Sevdiyin qədər seviləcəksən - Günün şeiri

Sevdiyin qədər seviləcəksən - Günün şeiri
21 avqust 2023
# 14:00

Bu gün görkəmli türk şairi Can Yücəlin doğum günüdür. Kulis.az bu münasibətlə onun "Hər şey səndə gizli" şeirini təqdim edir.

Yerin səni çəkdiyi qədər ağırsan,
Qanadların çırpındığı qədər xəfif.
Qəlbinin döyüntüsü qədər canlı,
Gözlərinin
uzağı gördüyü qədər gəncsən.
Sevgin qədər xeyirxah,
Nifrətin qədər bədxahsan.
Nə rəngdə olur-olsun qaşın-gözün,
Qarşındakının gördüyüdür rəngin.

Gülə bildiyin qədər xoşbəxtsən,
Üzülmə,
bil ki, ağladığın qədər güləcəksən,
Düşünmə ki, bitdi hər şey,
Sevdiyin qədər seviləcəksən.

Ay işığındadır
sevgilinə duyduğun həsrət
Və sevgilinə
həsrət qaldığın qədər
ona yaxınsan.

Unutma,
yağışın yağdığı qədər islaq,
günəşin isitdiyi qədər istisən.
Özünü yalnız
hiss etdiyin qədər yalnız,
Özünü güclü
hiss etdiyin qədər güclüsən.

Və budur həyat!
Və budur yaşamaq!
Bunu xatırladığın qədər yaşayırsan,
Bunu unutduğun qədər üşüyürsən.
Çiçək sulandığı qədər gözəldir,
Quşlar
oxuya bildiyi qədər sevimlidir,
Çağa ağladığı qədər çağadır
Və hər şeyi
öyrəndiyin qədər bilirsən.
Bunu da öyrən:
Sevdiyin qədər sevilirsən…

Tərcümə: Dilsuz

# 1785 dəfə oxunub

Müəllifin son yazıları

# # #