Təbriz keçir ürəyimdən - Qalib Şəfahət

Təbriz keçir ürəyimdən - Qalib Şəfahət
21 dekabr 2023
# 10:40

Kulis.az Qalib Şəfahətin "Təbriz keçir ürəyimdən" şeirini təqdim edir.

Asta tərpən, asta yeri,
Təbriz keçir ürəyimdən.
Sevindirin göyü, yeri-
Təbriz keçir ürəyimdən.

Xəyal uzun, sükut dərin,
Hamıya xoş müjdə verin,
Ayaq altda xalı sərin,
Təbriz keçir ürəyimdən.

Qəlbim xudafərin yolu,
Arzularla əli dolu,
Oğuz yurdu, turan eli,
Təbriz keçir ürəyimdən.

Ötdü zaman, keçdi dövr,
Ərdəbildən salam deyir,
Gəncə, Bakı yol gözləyir,
Təbriz keçir ürəyimdən.

Nə danışın, nə də dinin?
Xəyallardan düşün, enin,
Xoş günüdür ayın, ilin
Təbriz keçir ürəyimdən.

Bu həsrət, ayrılıq bitsin,
Arzular murada yetsin.
Qapıları açın keçsin,
Təbriz keçir ürəyimdən.

# 1802 dəfə oxunub

Müəllifin son yazıları

# # #