Son görüşdə dodaqlarından öpmək istəmişdi... – Amildən yeni şeirlər

Son görüşdə dodaqlarından öpmək istəmişdi... – Amildən yeni şeirlər
12 iyul 2021
# 17:10

Kulis.az gənc şair Amil Amalın yeni şeirlərini təqdim edir.

Uzanıb torpağa
gözlərimi yummuşam
günəşə sarı.

Rənglər gah qırmızı,
gah narıncı,
gah sarı…

Hərdən tünd qırmızı,
bənövşəyi,
çəhrayı,
uçuşur rənglərin içində ahənglər
ulduzlar kimi.

Uzaqda qara dəlik,
içində ağımtıl işıq,
elə bil vakumda
hansısa ulduzdayam.

Düşünürəm...
göyümtül rənglərin seansında
gözüyumulu düşünürəm…

Zilləyib gözünü
günəşə baxsan
yandırar gözünü,
qoymaz baxmağa.

Amma möcüzəyə,
qüdrətə bax sən.
Yumub gözlərini
gözüyumulu baxsan,
nəyinki günəşi
hətta içindəki
bütün rəngləri
görmüş olarsan.

Gözüyumulu günəşə sarı
yenə də düşünürəm...
Bu dəfə
yeni rəng kəşf edəcək kimi
qarışıq rənglərin əhatəsində
düşünməyə davam edirəm.

Əgər gözlərimi yumub
günəşi görürəmsə,
əgər gözlərimi yumub
yuxu görürəmsə,
əgər gözlərimi yumub
xəyal edirəmsə,
əbədi ölürəmsə,
niyə olmasın axı
o biri dünya?

Günəş kimi,
yuxu kimi,
xəyal kimi
o biri dünya.

Artıq düşünmürəm…
Yavaş-yavaş
açıram gözlərimi,
kirpiklərimə yapışıb
nur qəlsəmələri...

Xoşbəxtəm!

***

Son dəfə görüşəndə
dodaqlarından öpmək istəmişdi,
yenə də qoymamışdı qız.

“Bağışla” söyləmişdi
hər ikisi eyni anda.

Gülmüşdülər,
sonra qucaqlaşıb
ayrılmışdılar.

Xəbərləri yox idi,
ömürlük ayrılırlar.

İndi neçə gün idi ki o qız
yeni düzəldilmiş
şəhid bulağına
xəlvətdə yaxınlaşıb
üzünə su vururdu.

Sonra ovcundakı suyu
öpüb içirdi.

***

Hədiyyə verdiyin yapışqan
hələ də
köhnə soyuducunun döşündən
xatirə medalı tək asılıb.

Yemək üçün hər səfər açıb-örtəndə
içim-içimi yeyir.

Görən bu maqnit hədiyyələr
nədən soyuducuların
qapısına yapışdırılır?

Bəlkə
onların arxasındakı ərzaqlar
xatirələr kimi donur deyə...

***

Sözlərimi qulağına sırğa,
biləyimi biləyinə bilərzik,
nəbzimi qoluna saat,
qollarımı boynuna boyunbağı,
barmağımı əlinə üzük et,
sevgilim.

Bundan savayı sənə verməyə
heç nəyim yoxdur.

***

Bilmirəm səndə yaşayıram
yoxsa yox,
bircə onu bilirəm
sən hələ də
məndə yaşayırsan.

Yəni deməyim odur,
haçan lazımın olsa
yaşayış yerindən arayış,
gəl yazım verim.

***

Xatirələr xəritəsində
bütün cəhətlər
səni göstərir.

Şimal - Sən
Cənub -Sən
Şərq - Sən
Qərb - Sən

Amma bilirəm,
azmamışam.

***

Adətən,
möhkəmdən kitab oxuyanda
deyirlər
ürəyində oxu.

Yəni,
möhkəmdən sevəndə
ürəyində sev.

No description available.

# 2792 dəfə oxunub

Müəllifin son yazıları

# # #