Səndən qalan xatirədir ayrılıq - Baba Vəziroğlunun şeirləri

Səndən qalan xatirədir ayrılıq - Baba Vəziroğlunun şeirləri
10 yanvar 2024
# 17:00

Bu gün tanınmış şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlunun doğum günüdür.

Kulis.az şairi təbrik edir və şeirlərini təqdim edir.

Çıx qatar yoluna

Çıx qatar yoluna bahar gələndə,
Mən sənə çiçəkli bahar göndərim.
Vüsal meyvəsindən dada bilmədik,
Sənə hər meyvədən nübar göndərim...

Çıx qatar yoluna payız olanda,
Uçan durnalarla salam yetirim.
Çıx qatar yoluna qaş qaralanda,
O qərib axşami , qəmi itirim...

Çıx qatar yoluna külək əsəndə,
Dağılan saçını darayım sənin.
Çıx qatar yoluna, səni itirsəm,
Bilim ki, mən harda arayım səni...

Çıx qatar yoluna yağış yağanda
Başının üstündə çətir tutaram.
Çıx qatar yoluna, elə özüm də
Mənzilə yetməyən qərib qataram...

Çıx qatar yoluna hər axşam, səhər,
Çıx qatar yoluna, məni qarşıla.
Bəlkə bir ömürlük çəkdi bu səfər,
Mən gələ bilmədim, məni bağışla...

Sevgi ayrılıqdan güclüdü, vallah

Mən uzaq səfərə yol alan gəmi,
Səni tərk edirəm bir liman kimi.
Qorxma ayrılıqdan burax əlimi,
Sevgi ayrılıqdan güclüdü vallah.

Dünyada nə qədər sevgi var bil ki,
Sən mənim dilimin əzəli, ilki.
Qorxma ayrılıqdan ölüm deyilki
Sevgi ayrılıqdan güclüdü vallah.

Sən hələ bilmirsən ayrılıq nədir
Hər səfər könlünü sıxır inlədir.
Ayrılan cisimdir, ruh səninlədir
Sevgi ayrılıqdan güclüdü vallah.

Sənsiz həyat deyil ömür gün mənə,
Tək sənsən ürəkdən yanan sən mənə.
Qorxma ayrılıqdan inan sən mənə,
Sevgi ayrılıqdan güclüdü vallah.

Qorxu intizar var ağlar gözündə
Neçə yalvarış var bircə sözündə.
Bir gün biləcəysən elə özün də
Sevgi ayrılıqdan güclüdü vallah.

Nə fərqi yaxınam yada uzağam
Hələki səninəm nə qədər sağam.
Ölsəm o dünyadan qayıdacağam
Sevgi ayrılıqdan güclüdü vallah.

Göz yaşı əbəsdi çıxıb gedəcəm
Könlümü odlara yaxıb gedəcəm.
Mən sənə, hamıya sübut edəcəm
Sevgi ayrılıqdan güclüdü vallah.

Bilirəm tək yanan mən olacağam

Bu da son ayrılıq son dayanacaq
Qismətin əlindən biz hara qaçaq.
Günah kimdə oldu – bilmirəm ancaq
Bilirəm – tək yanan mən olacağam

Bilmirəm – sevincdən ya qəmdən oldu,
Bilmirəm dumandan, ya çəndən oldu.
Bəlkə də ayrılıq, tək səndən oldu,
Bilirəm – tək yanan mən olacağam.

Niyə ayrılırıq, hara gedirik,
Vurub qəlbimizə yara gedirik.
Bəlkə ikimiz də günah edirik,
Bilirəm – tək yanan mən olacağam.

Bəlkə bir yuxuydu – oyanmalısan,
Bəlkə, geri dönüb dayanmalısan,
Cəhənnəm oduna sən yanmalısan
Bilirəm – tək yanan mən olacağam.

Min günah elədin sən dönə-dönə,
Bağışladım səni, sınadım yenə.
Yenə də, yenə də sənin xətrinə.
Bilirəm – tək yanan mən olacağam.

Unut görüm

Sən məni, əzizim, unuda bilsən,
Gərək çıxmayasan yaşıl çəmənə.
Mən o çəmənlərdən bir bahar çağı
Bir dəstə gül dərib vermişəm sənə…

Sən məni, əzizim, unuda bilsən,
Gərək baxmayasan yağan yağışa.
Açıb könlümüzü bir çətir kimi
O yağış altında gəzmişik qoşa.

Əzizim, sən məni unuda bilsən,
Gərək keçməyəsən o küçələrdən.
Vüsal çəkiləcək son bahar kimi,
İntizar dinəcək lal gecələrdə…

Əzizim, sən məni unuda bilsən,
Ulduzlu göylərdən gözünü çək sən.
Yalqız gecələrdə pıçıldaşanda,
Sən mənim səsimi eşidəcəksən…

Əzizim, sən məni unuda bilsən,
Bir də o gözlərə kim baxacaqdır?!
Saçına əl vurma, aman günüdü,
Mənim əllərimçün darıxacaqdır…

Əzizim, sən məni unuda bilsən,
Şirin xatirələr gen düşəcəkmi?!
Son payız çağında dağlara ilk qar,
Sənin saçlarına dən düşəcəkmi?!

Əzizim, sən məni unuda bilsən,
Yaralı könlünü bir ovut görüm.
Məni unutmağı asan bilmisən?!
Unuda bilirsən, gəl, unut görüm…

Hava haqqında

Havadan danışır bir gözəl xanım.
“Yağış yağacaqdır, qar yağacaqdır.
Gah günəş çıxacaq, gah ay doğacaq,
Havalar tutulub-açılacaqdır”.

Mənim günəşim də, ayım da sənsən,
Onu sinoptiklər nə bilir axı?.
Sən bir az qıyqacı baxanda mənə,
Mənim gözlərimdə ildırım çaxır.

Bir güllü-çiçəkli bahar günündə,
Soyuq baxışınla qış gəlir sənin.
Mənim taleyimə yağışlar, yağır
Elə ki gözünə yaş gəlir sənin.

Söz var dolu kimi yağır başıma,
Söz var-duman olub yolumu kəsir.
Məndən inciyəndə, məndən küsəndə,
Qəlbimə sopsoyuq küləklər əsir.

Səni gözləyirəm, hələ bilmirəm
Yağış yağacaqmı, qar yağacaqmı,
Mənim bu eşqimin səmalarında,
Havalar tutulub-açılacaqmı?

Havadan danışır bir gözəl xanım.
Hardasa qar tökür, ya yağış yağır,
Hardasa ay batır, ya günəş çıxır,
Mənim günəşim də, ayım da sənsən,
Onu sinoptiklər nə bilir axı?!

Ayrılıq

Xəzan gəldi, köçüb getdi ilk bahar,
Bilməm hara uçub getdi durnalar,
Mən bilməzdim bu dünyada həsrət var,
Səndən qalan xatirədir ayrılıq.

Bəlkə bir də yaz olacaq, bilmirəm,
Bir ayrılıq az olacaq, bilmirəm..
Məndən sənə nə qalacaq bilmirəm..
Səndən qalan xatirədir ayrılıq.

Səni sevdim, düşdüm necə dərdə mən..
Mən bilmirəm dözüm necə dərdə mən?
Tək qalmışıq bir ayrılıq bir də mən.
Səndən qalan xatirədir ayrılıq.

Bəlkə bir də yaz olacaq, bilmirəm..
Bir ayrılıq az olacaq, bilmirəm..
Məndən sənə nə qalacaq bilmirəm..
Səndən qalan xatirədir ayrılıq.

"Yox" deyəndə mən

Qəlbimdən asılan bir daş imiş, daş!
Sən “getmə” deyəndə gözlərində yaş,
Dinə bilməyəydim, lal olaydım kaş,
Dilim quruyaydı “yox” deyəndə mən.

Adım yaman oldu, dillərə düşdüm,
Dərddən havalandım, çöllərə düşdüm,
Bilsən sənsiz necə günlərə düşdüm,
Dilim quruyaydı “yox” deyəndə mən.

Artıq gecikmişəm, getdi o qatar,
Daha “hə” deməyin nə mənası var?
Indi gücüm bircə qarğışa çatar,
Dilim quruyaydı “yox” deyəndə mən.

Mən indi bilirəm neyləməliydim,
“Sənsiz nə günüm var?!” söyləməliydim,
Ömrümdə bircə yol “hə” deməliydim,
Dilim quruyaydı “yox” deyəndə mən.

Gecdir daha

Yadındamı, onda dünya gözəl idi,
O məhəbbət hər sevgidən əzəl idi.
Keçdi şirin çağlar,
Soldu yaşıl bağlar,
Xatirələr ağlar,
Gecdir daha!

Yadındamı, o məhəbbət dəniz idi,
O duyğular hər duyğudan təmiz idi,
Soyuq yellər əsdi,
İllər yolumu kəsdi,
Xatırladıq bəsdi,
Gecdir daha!

Xatirələr çağırsa da hara gedim?
Yadındamı mən səninlə xoşbəxt idim,
Olan oldu, keçdi,
Bu xəyallar heçdi,
Bir də sevmək gecdir,
Gecdir daha!

Xatirədir

Yenə yanır bu ocaq,
Yanıb, külü qalacaq.
Bilmirəm nə olacaq,
Olanı xatirədir...

Qar yağır narın-narın,
Üzü gülür dağların.
Bu yaşıl yarpaqların
Solanı xatirədir...

Ay çəmənin çiçəyi,
Niyə soldu ləçəyin?
Bu dünyanın gerçəyi,
Yalanı xatirədir...

Niyə çıxdıq yola biz,
Coşub-daşır bu dəniz.
Bir adadır sevgimiz,
Hər yanı xatirədir...

Xəyaldı, yoxsa yalan,
Gəlib keçdi nə zaman?
Sevginin ömrü bir an,
Qalanı xatirədir...

Bağışladım

Olan oldu keçdi deyib,
Səni yenə bağışladım.
Sevdim səni bircə kərə,
Dönə-dönə bağışladım.

Bağışladım səni yenə,
Bağışladım dönə-dönə.
Tanrı səni verən günə,
Sevən günə bağışladım.

Səninlə bir keçdiyimiz,
Dilləndi hər cığır,hər iz.
Bir yerdə and içdiyimiz,
Aya-günə bağışladım.

Doğma əziz bir küçəyə,
Sənsiz ötən hər gecəyə.
Boynu bükük bir çiçəyə,
Solan günə bağışladım.

Bu dünyada onu bilki,
Sən eşqimin sonu,ilki.
Səndən başqa kimim varki ?
Səni sənə bağışladım.

Gəlsən də, gəlməsən də

Sevdim səni sevdim deyə,
Sonda yalnız qaldım niyə..?
Bir kəsim yox gözləməyə
Daha gəlsən, gəlməsən də...

Kim kəsildi bizə qənim?
Nələr çəkdi, başım mənim
Quruyub göz yaşım mənim
Daha silsən, silməsən də.

Bir xatirə qaldı səndən
Gözümdə nəm, saçımda dən
Bu eşq bitdi sən dərdimdən
Daha ölsən, ölməsən də.

Kimi gördün , söylə kimi?
Səni sevən mənim kimi
İndi gecdir, sən qədrimi
Daha bilsən, bilməsən də.

Elə getdin gəlməz oldun
Öldüm, qaldım bilməz oldun
Bir də üzüm gülməz oldu
Daha gülsən, gülməsən də

Bir xatirə qaldı səndən
Gözümdə nəm, saçımda dən
Bu eşq bitdi sən dərdimdən
Daha ölsən, ölməsən də...

Məndən bir də olmayacaq

Gecə gündüz çiraqla sən,
Hələ məni gəzəcəksən.
Axtarmaqdan bezəcəksən,
Məndən birdə olmayacaq.

Başqa yaz bahar gələcək,
Yağiş yağib qar gələcək.
Dünya sənə dar gələcək,
Məndən bir də olmayacaq.

Düz qəddini əyəcəksən,
"hayif ondan"deyəcəksən.
Dizlərinə döyəcəksən,
Məndən bi də olmayacaq

Yatma belə hələ oyan,
Getmə belə hələ dayan.
Səni sevən səni duyan,
Məndən bir də olmayacaq.

# 4012 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #