıxaq gedək hələ erdi.
Çox baltalar bəhsə girdi,
Ensinlər şaqqama, könül.

Bəri yaxın gəl - kim isən –
Bilək kimin sən kimisən.
Dədəsi ölmüş kimi sən
İç çəkib sıqqıma, könül!

Sonra

Yaz yağışı gün gətirir,
qış küləyi sazaq...
Qulaqlara qurğuşun! -
sevgi ayrılıqdan sonra əzab.

Sənsizlik

Tellim, ürəyimdə səndən
çatdı belə dərin qalıb.
İtirdiyim diş kimisən,
özün yoxsan yerin qalıb!

Qələmdəki təsvirin

Sən üzündən oxunursan,
görünüş də bir yazıdı, -
Bənizə bax hal xəbər al!
yükə bax qol xəbər al!

Sevgi ehtiyacı küləyin
səhrada qalan izi kimi, -
Eşqin gözündə çırpınır
biləyinin nəbzi kimi.

Bağ-bağçan gəl-gəl deyə,
bir boylanıb baxan olmaya?!
Kimsə sevgi ehtiyacıyla
sənintək imtahan olmaya!

Səhra yaşıl istəklidi,
sənin vücudun sevgidən,
Dünyada bircə umud var,-
hamının umudu sevgidən!

Kim bilir sevgi kimin çiyninə
hansı yükü qoyur? -
Kim dünyadan savab,
kim gedəndə günah aparır.
Heç kim yükə məhəl qoymur,
hamı sevgiyə pənah aparır!

Səndən sonra yoluxdum, -
hisslərimi qarışıq tapdım...
Səni tapandan bəri
içimdə bir işıq tapdım.

Sən hamıdan seçilirsən,
topal ayağını sağ vuran kimi...
Əllər, dodaqlar sevgi çağırırdı,
səhra yaşılı çağıran kimi.

-2-

Mən özümü qana qoydum,
Qanım qaşıqda yazıram.
Səni tapdım, işıq tapdım,
Həmən işıqda yazıram.

Nə maraqlan, nə də soruş -
Nə üzünə sirr çəkərəm?!
Arı güldən bal çəkəntək
Sevgidən şeir çəkərəm.

Sən balaca tutalğa ver,
Ələktək şeir ələyim.
Səni şeirə çıxardım,
Şeirə də bürmələyim.

Bulud göydən yağış tökər,
Yağan buludum sevgidi.
Qələm məndən şeir umar,
Mənim umudum sevgidi.

Gör nə qədər göz qoyanlar,
Gör nə qədər seyrçi var.
Sevgi məndən barın tutar,
Kağız üstə şeir çırpar.

Rəqib ürəyi böyütmə,
Canım, düşmən sevindirmə,
Mən şeirdə hoqqabazam,
Bircə işığı söndürmə.

Ürək öldürən

Ey ürək öldürən,
dəniz eşqi qorundan keçirirsən,
Beş günlük qonağı
gen dünyanın darından keçirirsən.

Bu eşq qu nəğməsi,
yaşılın sarıya çalan rəngidi,
Buyruqdu, yazıdı -
hər payız yaşıl sarıda səngidi.

Heç qulaq verdinmi
sarıda yaşılın nəğməsi bitir?!
Ey ürək öldürən,
gəl, ürəkdə səndən qalanı götür.

Cəmşid oğlu Eldara

portret

Hamı alın yazısına quldur,
tanıyırsan ondan qəddar quldar?!
Sən oxuyan vaxtın salamıdı, -
necə varsan, Cəmşid oğlu Eldar?!

Halın necədi bilmirəm,
püstəsi, badamı tərdimi?!
Bağrının Laçın şırımında
gizlənsə, adam itərdimi?!

Bilinmir kim kimə nökərdi,
kim kimin nökəri deyil,
Nə olsun yanından çay axır,
qağa, Dnepr Həkəri deyil.

Elə də asan gəlməsin
quldar ilə gün keçirmək,
Hər qulun hünəri deyil.
dəyirmandan dən keçirmək.

Eşidirsən, o nə səsdi? -
vaysınır, özün öldürür...
Ya qürbətdə vətənsiz qərib,
ya dəmkeşi itmiş samovar, -
həmişə özün bildirir.

Bir yanıqlı oxuyan ola,
tüstümüz avazdan çıxa!
Gördünmü quldar hökmünü,
qul kimdi ki cızdan çıxa?!

Qul qulluqdan incik deyil -
şeir yazsam qələm verir,
divar hörsəm mala verir.
Hələ ki yola gedirik
quldar qulu yola verir.

Rüstəm oğlu Qəzənfərə

portret

Ömür adına çıxılan,
Bu qaralan kömürdümü?!
Bəs görən kimdən soruşaq,
Qara kömür ömürdümü?!

Bizimki belə gətirdi,
Minnətdən, ərkdən düşmüşük.
Bir nəğməkar royal idik,
Laçınsız kökdən düşmüşük.

Bir qada bizdən keçmədi,
Hər qadanı sovan olduq.
Görən dost-tanış bildimi
Biz könüldən yavan olduq?!

Dağdağan Bulağı hanı
Yurd yanğımızı soyutsun?!
Ölümə biz yiyə duraq,
Cavanlar yurda qayıtsın.

Otuz il gözü yol çəkdi -
Yurd çox umdu-küsdü bizdən
Yıxılmışdıq – Şükür durduq! -
Toz çırpırıq üstümüzdən.

Ordu torpağı qaytardı, -
Allah versin bərk əliylə!
Çiyin qoyub ağlayaydıq
“Poçt”da Ana heykəliylə.

Hamıya öz yurd-yuvası,
Hər kəsə öz qançəkəri.
Həsrətimiz uzun çəkdi,
İnşallah yuyar Həkəri.

Könül - sevgi vətəni

Bəbirgözlüm, uzaqlıq nə edər
quştək könüldə yuva qurana?!
Şəninə duam var axşam-səhər,
oba yatana, oba durana.

Təzə bilmişəm sevginin
yurdu, vətəni varmış,
Onun da oturaqlı sakini,
yoldan ötəni varmış.

Yaşadığın vətən bir ayrı,
sevginin vətəni bir ayrı.
Hər şey təbiətdən gəlir
yağış ayrı, qar ayrı.

Könül bir məmləkətdi,
sevənlər orda hakimdi,
Bəxtəvər o kəslərin başına
könüldə oturaqlı sakindi!

Xanım, yoldan çəkil, gedim

Gəl məni yoldan eyləmə,
Xanım, yoldan çəkil, gedim.
Dəymişi kaldan eyləmə,
Xanım, yoldan çəkil, gedim.

O qəmzən sevgi tülüdü,
Oyatma, eşq mürgülüdü...
Mənim əsgim tüstülüdü,
Xanım, yoldan çəkil, gedim.

Açılıb yaxan, görürəm,
Elə bil xoxan görürəm,
Qanımı axan görürəm,
Xanım, yoldan çəkil, gedim.

İşvələrin duzaq olsun,
Hər vaxt silahtək zağ olsun.
Xətan məndən uzaq olsun,
Xanım, yoldan çəkil, gedim.

Çıxardarsan Aya, Marsa,
Amma halıma yanmarsan,
Sən xeyirə dayanmarsan,
Xanım, yoldan çəkil, gedim.

Sevgi çəkdirər çillətək,
Uzaqdan papaq yellədək,
Qaş-göz atırsan güllətək,
Xanım, yoldan çəkil, gedim.

Özümdən çıxıb artıram,
Mütləq var yolu vardıran.
İlan dili çıxardıram,
Xanım, yoldan çəkil, gedim.

Meşədə ulas, vən olur,
Çılpaq dağda gəvən olur,
Gözəl əsir sevən olur,
Xanım, yoldan çəkil, gedim.

Bağı qoruyar çəpərlər,
Toz üstünə su səpərlər,
Dərimə saman təpərlər,
Xanım, yoldan çəkil, gedim.

Gəlmir

Yuxuların şirin üzü
Həyatda başıma gəlmir.
Haqq deyib əliçıraqlı
Ha gəzsəm, tuşuma gəlmir.

Yar yarı necə qandıra,
Qandırıb da inandıra?!
Xoş gün bu dəftər andıra
Yaz, desən - huşuma gəlmir.

Ürəyim keçir deyirsən,
İlham, məni, gör, deyirsən.
Gözümə bir cür dəyirsən,
Qırımın xoşuma gəlmir.

Ömür bir səhəng dolumu

Səhəngi suyun altda tutdu,
gələn səsi dinşədi -
boşluqdan gələn səs
ağlıkəsməz uşaqlığının səsiydi.

Su bir az yuxarı qalxıb
avazla zümzümə etdi,
bu, cavanlığı ötən zaman idi.

Sonda səs gendən dara keçdi,
səhəngin dolu boğuq səsi
qocalığın son nəfəsini çıxartdı.

Tində gözləyən taksi

Tində müştəri gözləyən
taksi misallıyam,
Mənim də içimdəki tində
səni gözləyən var.

Bir zaman...

Bir zaman bir odlu sevgi yaşadım,
Alov bülənd-bülənd, çatır-çatırdı, -
Dişimi sıxardım cınqır çıxmasın,
Qışqırsam, naləmi ərşə çatırdı.

İnsaf güc gələndə bir busə verir,
Gücü çatmayanda dedi: - Dur, geri!
Gözüm ürəyimdən xeyir də görür,
Qanı qiymətinə şəkil satırdı.

Saçları sünbüllüm, qara xal dənlim,
Ortası naziyim, sinəsi enlim.
Onu görməsəydi bu dəli könlüm,
Az qala özünü daşdan atırdı.

Xislət

Su dolduğu qabda
havaya yer saxlamaz
Sən də su xislətlisən, -
tutduğun ürəkdə
şəriksiz hakimsən.

# 3513 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #