Nə dünya qurulmuşdu, nə Həvva vurulmuş... – Səbuhi İmanovun şeirləri

Nə dünya qurulmuşdu, nə Həvva vurulmuş... – Səbuhi İmanovun şeirləri
10 aprel 2022
# 13:00

Kulis.az Səbuhi İmanovun şeirlərini təqdim edir.


Atama...

Sənə borcumu qaytarıram tökülən saçlarımla.
Sənə borcumu qaytarıram qocalan paltarımla,
bu dünyanı çox gəzirəm sənin könlün istəyən yerlərdə,
sən qəzetlərdən gözlərinlə gəzdiyin şəhərlərdə.
O vaxt baş verən hadisələr də səndən sonra öldü.
Arzularına sarmaşan bitkilər qurudu həyətimizdə,
ağaclar çiçəkləmədi bu bahar,
kəndimizdəki bağbanın qocalıq pulu kəsiləndən.
Bu il də heç kim ev tikə bilmədi kənddə...
kənd uşaqları şəhərdə ev tikirlər -
kənddən evlər köçürlər, ata, köçürlər...
Dünya çox işıqlıdı, ata, sən başını dik tutduğun gündən,
Hər dəfə anamın səs tonu, səsinin gücü xəbər verirdi
evə gəlişini onun gördüyünü,
Başın dik, alnın işıldayanda bizə fərqi olmurdu işıqları söndürsələr də.
Evimizin sevinc lampalarının gözünə parıldayan alnının içindən keçən
qaranlıq qırış naqillərindən işıq gəlirdi.
Mən də sənin yorulmuş qollarında dincəlirdim.
Başımdan bir tük də olsa, əskik olmasının narahıtlığı varıydı əllərinin nəvazişində,
Narahat olma, ata,
daima dizini qucaqladığım zaman əlini başıma qoyduğun yerdən başqa,
bir tük də əksilməyib başımdan.
Əlinin yeri başımda qalıb deyə, hamı deyir çox cavan görünürəm yaşımdan.
Bütün uğurlarımın yanında, etdiyim səhvə görə
məni cəzalandırdığın günü görürəm.
Sən imtahanla qaxil olub yarıda tərk etdiyin ali məktəbə
uzun illərdən sonra məni imtahansız qəbul etdilər.

Təbiətin də xasiyyəti dəyişib, ata, adamlar kimi,
insanlar sevincə də dərdli ağladığından yağışlar az yağır.
Günəş də elə bil bir az solub, elektrik dirəkləri çoxalandan.
Lampaların sayı artdığından insanların gözü işıldamır,
Yağışlar göydə ölüb nədi, evlərimizə dammır, indi daha çox qəlbimizə damır...
Bir vaxtlar su keçməyən aramızdan yenə də keçmir,
baxmayaraq ki, bir-birimizdən çox aralanmışıq,
yəni, su yoxdu, ata, suları çaylar özləri içir.
Narahat olma, mənim elə bir problemim yoxdu,
çünki o günlər üçün daim ağzımın suyu axır.
Burda saxlayaq söhbəti, sonra danışarıq,
İndi namaz vaxtıdır deyə, sənə dua etmək üçün Allah mənə baxır.


***

Xatırlayıram səni heç vaxt görmədiyimtək,
keçirdiyimiz günlər hələ gün olmamışdı.
nə dünya qurulmuşdu, nə Həvva vurulmuş
nə də Adəm cənnətdən hələ qovulmamışdı.

Hələ təzə bitirdi cənnətin ağacları,
mələklər daşıyırdı Yerin özül daşların,
onda palçıqdan idi insanın göz yaşları,
hələ insanlara göz yeri qoyulmamışdı.

Onda hər tərəf boşluq ilə dalğalanırdı,
yaradılacaq hər şey yoxda daldalanırdı,
onda hər şey Allahın fikrində dolanırdı,
onda havada Yerin yeri oyulmamışdı.


Uşaqlığımın şeiri.

Dırmaşdığım ağaclar
uşaqlığımı yıxdılar,
gözüm qorxdu yüksəklikdən,
belə gözümdən düşdülər
bir-bir böyük adamlar.

Əllərim şalvarımın
deşiyinə gizlənirdi
kal meyvə dərdiyinə
utanırdı ağaclar.

...mən bunu belə bilmirdim
sən demə, meyvə dadından
o vaxt qəlbindən sınırmış
oturduğum budaqlar.

# 2776 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #