İndi də o üzdə Təbriz ağrıyır - Şahnaz Şahinin yeni şeirləri

İndi də o üzdə Təbriz ağrıyır - Şahnaz Şahinin yeni şeirləri
22 aprel 2024
# 16:30

Kulis.az Şahnaz Şahinin yeni şeirlərini təqdim edir.

Əlimdə bir fincan çay,
Durub çayla danışdım...

Səhər 10-un yarısı...
Sən getdin, mən darıxdım
Öz doğmaca evimdə,
Yad oldum, lap karıxdım.

Keçdim mətbəx tərəfə...
bir az suyla danışdım,
bir azca da çörəklə.
Ağzıma şəkər qoydum,
əlimdə bir fincan çay,
durub çayla danışdım...

Gəzdim o baş, bu başa..,
saydım çiçəklərini
divar kağızlarının.
Pəncərədən boylandım..,
hava tutqun, dumanlı,
çiskin yağış yağırdı.
evsiz, eşiksiz pişik
bu gün daha fağırdı...
körpə balalarını
alıb ağzına bir-bir.
Harasa aparırdı...

Geyinib çıxdım çölə..,
külək vurdu üzümə,
əsib doldu qoynuma
üşüdüm, nə üşüdüm...
Şəhər dolu adamdı,
Şəhər dolub daşırdı...
məni kədərli görüb
külək də deyinirdi,
hava da danışdı...

Şəhər dolu darıxmaq...
hara gedim mən indi!?.
əlindən necə qaçım,
darıxmağın mən indi!?..
üz tutmağa üz yoxdu..,
səndən başqa gedəsi,
ünvan yoxdu, iz yoxdu...

Tək çarə ayrılıqdı..,
elə ikimizə də
gördüm ki, o yaxındı...
baş qoydum sinəsinə,
ürəyinə toxundum.
ayrılığın əlindən,
ayrılığa sığındım.

Gördüm sən də burdasan,
gördüm sən də dardasan...
burda kimlər var idi,
burda kimlər kəm idi...
dünyadan gəlib keçən
nə aşiqlər vardı ha..,
ayrılıqda cəm idi!..

...Sonra yatdı küləklər,
Sonra kəsdi yağışlar...
sonra susdu hava da,
Günəş çıxdı buluddan,
quşlar baxdı yuvadan.
Susdu toplar, mərmilər
bitdi müharibə də.
lap sonuncu əsgər də,
döndü evə davadan...

Əllər tanrıya uçdu,
sözlər tanrıya çatdı.
sarıldı yer üzünə,
qollar dünyanı qucdu...
gördüm elə bizim tək,
dünya sevgiyə acdı...


Kəndirbaz

Yenə sən..,
yenə hökmün yellənir başım üstə.
Bezib əlimdən yatağım,
düşüb qalmışam daşın üstə...

İndi
taleyilə oynayan
naşı kəndirbazdı ürəyim
Bir xəfif təbəssümündən
təpəsi üstə gələr yerə...

Uçmağı
anam öləndən bəri tərgitmişəm..,
tərgitmişəm lunatikliyi də.

Mən, “urus” ağacının dibindən
saqqız çıxarıb çeynəyən uşağam, ağabacı!..
Məni İran saqqızına aldada bilməzsən....
Sən get
gecələrin ay üzünə şərqi toxu,
mənsə
bu gücənin də ruhuna dua oxuyum, şairim!...

Adamlar

Adamların da dadı olur,
məsələn, şirin adam..,
görəndə dodaqların yapışır bir-birinə,
susayırsan.

Adam da var turş alça misalı..,
Ağzın sulanır yada düşəndə,
Arzulayırsan...

Adam da var turşaşirindi...
Ürəyin bulaır düşününcə.

Acısı çıxır rastına,
gözlərini yaşardır,
ürəyinin başınacan göynədir..,
yanırsan.

Su çəkir Xəzərdən, Arazdan
Duzlu, ya şit olur adamlar...
Bulanıq Kür kimi adamlar,
Ağappaq qar kmi adamlar,
Qupquru çöl kimi adamlar,
Rəngbərəng gül kimi adamlar...
Adam var, adamlar, adam var!..

Bağ becər ürəyimdə

Elə yol kimidi ürəyim,
Küçələr, yoxuşlar, yollar
söküyü, çökəyi, çala-çuxuruya
bir az aşağı yuxarı, ağrısı, oğrusuyla eynidi...

Bir az da körpü kimidi ürəyim,
Üstündən arabalar keçir,
adamlar keçir...
sevincdən genişlənir, böyüyür,
kədərdən yaprıxır, əzilir, əyilir,
yuxalır, sıxılır, sınır...

Bağ kimidi ürəyim,
baxımsız qalanda
quruyub cadar-cadar olur,
çat verir, dərdi-səri qırış düşür üzünə...

Gördüyü, çəkdiyi dərs olmur amma
təmənnasız ürəyimə,
dumansız ürəyimə,
çənsiz ürəyimə...

Sən də gəl keç, keç,
yol elə ürəyimdən...
Körpü sal,
bacarsan bağ becər ürəyimdə,
təmənnasız...

O üzdə Təbriz ağrıyır

Mən elə yorğunam, elə yorğunam,
Canımdan ayrılan yol-iz ağrıyır.
Qarabağ ağrısı az imiş kimi,
Indi də o üzdə Təbriz ağrıyır.

Oyanıb milli ruh, xalq doyub cana,
Nə ölüm qorxudur, nə qan milləti.
Qolunda zənciri qırmaqdan ötrü,
Beynin qıfılını açır millətim.

Küçələr, meydanlar izdiham dolu,
Azadlıq hayqırır, hürriyyət deyir.
Qara çarşabını atır başından,
Bir gözəl əyninə ölümü geyir.

Açılır iç üzü din dövlətinin,
Gizli həqiqətlər çıxır aşkara.
Edam ağacları əkib becərir,
cəngavər oğullar çəkilir dara.

Durulub çıxacaq yaza bu sular,
Hoyunu, yolunu qan dəyişəcək.
Günəş başqa cürə qalxacaq göyə,
Təbrizdə sökülən dan dəyişəcək.

Böyük Azərbaycan, bütöv bir dövlət,
“Dünyaya Günəş tək doğulacaqdır”.
Ha yandan dayanıb baxsan dünyaya,
Ordan Azərbaycan görünəcəkdir!..

Gülləndim, yollandım, telləndim

Cəmi altıca bahar, cəmi altı...
Atam,
qalan Novruzu anama tapşırıb getdi,
getdi, birdəfəlik getdi.

Anam
ondan sonra düz otuz dörd bahar aldı mənə,
saçıma taxdım,
üz-gözümə çəkdim,
əynimə geydim getdim bayrama...

Çöl bayrama,
yol bayrama,
dil bayrama çəkdi məni...
Gülləndim,
yollandım,
dilləndim.., tel-tel olub telləndim,
bir az da lovğalanıb yelləndim...
dedilər, nə şirin qızdı bu!..

Sonra
özüm bayram yaratmağı öyrəndim..,
evim üçün,
elim üçün,
balam üçün,
dünyamız üçün...

Artdı, çoxaldı bayramlar,
kainatın hər nöqtəsinə
bayram mesajları getdi,
bayramlaşdı planetlər, bayrama döndü yer üzü...

Üzlər, gözlər sevindi,
sözlər bayram yazdı,
dillər bayram oxudu...
başdan-ayağa bayram qoxudu dünya,
bəxtəvər oldu insanlar...

Ən yaxşı yerdi xatirən

Dağılıb hər tərəfə,
Otaqla birdi xatirən.
Səni duyub düşünməyə,
Ən yaxşı yerdi xatirən.

Bir az nəmdi, bir az soyuq,
Qaya kimi oyuq-oyuq.
Keşikdəyəm ayıq-sayıq,
Sərhəddi, sirdi xatirən.

Bir yer varmı ki, getməyə,
Gedib ibadət etməyə.
Çöl sazaqdı, isinməyə,
Içimdə qordu xatirən.

Dinlə deyim kiməm, nəyəm,
Yerəm, yurdam, kökəm, soyam.
Sahibi itmiş ürəyəm,
Üstə möhütdü xatirən.

Şəhər boğazımda ilişən tikə

Şəhər də qəribdi, mən də qəribəm..,
elə dalanından tininə qədər,
quru torpağından suyuna qədər,
neçə mərtəbəli öyünə qədər...

Gedirəm, küçəsi mənə dar gəlir,
adamlar birtəhər baxır üzümə.
köhnə yurd yerində təzə cah-cəlal
gendən qəribliyi soxur gözümə...

Dost-doğma şəhərdə gəzə bilmirəm,
Tapa da bilmirəm köhnə ünvanı.
Bax elə bu yerdə su köşkü vardı,
Bu yanda dondurma, kokteyl dükanı...

Qarşıma nə bir dost, nə tanış çıxır,
Bu boyda şəhərdə tənhayam, təkəm.
Özüm zindanbazam, özüm zindanam,
Şəhər boğazımda ilişən tikə...

Gözəl, yaraşıqlı, mehriban şəhər,
Gecəsi, gündüzü çıraqban şəhər...
Səni dəyişdirib zəhmətkeş əllər,
Hüsnünə yaraşır bu gözəlliklər.

Amma ki, qəribsən, qəribəm mən də...
o tozlu, palçıqlı kəndimə qədər,
geydiyim çəkmənin, örtdüyüm şalın,
saçımın təbii rənginə qədər...

Sən də nabatından qəndinə qədər..,
köhnə feilindən fəndinə qədər.
Istəsən, çək apar fikirlərimi,
Aldat, lap sonuncu zəndimə qədər...

Mən səni bir çiçək ətrinə sevdim

Mən səni gecənin qaranlığında,
Ruhumun yenilməz gücünə tapdım.
Tapdım, buldum dedim, ovundum dedim,
Tapdım, şükürləndim, sevindim dedim.

Dedim belə imiş sevgilər yəqin,
Bir yanı gecəymiş, bir yanı gündüz.
Neçə yol dolanır eşqin başına,
Bircə yol ayrılır eşqdən dümdüz.

Mən səni bir qəlbin xarabasında,
Mən səni bir mələk simada sevdim.
Bir çimdik duz kimi, bir içim su tək,
Bir udum hava tək tapdım da sevdim...

Bir sabah yelinin nəvazişində,
Mən səni bir çiçək ətrinə sevdim.
Bir ana gözündə görüb tanıdım,
Ata öyüdündə sevdim də sevdim...

Mən niyə bilmədim, niyə bilmədim
Bir gün tapılanın itməyi varmış.
Bu boyda xoşbəxtlik bir ömrə sığmaz,
Ya şər qarışanda ya bir dan üzü,
Gələnin yığışıb getməyi varmış.

Mən niyə bilmədim, niyə bilmədim,
Ta məni çiçəklər xoşbəxt eləməz...
Getdi çiçəklərin tələbə vaxtı,
Getdi çiçəklərin qələbə vaxtı...

Sıfırdan aşağı

Sıfırdan başlamaq,
hər şeyi sıfırlamaq,
sonra nə varsa bütöv almaqdır,
Sıfırdan başlamaq özün olmaqdır...

Sıfırlanmaq,
gözdən düşmək,
sıfıra vurulub-bölünmək, sıfırdan yıxılmaqdır...

Sıfırlamaq,
silmək, yox etmək,
qalan nə varsa itirib batırmaqdır.
Sonra da
ardınca dərin bir köks ötürüb
rahat nəfəs almaqdır...

Sıfırdan aşağı
həddi də var həyatın, birdənəm..,
gəl gedək..,
gedək üzmək öyrənək!

# 1486 dəfə oxunub

Müəllifin son yazıları

# # #