Köhnə divar saatında – kəfkirdə qızım yellənir - Əlisəmid Kür

Köhnə divar saatında – kəfkirdə qızım yellənir - Əlisəmid Kür
10 oktyabr 2023
# 11:00

Kulis.az Əlisəmid Kürün "Bir anda yüz il yaşadım" şeirini təqdim edir.

Hamını yadıma saldım
bir gün ata ocağında.
Bir anda yüz il yaşadım,
Bir anda yüz il qocaldım
həsrətin künc-bucağında.

Titrədi atamın baş daşı,
ürpəndi anamın əlləri.
İndicə qırılıb dağılacaq
baxdığın güzgü –
Titrəyir yanağında
göz yaşları –
titrətir qızımın telləri.

Bir anda yüz il yaşadım.

Gördüm vaxt geri fırlanır,
önümdə zaman dillənir.
Köhnə divar saatında –
kəfkirdə qızım yellənir.

Titrəyə-titrəyə qalxdım ayağa,
Dilimdən bir kəlmə
söz də çıxmadı.
Öpdüm əllərindən xatirələrin,
öpdüm gözlərindən ayrılıqların…

Bir anda yüz il yaşadım
həsrətin künc-bucağında.
Bir anda yüz il qocaldım
ilin-günün bu çağında.

# 1438 dəfə oxunub

Müəllifin son yazıları

# # #