Hər kim yüz il yaşamasa... - Günün şeiri

Hər kim yüz il yaşamasa... -  Günün şeiri
17 dekabr 2024
# 16:02

Bu gün Xalq şairi Osman Sarıvəllinin doğum günüdür.

Kulis.az "Günün şeiri" layihəsindən onun "Günah onun özündədir" şeirini təqdim edir.

Dostum, incə barmaqların
Sədəflərin üzündədir.
Mənim meylim bir sazında,
Bir də şirin sözündədir.

Qarayazı meşəsində,
Cavan ovçu həvəsində,
Qulağın maral səsində,
Gözün ceyran izindədir.


Tarixi var hər daşın da,
Tərlanın on beş yaşında,
Bəzən qarlı dağ başında,
Bəzən Muğan düzündədir.

Baxan kimi sərraf gözün,
Təmtəraqlı yalan sözün
Canı yoxdur, dedin özün,
Məna sözün düzündədir.

Zaya getməz alın tərin,
Bir gün bitər şah əsərin,
Arzuların, diləklərin
Hələ sənin gözündədir.

Söz şairin ürəyində,
Zor binanın dirəyində,
Güc pələngin biləyində,
Pəhləvanın dizindədir.

Heç əlinə alma əsa,
Yetmişində batma yasa,
Hər kim yüz il yaşamasa
Günah onun özündədir.

# 435 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #