Heç qapından girmərəm, qayıt desən, gəl desən - Günün şeiri

Heç qapından girmərəm, qayıt desən, gəl desən - Günün şeiri
25 noyabr 2024
# 13:00

Bu gün tanınmış şair Ağa Laçınlının anım günüdür.

Kulis.az "Günün şeiri" layihəsindən onun "Barışmaram" şeirini təqdim edir.

Gedirsənsə, gözünü məndən tamam kəsib get,
Gözünlə barışaram – özünlə barışmaram!
Yoxluğumun ucundan, həsrətimin ucundan
Yuxuna qarışaram – özünlə barışmaram!

Dilinin kor tiyəsi öyrənibdi pis kəsə,
Pisini də öyərəm, özgə səni pisləsə.
Dərd qəlbini tək görüb qarmalamaq istəsə,
Dərdinə darışaram – özünlə barışmaram!

Sən yanılan, yandıran, sən küsdürən, sən küsən,
Heç qapından girmərəm, qayıt desən, gəl desən.
Görsəm dara düşmüsən, görsəm yaman gündəsən,
Yağınla vuruşaram – özünlə barışmaram!

Çox əyri düzələrdi qovuşsaydı düz-düzə,
İllər ilmə toxudu, söykənmədi söz-sözə.
Elin yığnaq yerində birdən gəlsək üz-üzə,
Halını soruşaram – özünlə barışmaram!

Axı mənə kim çatar ağ günü diləməkdə,
Qələbəni gəzmərən qırmaqda-şiləməkdə.
Oğul-uşaq böyüdüb başçılıq eləməkdə
Yolunla yarışaram – özünlə barışmaram!

Qəlbə hopur sirdaşın hər baxışı, hər izi,
Düşmən çıxan dostun da ağır olur itkisi.
İşdir, səndən başlayıb ölüm ayırsa bizi,
Qəbrinə sarışaram – özünlə barışmaram!

8 aprel. 1982-ci il

# 1463 dəfə oxunub

Müəllifin son yazıları

# # #