Vəzifəli əğyar, Neftçala uşaqları və etiraf - Firidun Ağazadə

Vəzifəli əğyar, Neftçala uşaqları və etiraf - Firidun Ağazadə
24 sentyabr 2024
# 14:10

Kulis.az Firidun Ağazadənin yeni şeirlərini təqdim edir.

“Əğyar” “qeyri” sözünün cəmidir

“Əğyar” “qeyri” sözünün cəmidir, “yad, kənar, rəqib” mənasındadır, aşiqin rəqibləri çox olur...

Mən sevməyə başlayanda
Hər tindən bir əğyar çıxdı.
Mənim sevda yolçuluğum
Düşdü dalandan-dalana,
Bir ünvana məgər çıxdı?

Əğyar birdi, ikidimi?
Heç yolumdan çəkildimi?
Gah ağır çəkili oldu,
Gah millət vəkili oldu,
Gah iribuynuzlu məmur -
Vəzifəli əğyar ilə
Məgər ayaqlaşmaq olur?

Alnına ki yazılmayıb,
Mən nə bilim kim əğyardı,
Var kim - yollarda-yollarda.
Dəvə ömrüm eşq yükünü
Çəkir yollarda-yollarda.


Vaqif Mustafazadə, Fevral havası, Neftçalanın uşaqları

Yağışdan sonra yeddi rəngdə
Çiçəkləyən göy tağları
Fantaziya soraqlayır.
Yəqin, o yağış Vaqif Mustafazadədir.

Ay işığında
Prospektin o tayında
Səkkizinci mərtəbənin
Tül pərdəli otaqları
Fantaziya soraqlayır.
Ay işığı Vaqif Mustafazadə olmaq istəyir, yəqin.

Fevralda Şüvəlanda
Bağ evlərinin
Külək döyən çardaqları
Fantaziya soraqlayır.
Külək Vaqifi yamsılayır, əlbət.

Çırmalayıb balaqları,
Atıb Kürə qarmaqları,
Vallah, billah, balıq tutmur –
Neftçalanın uşaqları
Fantaziya soraqlayır.
Neftçalanın uşaqları
Vaqif Mustafazadə olub, deyəsən.


2010-cu ilin şeiri

Niderlandda idim, Şamaxıdan zəng gəldi: “Heç nə... Şamaxıdan zəng edirəm, Pirquluya gətiriblər məni, guya depressiyamı dağıdım... İstəmirəm... Dedim, sənin səsini eşidim... Sağ ol. Axtarma-eləmə ha...”

Mənə Şamaxıdan zəng elə bir də,
Mənə Pirquludan bir də zəng elə...
Darıxma, sabah uçuruq Bakıya,
Əğyarın “beləsi belə”!

Hərdən depressiyan olur, bilirəm.
Bu saat
Amsterdamda aptekdəyəm,
əlimdə üç qutu antidepressant.
Amma sənin dərmanın sevgidi,
Bir də mənim kimi bir dəli.
Bu sevgi ki var - həsrətin yavrusudu.
Məgər görmədin,
o gün əsl Pirqulu havası vardı
“Travellers” kafesinin sol yarusunda...
Mənsiz
dərman olacaqmı sənə Pirqulu?
Bir də ki, antidepressantı neynirsən? -
Burda səbirsizdi bir sevgi qulu...

Alo, şarjım bitir...

Biliyorum, sana giden yollar kapalı...
Cemal Süreya

Alo! Üzü Dönmüş!
Həsrətimin şarjı bitir,
Bir xatirə ilə
məni şarj elə,
Məsələn, belə:
De ki: “Mən trolleybusları çox sevirdim,
Ötən günlərimizin
trolleybus kimi
buynuzları çıxıb elektrik xəttindən,
qalıb Şeyx Şamil küçəsində... yoxuşda...”
Ay, nə xoşdu!
Ya da Mesencerə bir söz yaz,
Şarj yığım sözündən.
Öpüm gözündən!
Eyham ilə yaz,
Mən başa düşərəm...
Neçə illərdi
qeyri-sabit hava şəraitində yaşayıram.
Səni mən
iqlim fəsadı kimi ömrümdə daşıyıram.

Ya da şəbəkə hesabında o köhnə şəklini qoy,
ən dərdli şəklini –
Orda ki, payız küləyi sitəmlə dağıdır telini,
Kiminsə çiyninə qoymusan əlini...
Qoş məni dərd-sərinə.
Ya da köhnə bir kadr kimi
televizorda görün,
Rişxəndlə baxaraq
Hətərən-pətərən danışan ərinə...
Bilirsən ki, məni şarj etməyə
kiçik bir epizod yetir.
Alo! Üzü Dönmüş!
Məni şarj elə,
Axır zamanlar tez-tez şarjım bitir...

Qatarla Lənkərana getməyim

Gecə saat birin yarısında yola çıxan Bakı-Astara qatarı sübh çağı Lənkərana çatır. Tələbəlik illərində tez-tez bu yolu qatarla gedirdik. Plaskart vaqonun ikinci yarusunda uzanıb pəncərədən oyanmaqda olan Xəzərə heyrətlə baxırdım. Möcüzə idi! Sahil boyu uzanan relslərin səsi bir əruz bəhri idi – “ta-ta-ta... ta-ta-ta... ta-ta-tra...” Eyni mövzuda Qabilin də gözəl bir şeiri var: “Gecə birin yarısında”.

Xəzərdə sökülən qızıl dan
Min lələk çıxarıb qızıldan.
Uzaqda bir dəstə qağayı
Suları sahilə sığayır.
Yalayır qumları neçə dil,
Uzunsov, şirmayı, haçadil...
Danüzü dənizdə daranan
Yaşılbaş sonadı Lənkəran.
Açılır, sökülür qızıl dan
Ləpələr don geyib qızıldan.
Ta-ta-ta, ta-ta-ta, ta-ta-tra...
Bir addım o yanda Astara.
Üfüqün gözündə od rəngi,
Al günəş nəhəng bir narıngi –
Düşübdü suların qoynuna
Qızarır yuyuna-yuyuna.
Oyanır yuxudan Lənkəran,
Yaşıllıq qoynunda qızaran
Qızılban evlərin cərgəsi
Heyrətə salmaqda hər kəsi...


Dünən kitab təqdimatında

Sənin
məni hələ də sevdiyinə
əsaslı şübhələr var...

Dünən kitab təqdimatında
adım çəkiləndə diksinmisən,
Rəfiqən soruşanda
fikir bildirməkdən çəkinmisən.
“Yaxşı tanımıram,
Deyirlər, yaxşı tərcüməçidir...
Üç-dörd şeirini də oxumuşdum arada...
Yox, elə yaxından tanımıram,
Heç bilmirəm, yoluma çıxdı harada,
İntəhası,
gözəl bir sevgi yaşadıq arada...
Yox, o hara, mən hara?
O sıravi şairdir
ədəbiyyatın böyür-başında.
Bizimki(lər) – Füzuli yaşında, Homer yaşında.
Mənə Sultan Süleyman aşiqliyi gərək,
O - bir sıravi aşiq...
Boş verin, əşşi...
Yəni “dramatikləşdirməyin”...
Yox, sözüm yox, sevə bilir,
Çox həssas biri –
Odur ki, öz dərdimi də yüklədim ona –
Güclüdür – çəkə bilir...
Yox, yaxından tanımıram,
məşhur biri deyil ki...”
Bax, bu yerdə,
Füzuli demişkən, “qan tökür çeşmim”,
Qoy bilməsin heç kim!
Sən – 2010-cu ildən qalan kəsirim,
Yazdım ki, qalmasın sirrim.


On yeddi yaşlılar kimi

Bir dəli cəsarət deyir,
Təzədən vurulum sənə.
Yolunda gül kimi bitim -
Səhərlər gəlib keçəndə
Açılım-yumulum sənə.

Təzədən vurulum sənə
On yeddi yaşlılar kimi.
Sonra bir şəkil çəkdirək -
Nənə yaşlı, baba yaşlı
Ağıllı-başlılar kimi.

# 1501 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #