"Tamaritin göz oxşayan bağları..." - Federiko Qarsia Lorka

"Tamaritin göz oxşayan bağları..." - Federiko Qarsia Lorka
13 avqust 2024
# 18:33

Kulis.az məşhur ispan şair Federiko Qarsia Lorkanın "Tamarit divanı"ndakı şeirləri Mahir N.Qarayevin tərcüməsində təqdim edir.

Tamarit - İspaniyada tez-tez rast gəlinən mavritan toponimidir. Qranadanın ucqarında, Lorkanın ata mülkünün qonşuluğunda yerləşən Tamarit bağı (Uerta del Tamarit) şairin dayısı Qarsia Rodrigesə məxsus idi.

Sevgi və tənhalıq mövzusunda yazdığı "Tamarit Divanı" ("Dıvan del Tamarıt") şeirlər toplusunu Lorka "misraları əl-Həmranın divarlarına həkk olunmuş" ərəb-əndəlüs şairlərinin xatirəsinə ithaf edib.

Orta əsrlərin islam ədəbiyyatında poetik antologiyanın ənənəvi adı olan Divan bu kitabda sırf şərti xarakter daşıyır, çünki Lorka qəzəl və qəsidə janrı üçün mütləq sayılan klassik norma və qaydalara tam sərbəst yanaşır.

12 qəzəldən və 9 qəsidədən ibarət kitab 1934-cü ildə Qranada Universitetinin nəşriyyatında, görkəmli ərəbşünas alim Emilio Qomesin Ön sözüylə çap olunmalıydı. Lakin iş xeyli yubandığından həmin nəşr alınmadı, Lorka kitabı yalnız 1935-ci ildə tamamlaya bildi və "Tamarit Divanı" ilk dəfə şairin faciəli ölümündən dörd il sonra, 1940-cı ildə Nyu-Yorkda "Revista İspanika Moderna" dərgisində işıq üzü gördü.

I. Suda yaralanmış çocuğa qəsidə

Kaş quyu dibinə enə biləydim,

kaş Qranadanın

hündür divarına çıxa biləydim,

qaranlıq suların şiş uclarıyla

deşilmiş ürəyə baxa biləydim.

İnləyirdi, zarıyırdı

canıyla əlləşən yaralı uşaq -

bir çələng də vardı başında onun

qandan, qırovdan.

Qaldırırdı qılıncını

küləkdə quyular, çeşmələr, ovlar.

Ah, bu qara sevda,

bu iti xəncər!

Yox, soruşma məndən bu necə oldu -

bu nə qara gecə,

nə ağ ölümdü?!

Dan yeri sökülən bu çöl nə çöldü -

bu səhra nə səhra,

bu qum nə qumdu?!

Boğazında qalan

yatmış şəhərlə

tək-tənha uzanıb zarıyır tifil;

yuxuda gördüyü fəvvarələrlə

acgöz yosunlardan qorunur tifil.

Sanki bir-birinə sarılıb qalan

bir cüt yaşıl yağışdı

can verən uşaqla

can alan əcəl -

uşaq yerə uzanıb,

əcəl də əyilib onun üstünə.

Quyunun dibinə

enə bilsəydim,

hasarın başına çıxa bilsəydim,

yosunla doldurub ürəyimi mən

qaranlıq suların yaraladığı

tifilin qəlbinə baxa bilsəydim.

II. Ağı haqqında qəsidə

Xeyri yoxdu

pəncərəni bağlamağın -

boz divarın arxasından

eşidilən yalnız ağı.

Başqa heç nə eşidilməz -

nə cənnətdə mələklərin gülüşməsi,

nə həyətdə köpəklərin hürüşməsi;

tək bir ovcuma yerləşər

bəlkə, min-min kaman səsi.

Amma ağı -

qosqoca bir mələkdir,

harda gəldi sülənən,

qartımış bir köpəkdir;

ən birinci kamanıdır dünyanın,

göz yaşında boğulan bir küləkdir.

Və ətrafda

heç nə yoxdur -

başqa heç nə, yalnız ağı.

III. Budaqlara qəsidə

Tamaritin göz oxşayan bağları

və bir sürü köpəyi var, iti var -

güdürlər ki, bu yaşıl budaqları

pis havalar nə vaxt qırar, sındırar.

Tamaritin alma budaqlarından

salxım-salxım göz yaşları asılıb;

yer-göy yanır bülbülün ahlarından,

qırqovul da külü yığıb basdırır.

Budaqlardı təkcə bizə oxşayan -

nə dərd cəkər, nə ağlayıb saç yolar;

elə rahat yatırlar ki, yağışda

bəs deyərsən, hərəsi bir bağçadır.

Bir cüt vadi suya batıb dizəcən

gözləyirdi payız quraqlığını;

ağır-ağır sürünürdü toranlıq,

sürüyürdü arxasınca budağı.

Tamaritdə

uşaqlar var bir topa,

kəsdiriblər ağacların altını -

gözləyirlər ümidlə ki, yel qopar,

qırıb-çatar sütül budaqlarını.

IV. Çılpaq uzanmış qadına qəsidə

Bu ağ, bu çılpaq bədən

at nalları dəyməyən,

bircə ot da bitməyən hamar torpaqdı, torpaq.

Bu ağ, bu çılpaq bədən

gümüşlə sərhədlənən,

zamanın qapandığı yer üzündən bir soraq.

Ah, bu bədənə baxmaq

sütül gövdədən yana

göz yaşları axıdan leysanı anlamaqdır;

Bir ulduz işığına

həsrət qalan dənizin

qırışıq üzündəki xiffətə ağlamaqdır.

Yataq otaqlarında

nəğmə kimi qəfildən kükrəyən qanın səsi

və qılıncın şimşəktək parlayan sərt tiyəsi

parçalayar bir anda sükutun yaxasını;

Sənsə bilməzsən onda,

anlamazsan heç zaman -

qurbağa ürəyinin harda saxlandığını,

harda gizləndiyini bənövşə yuxusunun.

Ayaqların -

dartılıb gərilən köklər kimi,

dodaqların sərhədsiz dan yerinə bənzəyir.

Yatağında -

o islaq, o yaş güllərin altda

çığırışan ölülər növbəsini gözləyir.

V. Açıq havadakı yuxuya qəsidə

Jasmin çiçəyi.

Bir də öldürülmüş bir buğa.

Səhər. Uzun daş səki. Salon. Arfa. Xəritə.

Bir buğa zənn eləyir o jasmini qızcığaz,

buğanı da - toranda qan ağlayan böyürtü.

Göy üzü bənzəsəydi balaca bir oğlana,

qapqara görünərdi jasminlər həmin gecə

və buğa da tapardı çoxdan arzuladığı

o mavi arenanı bir sütun dibindəcə.

Amma neyləyəsən ki, göy üzü bir nəhəng fil,

o jasmin də eləcə qanı çəkilmiş sudur.

Qızcığazsa gecənin yuxusunda elə bil

daş səkiyə atılmış bir çiçək dəstəsidir.

Jasmin çiçəyi.

Bir də öldürülmüş bir buğa.

Fil qarmağı və yatmış adamlar var arada.

Jasminin ürəyində fillər, bir də buludlar

və qızın skeleti öldürülmüş buğada.

VI. Heç vaxt olmayacaq

əl haqqında qəsidə

Kaş bir əlim olsun, yaralı bir əl -

başqa istəyim yox, umacağım yox.

Kaş bir əlim olsun, yaralı bir əl -

nə yataq gərəkdir mənə, nə yuxu.

Qonaydı sinəmə göyərçin kimi,

ya da lap sapsarı zanbaq olaydı;

can verdiyim gecə gözətçim kimi

Ayı otağıma buraxmayaydı.

Mənim istədiyim yalnız o əldir -

yanımı kəsdirib dursun hər zaman.

Mənim istədiyim yalnız o əldir -

tutsun ölümümün bir qanadından.

O əldən savayı,

qalan hər nə varsa, keçib gedəndi.

O əldən savayı,

qalan hər şey yalan, hər şey hədərdi.

Hər şey solub gedir günün birində -

adsız işıq olsun, ya parlaq ulduz.

Xəzan yarpaqları uçub gedəndə

ardınca ağlayan küləkdi yalnız.

VII. Qızılgülə qəsidə

Yerdən üzülüncə

qızılgül vaz keçdi sübh şəfəqindən;

günəşdən, işıqdan heç nə ummadı -

özgə bir şey aradı.

Nə bürkü istədi,

nə də həsrətini çəkdi kölgənin;

nə yuxunu seçdi, nə də gerçəyi -

özgə bir şey aradı.

Ay işığındaca

donmuşdu, qalmışdı eləcə səssiz.

Yox, gül aramadı göydə qızılgül -

özgə bir şey aradı.

VIII. Altun qıza qəsidə

Göy sular axşamüstü

qızararkən büsbütün

çayda bir qız çimirdi,

bədəni buz kimiydi.

Budaqlar və yosunlar

ağ qıza dağ çəkirdi;

Bülbül də qorxusundan

gizlicə ah çəkirdi.

Yetişdi Aylı gecə,

gümüşə döndü ürək;

yalın dağlar boyunca

əsdi qaranlıq külək.

Qızsa suyun içində

eləcə ağarırdı -

odundan, atəşindən

çayı alov sarırdı.

İşıqlanan üfüqdən

keçdi getdi inəklər.

Altun qız ağ kəfəndə,

başında buz çələnglər.

Od içində çimən qız

gözündən yaş tökürdü;

qanadları alışmış

bülbül də hönkürürdü.

Ağappaq vağ quşuna

dönmüşdü altun bədən,

qızıl suyun üzündə

qızarırdı get-gedə.

IX. Qəribə qumrular haqqında qəsidə

Bir cüt kədərli qumruydu -

dəfnə budağında oturmuşdular.

Biri Günəş, biri Aydı -

mənə qəmli-qəmli yas tutmuşdular.

Aydan soruşdum: "Ay bacı,

de görüm, məzarım mənim hardadı?"

"Köksümdədir", - söylədi Ay,

Günəş də tez açdı qanadlarını.

Qurşağacan batıb yerə

beləcə gedərkən gördüm uzaqda -

İki qar qartalı uçdu göylərə,

bir də bir çılpaq qız gəzir qıraqda.

Qartalların biri o birisiydi,

çılpaq qızsa heç biri.

Üz tutdum qoşa qartala:

"Bacılar, məzarım mənim hardadı?"

"Köksümdədir", - biri dedi;

o biri tez yığdı qanadlarını.

Və mən qartal kölgəsində

iki qumru gördüm - oturmuşdular.

Və mən dəfnə budağında

iki qumru gördüm - yas tutmuşdular.

Biri Günəş, biri Aydı -

biri o biriydi, heç biri yoxdu.

Yox idilər ayrı-ayrı -

hər ikisi birdi, heç biri yoxdu.

Fərqi yox,

gerçəkdi, yoxsa, yuxuydu,

ölüydü, diriydi - heç biri yoxdu.

Çevirəni: Mahir N.Qarayev

(ispancadan sətri tərcümə əsasında)

"Ədəbiyyat qəzeti"

# 977 dəfə oxunub

Müəllifin son yazıları

# # #