Kürdəxanıda yaşayan gəncin etirafı - Yeni şeirlər

Kürdəxanıda yaşayan gəncin etirafı - Yeni şeirlər
21 dekabr 2021
# 17:00

Kulis.az Vasif Əlihüseynin şeirlərini təqdim edir.

Bizim uşaqlıq xatirələrimiz

İçimizdə o qədər böyümək həvəsi var idi ki
həmişə böyük adamların əyninə paltar alırdıq
evdə deyirdilər ki - gələn il də geyərsiniz

Əynimizdəki köynəklərin qolları qısaldıqca
biz də böyüyürdük
bir az da ömrümüz qısalırdı, köynək qolları kimi

nə yaxşı həftə sonu var idi,
dəyişəyi olmayan paltarları yumaq üçün

Yazıq anamın dırnaqları su çəkmişdi
paltar yumaqdan
bir də palçığa bələdiyimiz daroşqaların üstündə
rezin çəkməylə şaqat eləyirdi yazıq qadın

İndi o daroşqaların üstündə
o qədər iz var ki:
bizim uşaqlıq xatirələrimiz
və bir də anamın ayaq izləri

Kürdəxanıda yaşayan gəncin etirafı

Hamının çıxıb getdiyi küçələrdə
Yağışdan sonra palçıqlar da dizəcəndi
Hələ bacasından tüstü çıxmayan evlərdə
Körpələri də böyük sırıqlara bələyiblər.

Zirzəmisinə qrunt suları dolmuş evlər
Böyrəyinə su yığılmış insanlar kimidi
Hə, bir də döşəməsində gəzən insanların
Ayağındakı ağrılar, nə xəstəliyidi bilirsiniz.

Hamının içində bir peşmanlıq şüarı:
“Bilsəydik Bakı buradı, gəlməzdik”
Görməzdik Bakını, ölərdik kənddə öz xarabamızda.

Qayıdıb kəndimizə getmək lazımdı
Elə bizi Bakıya görə sevən kənd qızlarımızdan da
üzr istəməliyik.
Deməliyik: bağışlayın, sizi Bakı adıyla bataqlığa gətirdiyimiz üçün.

Uşaqlığım yadıma düşür…

Kənd uşaqlarının dizindəki qaysaqları gördükcə
uşaqlığım yadıma düşür
yadıma düşür yıxılıb burunumu qırmağım
dizlərimi sivirməyim
anamın o yaranı üfürməyi
elə gözəl idi
Elə gözəl idi dizimdəki yaraların
qurumuş qaysaqlarını qoparmaq

Bu küçənin tinində duran uşaqların
kimdənsə siqaret istəməsi
ömrün arxasından itələmək kimidi
günə bir siqaret yandırıb
yola salmaq...

İndi məktəbdən çıxan şagirdləri görəndə
ona “oxu!” deyən müəllimini dinləmədiyi üçün
başına döyür əllərini

kəndimizdə əsgər gedən oğlanların
yolunu gözləyən qızlardan daha çoxdu
universitet oxuyan qızların
yolunu gözləyən oğlanlar
Oturub fikirləşirəm
nə yaxşı sevdiyim qızın anası
məni bu küçənin tinindən qovdu

Ayaqqabısını tərsə geyən uşaqlar…

Ayaqqabısını
tərsə geyən kənd uşaqları
burnunu qoluna silər soyuqda
şalvarını ürəyinin başına kimi çəkib
əlindəki qənd-çörəklə
öldürər aclığını
qəbiristanlıqdakı taxta başdaşılar
oğlan uşaqlarına görə tələf olan
qız qəbirləridi
Bu kəndin içində o qədər ağrı var ki,
ayağa sürüşkən qadınların
qeybəti qılınır küçə tinlərində
Ömrüm uzun olacaq

O qədər darıxmışam ki,
sevdiyi qıza qovuşmaq üçün
kalendar qaralayan əsgər kimiyəm

heç nə demirəm,
bir dəfə gələsən
özü də bir dəfə
yeyib sapa düzüb
qapı üstündən asdığın
kilkə qabının zənginə çıxam

və görəm ki, gəlmisən
hiss edəm ki, qazanım qaynayacaq
evim təmiz olacaq
daha deyinməyəcəm
boğazı qartmaq bağlamış köynəklərimi yumaqdan

hiss edəm ki, yaşayacam
ömrüm uzun olacaq...

Qolları arxasına qandallanmış məhbus kimiyəm

Məni görmədiyin gecələrdə
nə qədər ağlamısansa
hamısı susuzluğumu yatırdıb

şəkillərimə baxdıqca
daha çox
gözümə görünmüsən

qolları arxasında qandallanmış
məhbus kimiyəm

sən gül gözləyirsən
məni isə
əlvida demək üçün əyilmişəm
qulağına pıçıldamağa.

Mürgüləyən uşağın yuxusu

Səninçün nigaran olmaq
torpaq altda qalan
anam üçün darıxmaq kimidir.

Başını çiynimə qoyub
çiçək qoxlamağına bənzəyir
indi çiynimdə barmağını somurub
mürgüləyən uşağın yuxusu.

Axı əllərimin qaşınmasına görə
daha çox darıxıram
öpüb alnıma qoyanda
elə bilirlər ki, pul qazanacam.
Mənsə elə bilirəm ki,
sən gələcəksən...

Şəklinə baxmaq
köhnə qəbri ziyarət etmək kimidi.
Şəklinin üzü soyuqdu
torpağın üzü kimi...

# 1758 dəfə oxunub

Müəllifin son yazıları

# # #