10 dəqiqəyə yoqa öyrən!

10 dəqiqəyə yoqa öyrən!
6 noyabr 2019
# 21:00

Ağır iş rejimi, problemlər sağlamlığımızda, psixologiyamızda izlər buraxır. Bu şərtlər altında xoşbəxt olmaq o qədər də asan iş deyil. Heyf ki, bir çoxumuz stressə dözüm gətirməyib siqaret, içki, narkotik kimi vasitələrə əl atırıq. Bu vasitələr əlbəttə ki, pozulmuş ruhi və fiziki sağlamlığı daha da bərbad hala salır.

Əsəbdən, gərginlikdən qurtulmağın ən sağlam yollarından biri yoqadır. Hindistanda yaranan və həyat tərzinə çevrilməkdə olan yoqaya Şahzadə Harridən tutmuş Cenifer Enistona, Devid Bekhemdən Ledi Gagaya qədər bir çox məşhurlar üz tutub.

Yoqa nədir?

Hind fəlsəfəsindən gələn inanca görə yoqa sağlamlıq və rahatlığın açarıdır.

Bəzi ölkələrdə yoqanın buddizm elementləri daşıdığı əsas gətirilərək qadağan olunsa da, bu, dini inanc deyil. İnsanın özünü dərindən tanımağı və təbiətin harmoniyasına uyğunlaşmağı yoqada əsas şərtdir. İnsan canlıya, cansıza fərqi qoymadan hər şeyə sevgi ilə yanaşmalıdır. Bu, onu mənasız yerə kədərlənməyinin, ağrılarının qarşısını alır.

Yoqanın əsas mənalarından biri – bütövləşməkdir. Bu fəlsəfəyə görə, ziddiyyətlər aradan qalxmalı, daxildəki hisslər bir yerə toplanmalıdır.

Yoqanın tarixi

Yoqa ilə bağlı yazılı məlumatlar 5 min il əvvələ təsadüf edir. Əlbəttə, yoqa o vaxtdan bu günə qədər çox deformasiyalara uğrayıb, dəyişib və təkmilləşib.

Yoqa fəlsəfəsini ilk dəfə Patanjali e.ə. 300-cü illərdə “Yoqa Sutra” adı ilə qələmə alıb. Min illər əvvəl isə “yoqilər” bütün bəşəriyyətin müəyyən harmoniya və ritmlə hərəkət etdiyini bəyan ediblər. Onlar bu ümumbəşəri gücə “Prana” adını veriblər. “Prana” hər yerdədir, daşın, ağac, torpağın içindəki bu güc insanların içində də var. Yəni əslində yoqa içimizdə axan Pranik enerji ilə işləmə bacarığıdır. Əvvəlcə bu gücü hiss etməli və ritmini anlamalıyıq. Yoqa pozisiyaları bu hərəkətin, enerjinin axımını sürətləndirmək üçün düşünülüb. Beləliklə, bəşəri enerji ilə öz enerjimizin harmoniyasını yaradırıq.

Yoqa sözü sanskrit dilindəki “yuj” sözündən əmələ gəlib, mənası “birləşmək, bütövləşmək” deməkdir. Hazırda Avropada, Amerikada tanınan Hatha Yoqası isə feminin “Ha: Günəş” və maskulin “Tha: Ay” sözlərinin birləşməsi olub “kişi və qadın enerjisi”ni təmsil edir. Əslində, bütün dünya bu iki enerjinin vəhdətidir.

Yoqa necə edilir?

Yoqaya başlamazdan əvvəl düzgün duruş və düzgün nəfəs alma texnikasını bilmək lazımdır. Nəfəs tutulmamalı və ağızdan yox, burundan alınmalıdır. Üz əzələləri, gözlər və qulaqlar gərilməməlidir. Bədən düz durmalıdır, çünki səhv oturuş forması nəfəsin gediş-gəlişinə mane olur. Hərəkətlər vaxtı beyin mümkün qədər az aktiv olmalıdır.

Yoqa idman, gimnastika deyil. Yoqanın məqsədi ruhunuzu və bədəninizi dincəltmək, rahatlatmaqdır, onları gərmək yox. Əgər vaxtınız azdırsa, tez-tələsik yeddi hərəkət əvəzinə iki hərəkəti tələsmədən yerinə yetirməyiniz daha yaxşı nəticələr verər.

Yoqa pozisiyaları 5 mərhələdə olur:

1. Pozisiyaya hazırlıq

2. Pozisiyaya giriş

3. Pozisiyada qalma

4. Pozisiyadan çıxış

5. Dincəlmə

Səhərlər bədən sərt olduğundan hərəkət etmək çətin olur. Beyin də dincəlmiş olduğu üçün, qarşıdakı saatlarda beyin sayıqlığını azaldır. Axşamlar bədən daha elastik olduğundan pozisiyalar da rahat edilir. Səhər yoqası insanın uğur qazanmasına kömək edir. Axşam yoqası isə günün yorğunluğunu çıxarmağa və gərginliyi azaltmağa, rahat və yaxşı yuxu almağa şərait yaradır. Beləliklə, ayaqüstü hərəkətləri səhərlər, oturaq hərəkətləri isə axşam etsəniz yaxşıdır. Hər gün ən azı 15-20 dəqiqənizi yoqaya ayırın.

Hərəkətləri edəndə həmişə yaxşı şeyləri düşünün. Bədən ruhun sarayıdır. Xarici görüşün fərqi yoxdur, daxildəki ruh gözəldir. Siz gözəlsiniz, çünki ümumbəşəri gözəlliyin bir hissəsiniz. Siz düşündüyünüzdən daha gözəlsiniz. Özünüzün əyilməz, dözümlü, əsəbləri möhkəm olduğunu düşünməkdən daha çox gözəllik, harmoniya, zəriflik barədə düşünün.

İçinizdəki güc və enerji bu düşüncələrə cavab verəcək, yenilənəcək. İnsanın potensialı çox güclüdür, o, istədiyi hər şeyi edə bilər. Pozisiyaları sınaqdan keçirəndə bədəninizin elastik olmamağına əsəbiləşməyin, kefinizi pozmayın. Nə qədər bacarırsınızsa, o qədər edin. Bədəninizi öyrədin, onun qulu deyil, ağası olun. Elə bilin bədəniniz nadinc uşaqdır. Səbirlə, kübarca, qərarlı, inamlı davranın və bədəninizi daim nəzarətdə saxlayın.

Yoqa nəyə kömək edir?

Hər şeydən əvvəl insan düzgün nəfəs alma texnikasını öyrəndiyinə görə həyat keyfiyyəti yüksəlir, sağlamlıq möhkəmlənir. Ürək atışlarını stabilləşdirir. Qan təzyiqi və dövranı normallaşdırır. Əsəb gərginliyini aradan qaldırdığı üçün depressiya, panika kimi əlamətlər də aradan qalxır. Hamiləlik vaxtı edilən yoqa (düzgün durma texnikasını bilmək şərti ilə) doğum vaxtı anaya kömək etdiyi kimi doğumdan sonra da fayda verir.

Yoqa onurğanın elastik olmasında, daxili orqanların düzgün işləməsində, yuxusuzluq və kökəlmənin qarşısının alınmasında böyük rol oynayır. Buna görə də, yoqa ilə məşğul olan insanlar yaşlananda da, dinamikliklərini itirmirlər.

Yoqanı evinizə gətirdik!

I. Sukhasana

Yoqa sözünü eşidən kimi ağlımıza mütləq sukhasana pozasında oturmuş bir yoqi şəkli gəlir. Meditasiyanın əsas pozisiyası sayılan sukhasananın mənası “xəfif duruş, incəlik, xoşbəxtlik verən pozisiya”-dır. Ən böyük faydası beyni sakitləşdirməyidir.

Əvvəlcə yerə oturub belinizi dikəldin. Sonra bardaş qurun – birinci bardaşda sağ ayaq altda, sol ayaq üstdə olsun, ikincidə əksi. Bir hərəkətdən digərinə keçəndə yavaş davranın, sərt hərəkətlər etməyin. Əllərinizi dizlərinizə qoyub yaxşı şeylər düşünün. Bu, əsas meditasiya pozalarından olduğu üçün elə bir vaxt limiti yoxdur. Nə qədər istəsəniz, davam edin.

II. Kobra

Yerə, qarnınız üstə uzanın. Əllərinizi qatlayaraq çiyninizin altında yerə dirəyin. Dərin nəfəs alın və əvvəl başınızı, sonra sinənizi qaldırın. Bu pozisiyada çiyinlərinizi yuxarı dartmamağa çalışın. Nəfəsinizi verdikdən sonra əvvəlki vəziyyətə qayıdıb, hərəkəti təkrarlayın. Hər dəfə təkrarlayanda belinizi daha da arxaya əyin. Hərəkəti edəndə əllərinizdən qüvvət almamağa çalışın.

III. Əl-ayaq hərəkəti

Dik durub ayaqlarınızı birləşdirin. Dərin nəfəs alaraq qollarınızı başınızın üstünə gətirin. Əsnəyirmiş kimi bədəninizi gərin. Nəfəsinizi verib əlləriniz qabağa uzadın, beliniz mütləq düz dayanmalıdır. Bacardığınız qədər əyilin və əllərinizi ayağınızın altına vurmağa çalışın. Dərin nəfəs alıb bu pozada bacardığınız qədər dayanın.

IV. Əyilmə

Bu hərəkəti etmək sizə çətin görünsə də, gözünüzü qorxutmayın. Yerdə uzanıb ayaqlarınızı qatlayın. Sonra arxanızı yavaş-yavaş qaldırın. Çalışın çiyninizə qədər qaldırasınız. Əllərinizlə bir az güc verə bilərsiniz, amma pozisiyanı alandan sonra əllərinizi çəkin.

V. Tərs “V”

Dabanınızı yerə dayayıb başınızı aşağı əyin. Əllərinizi yerə bərk basın. Duruşunuz tərs “V” hərfi şəklində olmalıdır. Bu pozisiyada əllərinizin və ayaqlarınızın əyilməməyinə diqqət edin. Normal nəfəs alın. Unutmayın, bu hərəkət beyinə qanın işləməsini, xüsusilə bel, ayaq əzələlərini işlədir və canlandırır.

VI. Üçbucaq

Dik durun və ayaqlarınızı birləşdirin. Dizlərinizi bükün və üstdəki ayağınızın dabanını digər diz bükümünün yanına gətirin. Əllərinizi sinənizə qoyun. Belinizdən aşağını hərəkət etdirmədən əlinizi sol tərəfə döndərib əllərinizi ayaqlarınız arasında birləşdirin. Belə pozada dərin nəfəs alaraq dayanın. Sonra qollarınızı yana açıb, eyni hərəkəti sağ tərəfə dönərək edin. Bu üçbucağı bir neçə dəfə qurun.

VII. Yay duruşu

Qarnınız üstə yerə yatın. Dərin nəfəs alın və dizlərinizi arxaya tərəf bükün. Əllərinizlə ayaq biləklərinizi tutun. Nəfəsinizi verin. Yenidən dərin nəfəs alıb başınızı və sinənizi geriyə doğru qaldırın. Eyni vaxtda baldırlarınızı da qaldırmağa və nəfəsinizi nizamlı şəkildə almağa çalışın. Hərəkəti üç dəfə təkrar edin.

# 25599 dəfə oxunub

Müəllifin son yazıları

# # #