Uçan xanımlarla tanış oldum - Aydın Uluxanlıdan yeni şeirlər

Uçan xanımlarla tanış oldum - Aydın Uluxanlıdan yeni şeirlər
2 fevral 2022
# 17:00

Kulis.az Aydın Uluxanlının yeni şeirlərini təqdim edir.

Uçan şeirlər

Dönüb geriyə boylandım,
iki min iyirmi birin uzaqlarına.
Uçan şeirlər yazdım,
uçan xanımlarla tanış oldum arada,
uçan pıçıltılar eşitdim.
Uçmağı öyrətdim fikirlərimə.
Fərəhsiz sözlər oxudum baxışlardan,
qan ağlayırdı fərəhsiz baxışlar.
Qan dondururdu,
qan qaraldırdı baxış bucaqları.
Qan-qan deyirdi göz yaşları.
Körpə-körpə mələk uşaqlar
analardan çörək istəyirdi,
analar uçurdu yuxularında.
Uçan körpə mələklər görürdü,
uçan boşqablar yuyurdu analar
iki min iyirmi birin xarabalıqlarında.
Uçurdu, uçurdu körpə mələklərlə körpə xəyallar,
köçürdü, köçürdü körpə mələk xəyallar.
Əlləri çatmırdı arzularına,
əlləri çatmırdı yuxularına.
Əlləri sevinmirdi, əlləri ovunmurdu,
xəyal qururdu göyüzündə körpə quldurlar,
gerçəklər yerini dəyişmişdi.
Uçan almalar yetişdirdim,
uçan şəftəlilər satdım
iki min iyirmi birin sazaqlarında.
Xoşbəxt görməyə çalışdım
uçan körpə xəyalları.
Çərpələng uçurdurdu,
şəkər qaçırdırdı körpə mələk xəyallar.
Çalışdıqca uçdum,
uçduqca çalışdım onlara doğru
iki min iyirmi birin dərə-təpələrində.
Uçan salamlar qazandım,
uçan ayaqqabılar geyindim,
uçan yaxalıq taxdım köynəyimə.
Uçmaq haqda düşündüm,
düşünmək haqda uçdum.
Bir də dönüb boylandım,
bir də dönüb quylandım
iki min iyirmi birin qayalıqlarına,
uçan saatları gördüm,
uçan dəqiqələri gözlədim,
uçan anları izlədim.
İz açdım zamanın üstündən.


Başa gələn il

şair dostum Ağacəfər Həsənliyə

İl nə tez başa gəldi,
günlər oyun oynadı,
aylar tamaşa gəldi.
Ümidlər daha bir yaşa gəldi,
ümidlər yaşlandı, ümidlər qocaldı,
qayğılar dolaşa-dolaşa, aşa-aşa gəldi.
Yoruldu, üzüldü ümidlər
közərən çiçəklərdən.
Uğurlar dalaşa-dalaşa gəldi,
sevinclər savaşa-savaşa gəldi.
Bütün gələnlər çarpışa-çarpışa gəldi.
Göyüzünə yazıldı bütün gedənlər,
uzaqlar yaxın oldu, yaxınlar uzaqlaşdı.
Ayrılıqlar görüşə-görüşə gəldi,
yana-yana, alışa-alışa gəldi,
dodaqlar ayrılıqlardan çatladı.
Üzüntülər baş-başa gəldi,
əriyə-əriyə, qırışa-qırışa gəldi.
Göyüzünə dağıldı saatların çıqqıltısı,
sıxıntılar daraşa-daraşa gəldi.
Sarsıntılar qoşa-qoşa,
göz yaşları sayrışa-sayrışa gəldi.
Tutub qolumuzdan apardı bizi
içimizə bulaşan hıçqırtılar.
İl nə tez başa gəldi,
qayaya, daşa gəldi.
Başımmı ilə gəldi, ilimmi başa gəldi,
Hər nəydisə daha bir yaşa gəldi.
İl nə tez başa gəldi,
il nə tez boşa gəldi.


Sil başdan

dünyanın ən gözəl müğənnisi Şəbnəm Fərəhə

Səni gizlətmək istədilər,
çözmək istədilər, sıfırlamaq istədilər.
Çağlayan sulardan, çağlayan səslərdən,
çağlayan ürəklərdən gizlətmək istədilər.
Ört-basdır eləmək istədilər gözəlliklərdən.
Unutmaq, unutmaq gözəllikləri,
haqsızlıqları unutmaq,
yalqızlıqları, üzüntüləri unutmaq.
Səni silmək istədilər,
bölmək istədilər, paralamaq istədilər.
yaralamaq istədilər, yaralamaq,
ancaq sən qorxmadın onlardan.
Yenilməzlikləri səsləndirdin,
ölməzlikləri göyüzünə səslədin.
Ənginlikləri, zənginlikləri sıfırladın,
sıfırlamaqdan qorxmadın göyüzünü,
ağrını, acını sıfırladın,
sıfırladın göz yaşlarını.
Bir daha yaşamaqdan,
bir daha başlamaqdan qorxmadın.
Yolların başından,
yolların daşından qorxmadın.
Sıfırladın qayaları, sıfırladın çakıl daşları.
Daş kimi göz yaşları axdı şərqilərindən,
ağlamağı sıfırladın.
Unutmaq, unutmaq göz yaşlarını,
yanğıları, üzüntüləri unutmaq,
üzüntülü sevgiləri unutmaq.


Qızıl adam

dostum və şairim Əhməd Oğuza

Qəfil şillə kimi dəydi üzümə
Əhməd Oğuzun bəd xəbəri.
Bəd xəbərin yaylım atəşinə tuş gəldim.
Nə qəfil bəd atəşdi,
nə qəvi bəd atəşdi.
Yaralandım bəd xəbərdən,
aralandım bəd xəbərdən,
baş alıb qaçdım yaylım atəşiylə.
Bir daha deməyin mənə
Əhməd Oğuzun bəd xəbərini,
bir daha aldatmayın məni.
Qızıl insanları öldürmək olmaz,
qızıl şairləri öldürmək olmaz.
Məni öldürə bilərsiniz,
məni üç dəfə yerdən qaldıra bilərsiniz,
Əhməd Oğuzu qıymaram.
Əhməd par-par qızıldandı,
əlləri qızıldı, yerişi-duruşu qızıldı,
qızıl xırdalayırdı hər addımında.
Söz demirdi, şeir yazmırdı,
qızıl xırdalayırdı.
Qızıl işinə baxırdı Əhməd qardaşım,
bədxahların gözündən uzaq.
Ürəyi qızıldandı, səsi qızıldandı,
qızıl tökülürdü barmaqlarından.
Çörəkpulunu qızıl əyarlı barmaqlarıyla qazanırdı,
haqq yağırdı, dürüstlük axırdı barmaqlarından,
haqq-ədalət alveri edirdi.
Onun da alveri belə şeylərdi,
özünə sığışdırmazdı xırda işləri.
Qızıldan tərəzisi vardı bu kasıblıqda,
tərəziyə qoyurdu yaxşı-yamanı,
amanı, gümanı masaya yatırırdı.
Barlı-bərəkətli masası vardı,
doyurmasa buraxmazdı,
bədxərclikdən darıxmazdı heç vaxt.
Süfrəsi pap-par yanırdı,
baxışları par-par, əlləri par-pardı.
Əməlləri par-pardı qızıl qardaşımın.


Kölgələr

Kölgəsiz adamların şəhərindəyəm,
kölgəsiz küçələrdən keçirəm,
kölgəsiz bulaqların suyunu içirəm.
Kölgəsiz pişiklər baxır mənə aynalardan,
kölgəsiz göydələnlərin yanındayam.
Kölgə axtarıram küçələrdə,
mağazalarda kölgə satılır.
Ən uzun kölgələr
ən baha qiymətədi,
pulum çatmır kölgə alam.
Kölgə alveri gedir şəhərdə,
kölgəsiz adamlar satır
kölgələri piştaxtada.
Piştaxta özü də kölgədi,
kölgə özü də kölgədi, əsli deyil.
Əsil kölgə satışda yoxdu,
qara bazardadı, qara kölgələrin dazarında.
Əl-əl axtarırlar,
əl-əl gəzdirirlər,
əl dəyişdirirlər qara kölgələr.
Kölgə savaşı gedir,
savaş müəyyən edir kölgənin məzənnəsini.
Məzənnənin kölgəsi
özündən baha satılır.
Kölgə əkib kölgə becərirlər,
kölgə zərfləri göndərirlər
əziz-xələf bayramlarında bir-birinə.
Kölgələr göyüzünə qalxır,
kölgələr məsum sularda üzür.
Çox adam kölgəsini soyunub atır,
yaxa qurtarmaq istəyir kölgəsindən,
çoxu da ucuz-baha demədən satır.
Kölgə yazır, kölgə pozur şairlər,
kölgə istehsal edir qəzetlər.
Körpələr kölgə yeyib-içir,
kölgə-kölgə körpələr.
Analar kölgəyə hamilə qalır,
uçur, uçur kölgələr,
qaçır, qaçır kölgələr.


# 2964 dəfə oxunub

Müəllifin son yazıları

# # #