Səninlə öpüşməyin təkrarçılığı gizildədir damağımı... - Elmir Həsənin şeirləri

Səninlə öpüşməyin təkrarçılığı gizildədir damağımı... -  Elmir Həsənin şeirləri
16 avqust 2024
# 16:27

Kulis.az Elmir Həsənin yeni şeirlərini təqdim edir.

Qürursuzluğun tragediyası

Sən anlamazsan axı...
günü gündən... gələcəyə kölgə salır
keçmişin gözəgörünməzliyi...

Həyatdan köçmüşlərin səssizlik nəğməsi,
...köhnəlməyən klassizmdi boş qalmış oturacaqlar,
unutmağın peşmanlığıdı səssiz hıçqırıqlar...

Kim bilir?!
Bir cümlə yazmadan sınan qələmlər kimlərinsə
yarımçıq qalan arzularıdı bəlkə də...
Xəzərdən Bakıya xilas əli uzadır dalğalar,
qurudan dənizə sarı soyuqlaşır zamanla xəzrilər...

İndi uzaqdasan axı –
tavandan asılan çılçıraq qotik sıldırımlı
otağın qaranlığına bükülüb,
daha sevgilərin çeynənməmiş günü yoxdu...

Körpələri sınıq körpülər qorxutdu –
çörək tikəsindən gözləri asılı qalan Şərqdə
qüruba baxıb darıxmağın adı yoxdu...

Düzü, bilməsən də heç nə dəyişməyəcək –
fəqət ağacların üstü ilə candərdi harasa
yağmağa sürünürdü...
Şərqdə dişi qana dəyən buludlar...

İndi yoxsan,
səndən geriyə bu qədər günah içində
Allaha çatmaq var axı..

21 İyun / 2024

Payız melanxoliyası

Yenə bu payız vahiməsi –
sevgilərin vəcdə gəldiyi dünəndən bu günə
suya atılmış güzgü hədiyyəsi qalıb xatirələrə...

Baxışlarından şitənən dəniz dalğaları
daha su yığınından başqa bir şeyi xatırlatmaz,
indi göydəki ulduzlar işıq salır unudulmayacaq
bütün keçmişlərə...

İndi axtarığım səadət kitablardakı həyatlarda,
parkın skamyalarında saralmış yarpaqlarda,
Günəşin axşam qürubundan
qızılı rəngə çalan buludlarda daşa dönür

Eh nəysə, bu payızda tək yarpaqlar tapdanmadı
ayaqlar altında...

2023

Qürub şeiri

Səninlə öpüşməyin təkrarçılığı
gizildədir damağımı...

O dənizin göylərindəki çəlimsiz quşlar,
o quşların caynaqlarından asılı qalmaq qorxusu,
həmin qorxuyla yoxluğunla gün keçirmək var hələ...

Cavabı itkin düşmüş suallar dolaşır beynimdə,
yaddaşıma zəncirlənmiş sənli halqalar,
o halqaların bulanıq dairəsi...
şırım açır göylərin günəş batan üzündən...

Büsbütün səhralar səndən sonrası,
boşqab dibində qurumuş su ləkəsi,
o suyun ləkəsi kimi silinməz zəhərə qalmış xatirələr,
ah o xatirələr....

Təkcə yerişin bənzərsiz idi...

2023

# 1218 dəfə oxunub

Müəllifin son yazıları

# # #