Səni qucaqladım və... – Əlibala Əhmədovun yeni şeirləri

Əlibala Əhmədov, şair

Əlibala Əhmədov, şair

13 iyul 2022
# 17:00

Kulis.az gənc şair Əlibala Əhmədovun yeni şeirlərini təqdim edir.


Ümid vermək istəməz o...

Müqəddəs Kitab qoca tut ağacı kimi
susqunluğunu qoruyur
qabığlarını qaşıyıb yesən, zəhərli dadla zərbə vurar sənə.
Və bir - birinə keçirdiyi qollarını açmır.
Gülmür.
Elə bir suya bənzəyir ki,
bir zireh ağırlığıyla çökür ovuclara...

Amma alkoqol - öz duzlu çərəzləriylə
(göbək bəzəkləri sanki)
sapsarı sidik rəngində - həm də həyasız,
əllərini açır sənə..
Öz dalını oynadan qadın abırsızlığıyla
ürəyinə yol tapır, mədəndə dolaşır.
Güldürür və ağladır..
Sanki şən siçovulların üzünə qapı açırsan..

Müqəddəs Kitab susur...

Səhərlər ağrıyla oyanarkən
çox yaxşı dərk edirəm
alkoqol üçün yaradılmadığımı
üzüm fincanlardan qalxan buxarda islananda
heçnəyi unutmuram, hər şey yadıma düşür.

(Və "sənsiz yaşaya bilmirəm" dedim,
Həm Tanrıya həm də qadına
Və nə Tanrı nə də qadın
titrəyən əllərimi tutmadı..)

Çırpıntılar susmadı
və əllər parlamadı nura qərq olmuş halda..
Müqəddəs Kitabın daş qollarına sürtürəm barmaqlarımı
O gülmək istəmir heçcür...

Xilas etmək istəmir - onu sirr kimi ağlında saxlayan
heçkəsi...


Zalım günlərdən büdrəmək

Mübarizə bitmir.
Və qəlb ölümünü arzu etməyə başlayır.
Öz eyvanına çıxır hər gün.
Qırmızı saçların qoruduğu iyrənc gülüşlər arasına..
(Murdara batan barmaqlar hər gün çarx kimi fırlanır şüurda)
Və qəlb - tüpürülmüş bir damcı qan içində hər şeyin getdiyinə inanır.
İtən xoşbəxtlik - batan gəmi burnunun əzəmətində deyil,
dikəlmiş çöp kimi görünür qanlı tüpürcək üzərində.

İşgəncə - tək olmaq bu dünyada yalnızca ona güc verir.
(Beynimin çöllüyü bir düzənliyin itaətinə çevrildi
əzab tapdalasın deyə.)
Sanki saman çöplərinə bəyaz dondurma yaxır
artıq sənə təsəlli vermək istəyən hər kəs.

(Yuyulmuş paltar suyu
əllərini yumaq üçün)

Davam edə bilmir, ruh artıq..

Çəhrayı, sarı, yaşıl - göydən gələn xoşbəxt rənglər içinə
ilanlar bükülüb sanki.
(Bir boğaz boğulur bir vedrə istiot içində)
eyvanıma çıxıram

ölümümü gözləmək üçün...

Artıq həyatın heçvaxt gələ bilməyəcəyi yerə...


Romantiklər üçün

Sular üzərində
balıqların yaratdığı bulanıqlığın dadı
Boz pulcuqların çiy tamı həm də
yüngüllükdə dincələn ruh..
Bir qəlb nəhayət ki bacarıb - əriyib qızaran metalı daha xəyal etməməyi..

Mən gödəkçəmi çıxarıb üşüyən otların üzərinə atır
və "Barka" oxuyuram..
Sən dodaqlarını dəmir qabın soyuğuna sürtür,
və gülümsəyirsən.
(Xoşbəxtik - elə bil ki, hardasa
bıçaq əriyən tortun
içində gəmi kimi batır)

Toxunduğumuz yerlər, evin divarları
özüylə məzə gətir - islaq kartonlara barmaq vururuq elə bil ki...
(İslaq kartonlar nə vaxtsa kədərin özü idi.)
Və yuxularımız
uşaq əlində tumu atılmış
bir əriyə bənzəyir - qorxusuz, həm də sakit..

Məni qucaqladın və kəsdim "Barka" oxumağı..
Səni oxumağa başladım...


Az öncə xəyalımdaydın

Boz və qısır işrət sona yaxınlaşanda
(pendirdən çox bədən kisəsinə bənzəyəndə kədərli nəfs)
alkoqol - başda gölməçə olmuş
son yaşları təpikləyir.
Və sona çatır ağlamaq.
Ruhuna bir ovuc şəkər tozu bəxş edilir, xırda bir nəlbəkidə..

Kuklasını oynadan uşaq kimi xoş anları düşünürsən
(yaxud - boz ağacın üzərinə buğda rəngini yaxırsan) :

"....Sən məni izləyirsən -

Abırlı sevgilini.
Və sənə toxunarkən abırlı üzümdə
şəhvəti seyr edirsən.

(Elə bir zəhm və ciddiyyət ki - boz halqasının üzərində
xırda çiyələk bitib.)
Və içinə dolan gülüş
şəhvət qədəhləri üzərində
barmaqlarıyla gəzir.

Sən eşqimin içində dirçələn nəfsimi seyr edirsən
həqiqi şəhvətə layiq görülmüş ləyaqəti..
Gülürsən - bədəninə tutulmuş nəfsimi sifətimdə sezəndə.
Key iştah - elə bil ki, başıma qolf çubuğu çırpılıb..

Quruyub, bitib düşüncə..

Bədənini dadıram ki - bu şirin maneədən qurtulum
yenidən ruhuna pərəstiş etməyi bacarım.."

Xəyallar bitir.
Alkoqol tərk edir bədəni
(xidmət başa çatdı)

Və sanki bir yemişin suyu quruyur..

Yenidən səni xatırlayaraq tək qaldım
Və nə Allahla, nə də sənlə barışa bildim...

# 3519 dəfə oxunub

Müəllifin son yazıları

# # #