Pulunuz özgəyə qismətdir yalnız - Günün şeiri

Pulunuz özgəyə qismətdir yalnız - Günün şeiri
8 iyul 2026
# 11:30

Bu gün görkəmli ingilis şair Persi Bişi Şellinin anım günüdür.

Kulis.az "Günün şeiri" layihəsində onun "Həmvətənlərimə" şeirini təqdim edir.

Kiminçün dəridən çıxırsınız siz?
Lordlardanmı ötrü – qaniçən, xəbis?!
Ağır zəhmətlərə qatlaşdız niyə?
Tiranlar geyinib bəzənsin deyə?

Döyür qapınızı hər gün ehtiyac,
Beşikdən başlayıb məzaradək ac.
Köləsi oldunuz naşükür, harın
Zəli tək qan soran müftəxorların.

Zəhmətsevənsiniz bal arısı tək,
Fəqət zalımlara boyun əyərək,
Qamçılar, süngülər hədəsiylə siz
Ömürlük alçalıb əzilirsiniz.

Nə dinclik gördünüz, nə ev, nə ocaq,
Kasıb güzərandan sevgi də qaçaq.
Yoxsa bu əzablar taledir sizə?
Ya can bahasıdır əməyinizə?

Özgə anbarına gedir buğdanız,
Pulunuz özgəyə qismətdir yalnız.
Özgə əynindədir siz tikən paltar,
Yetər bu mütilik, xar oldunuz, xar!

Bu yurdda çörək də, daş-qaş da sizin!
Niyə tüfeylilər, azğınlar yesin?!
Zəhmətin eşqinə zəhməti öyün!
Mübarizə üçün qılınclar döyün!

Qaranlıq daxmalar – səadətiniz,
Sarayları kimə ucaltdınız siz?!
Qul kimi zəncirdə qalmasın amal,
Silaha sarılıb tapın istiqlal!

Əkinçi, biçinçi qardaşlarım, siz
Yoxsa məmləkətə kəfən biçirsiz?!
Bu acı ruzgara baş əyə-əyə
Vallah, gor qazırsız İngiltərəyə!..

Tərcümə: Firidun Ağazadə

# 79 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər