Hər şey dərd olmuşdu Akif Səmədə - Tərlanə Yaqubqızının şeirləri

Hər şey dərd olmuşdu Akif Səmədə - Tərlanə Yaqubqızının şeirləri
29 dekabr 2023
# 14:50

Kulis.az Tərlanə Yaqubqızının yeni şeirlərini təqdim edir.

Hər şey dərd olmuşdu Akif Səmədə

Yol üstə boy atıb ucalan ağac,
Gözümün önündə qocalan ağac.
Sən də onun kimi odlan, yan, ağac!
Yəqin agah idi o vaxt sənə də,
Hər şey dərd olmuşdu Akif Səmədə.

Bircə misrasından sezmişdim onu,
Üzünü görmədən sevmişdim onu.
"Qorumaq lazımdır" demişdim onu.
Yanıb- yaxılıram bugün yenə də.
Hər şey dərd olmuşdu Akif Səmədə.

Sözü kəsərliydi, sözü bütövdü,
Qəlbi yanıb külə dönmüş kösövdü.
Kim deyir tablaşdı, kim deyir dözdü?
Mərd möhtac olanda yenə namərdə,
Hər şey dərd olmuşdu Akif Səmədə.

Görüb iç üzünü pis adamların,
Daşı doğma bildi, ağacı yaxın.
Bəxti gətiribdi bəlkə Allahın,
Gəlmiş hüzuruna bir şair bəndə,
Hər şey dərd olmuşdu Akif Səmədə.

Köhnə kişilərin sonuncusuydu,
Bir söz sərrafıydı, söz ovçusuydu.
Dilindən çıxan söz ən doğrusuydu!
O, xilaf çıxmazdı verdiyi vədə.
Hər şey dərd olmuşdu Akif Səmədə.

Dərdinə bayatı, ağı deyirdi,
Ömrü şirin keçən nağıl deyildi.
Vallah, heç ölməli oğul deyildi.
Dostları inanmır buna hələ də
Hər şey dərd olmuşdu Akif Səmədə.

Görmədin, ay ağac, bir də onu sən?
Bəlkə ona görə belə qəmlisən.
Ruhu pıçıldayır, heç eşitmirsən?
Bir şeir yazdırdı ordan mənə də.
Hər şey dərd olmuşdu Akif Səmədə,
Hər şey dərd olmuşdu Akif Səmədə...

Qazi Fərahim Əmirliyə

Sən ki hər əzaba dözmüsən, oğlum,
Nədir bu gileyin, bu şikayətin?
Nədən incimisən, küsmüsən, oğlum?
İgid balasıykən yurdun, millətin.

Vətənin dar günü gendən baxmadın,
Sarıldın silaha qəhrəman kimi.
Düşmən üzərinə getdin, qorxmadın,
Sənə dua etdim öz anan kimi.

Qoydun ayağını torpaq uğrunda,
Dedin ki, yenə də Vətən sağ olsun.
Bu çətin, şərəfli həyat yolunda
Başın uca olsun, üzün ağ olsun.

Harda incidibdi o məmur səni?
Kimdir o müftəxor, o qədirbilməz?
Sənin məğrur başın, oğlum, bilirəm,
Onun qarşısında əyilə bilməz.

O qanlı- qadalı müharibədə
Neçə döyüşlərə şahid olmusan.
Bugün sənə hamı qazi desə də,
Hər şəhid olanla şəhid olmusan.

Hələ sənin kimi neçə qəhrəman
Canında qəlpələr daşıyır axı.
Sizi incidən kəs qorxsun Allahdan,
Sizin sayənizdə yaşayır axı.

Bu vətən sənindi, hara gedirsən?
Ey mənim qürurum, fərəhim, oğlum.
Bəlkə də bu Vətən elə özünsən,
Mənim igid balam, Fərahim oğlum.

Yaman incimişəm səndən, ay dünya

Qanadı qırılsa, quş quş deyil ki,
Yağan göz yaşımdır, yagış deyil ki.
Üzümə dərd saldın, qırış deyil ki,
Yaman incimişəm səndən, ay dünya.

Kimi imarətlər, saraylar tikir,
Kimi bir daxmanın həsrətin çəkir.
Kimi torpaq əkir, kimi baş əkir,
Yaman incimişəm səndən, ay dünya.

Quldur molla olur, başkəsən rahib.
Pislər ağa olur, yaxşılar naib.
Yerlilər kirəkeş, gəlmələr sahib,
Yaman incimişəm səndən, ay dünya.

Akif Səməd dedi, dünya nəyindi?
Məmməd Araz dedi, o heç kimindi.
Min illər keçsə də, yenə həmindi.
Yaman incimişəm səndən, ay dünya.

Həvəs də qalmayıb arzu etməyə,
Səndə ömür sürüb kama yetməyə.
Məcburam mən daha çıxıb getməyə,
Yaman incimişəm səndən, ay dünya.

Beşgünlüyəm deyib bizi azdırdın,
Gör neçə cavana qəbir qazdırdın.
Dərddən Tərlanəyə şeir yazdırdın,
Yaman incimişəm səndən, ay dünya.

Səni gözləyirəm

Körpə tingi idim, eşqlə böyüdüm,
Boyum- buxunumla mən hey öyündüm,
Axırda qocaldım, aman, məhv oldum.
Yaşıl çinar idim, solğun yarpağam,
Səni gözləyirəm, nə qədər sağam.

Sinəmdə lalələr su içməyibdir,
Lakin qurumayıb, eşqdən bitibdi.
Bircə gül bənövşəm niyə itibdi?
Qışda çılpaq qalan qəmli bir bağam,
Səni gözləyirəm, nə qədər sağam.

Zirvəm dumanlıdır, zirvəm qarlıdır,
Qoynum həm payızlı, həm baharlıdır.
Xəyal həqiqətdən etibarlıdır,
Mən də Şah dağıyam, uca bir dağam,
Səni gözləyirəm, nə qədər sağam.

Sənə güvənirdim, ilk məhəbbətim,
Deyirdim ki, sənsən tək səadətim.
O gözəli necə unuda bilim?
Mən də bir insanam, saçları ağam,
Səni gözləyirəm, nə qədər sağam.

Gözlərim yol çəkdi, qulağım səsdə,
Səni harayladım axır nəfəsdə.
Son sözüm yazıldı məzarım üstə,
Daha gəlmə, gülüm, daha torpağam,
Səni gözləyirdim, nə qədər sağam.

Gördüm

Ürəyim ağrıyır nə vaxtan bəri,
Qiyamət günündən yüz nişan gördüm.
Şərəfdən xəbərsiz şərəfsizləri
Həmişə şərəfdən danışan gördüm.

Bir namərd eylədi məni qul, kölə.
Getdi arzularım o vaxtdan yelə,
Azadlıq eşqiylə yaşadım elə,
İşimə hər yerdə qarışan gördüm.

Ay Allah, nə qəlbdir vermisən mənə?
Qəlbimdə yer yoxdu nifrətə, kinə.
Çox da söz vermişdim , nə yazıq yenə
Özümü düşmənlə barışan gördüm.

Ay namərd, səbrimlə oynama mənim.
Min cür oyunu var, bil ki, fələyin.
Əməl dəftərini yazır mələyin,
Səni cəhənnəmdə alışan gördüm.

# 1838 dəfə oxunub

Müəllifin son yazıları

# # #