O sərvət hara, bu sərvət hara? - Gülhüseyn Hüseynoğlu

O sərvət hara, bu sərvət hara? - Gülhüseyn Hüseynoğlu
16 sentyabr 2024
# 15:40

Kulis.az Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun "Mücrü" mənsur şeirini təqdim edir.

O, gəlin köçəndə anası mücrü də qoydu cehizinin üstünə. “Gəlin mücrüsüz olmaz!”, - dedi.

Nənə yadigarı idi bu balaca, naxışları solğun mücrü. İndi də onun qisməti oldu.

O, üzük, qızıl saat və sırğalarını qoyardı mücrüyə. Mücrü paltar dolabında ən yuxarı gözə qalxmışdı. Əzizlənirdi mücrü, sevilirdi mücrü...

Bir gün gəlin ana oldu. Əri hədiyyə ilə evə gəldi. Açıldı mücrü, cavan ana qızıl boyunbağını qoydu, örtüldü mücrü.

Və beləcə doldu mücrü.

Atanı müharibə apardı. Ehtiyacla əlbəyaxa oldu ana. Gecəsi gündüzə, gündüzü gecəyə qarışdı ananın. Ancaq itirmədi özünü, itirə bilməzdi ana!

Bir dəqiqə də işsiz durmadı, bir dəqiqə də. Lakin çatışmırdı qazancı. Beş uşağa çatışmırdı qazancı ananın!

Açıldı mücrü, örtüldü mücrü. Nişan şeyləri, ər hədiyyələri bazara ayaq açdı...

Kədərlə açıldı mücrü, kədərlə örtüldü mücrü... Boşaldı mücrü...

Bir gün ananın ilki sevincək evə gəldi. Diplomla gəldi. İlk diplom idi ki, onların evinə qədəm qoyurdu. Ali məktəb diplomu.

Ana doluxsuna-doluxsuna diplomu dodaqlarına apardı, bağrına basdı, gözlərində yaş görünəndə yadına çoxdan unudulmuş mücrü düşdü...

Ananın əlləri, mehriban əlləri mücrüyə toxunanda mücrü sanki cana gəldi, sevincək açıldı mücrü, diplomu ağuşuna aldı, gülümsədi, sevincək örtüldü mücrü.

Evə ikinci diplom gəldi. Açıldı mücrü, örtüldü mücrü.

Üçüncü... dördüncü... beşinci... Tamam doldu mücrü.

Ana oxşadı mücrünü. Gözünün qabağına çox şeylər gəldi, çox şeylər!

Mücrünü öz yerinə qoyanda anaya o, indi ağır, əvvəlkindən qat-qat ağır gəldi.

Ana yanılmamışdı. O sərvət hara, bu sərvət hara?!

# 2467 dəfə oxunub

Müəllifin son yazıları

# # #