Ürəyim quraqda qalıb - Qalib Şəfahətin şeirləri

Ürəyim quraqda qalıb - Qalib Şəfahətin şeirləri
23 mart 2024
# 12:00

Kulis.az Qalib Şəfahətin yeni şeirlərini təqdim edir.

Ürəyində

Çöl yaman soyuqdur, gülüm
Yatır məni ürəyində.
Sən ümman ol, mən bir qayıq
Batır məni ürəyində.

Dərdə yara düşən kimi,
Qəlbə qara düşən kimi,
Harda dara düşən kimi,
Götür məni ürəyində.

Ömrə, günü bəxti tən kəs.
Bir az uzun, bir az gün kəs.
Məni səndə axtaran kəs
Tapır məni ürəyində.

Ağıllı bil ya divanə
Yolum qəlbində yubana.
Son mənzilə, son ünvana
Çatdır məni ürəyinə.

Ürəyim quraqda qalıb

Ürəyimə yağmır yağış
Ürəyim quraqda qalıb.
Hamıdan uzağa gedib,
Hamıdan uzaqda qalıb.

Gücü yoxdu güc verməyir,
Cücərdən yox, cücərməyir,
Heç kəs onu becərməyir,
Əkindən qıraqda qalıb.

Gözə dəyməyir görələr,
Ələ yetməyir dərələr,
Dərib bir qıza verələr,
Elə künc-bucaqda qalıb.

# 2027 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #