Bu gün tanınmış şair, publisist, tərcüməçi Davud Nəsibin doğum günüdür.
Kulis.az onun şeirlərini təqdim edir.
***
Onda başqa idi çöllərin ətri,
Onda yaşanırdı bir ömrün tacı.
İndi bir sazaqlı görüşdən ötrü
Göynəyir həsrətlə burnumun ucu.
Məhəbbət yolunda dünən həvəsdə,
Bu gün o yolları sona aşıram.
İndi hiss edirəm,
Mən asta-asta
Ömrün gəncliyindən uzaqlaşıram.
Dünən ulduzlarla mən söhbət edər,
Bu gün asta-asta, yerə enirəm.
Gənclər innən belə görüşə gedir,
Mən isə görüşdən geri dönürəm.
Neçəsi gəlibdir bu yerə gündə,
Çoxu ilk eşqini burda deyibdir.
Tənha oturcağı ağac dibində
İndi başqaları zəbt eləyibdir.
Ağ cığır salıbdır saçlarıma dən,
Mən hiss edirəm ki, ağırlaşıram.
Hələ qocalığı deməyirəm mən,
Bu gün gəncliyimdən uzaqlaşıram.
Dünən bircə çimdik yuxu yatmayan,
Bu gün yuxulardan niyə doymayır?
Bir vaxt mənzilində qərar tutmayan,
İndi mənzilindən ayrı olmayır.
Çıxardıq görüşə elə həvəslə,
Eşqin qarşısında zəmanət verib.
İndi yaşıdlarım
Yeni bir nəslə
Görüş yerlərini əmanət verib.
***
Qızaran üfüqlər çiçək-çiçəkdir, -
Bayaqdan təbiət
Batmışdı yasa.
Açılan bir səhər nəyə gərəkdir,
Onun üfüqündə
Günəş olmasa?!
***
Gəlib mən alardım sənin könlünü,
Yadına gəlirmi, hərdən küsəndə.
Gözlərdim yolunu hey bütün günü,
Məni istəsən də, istəməsən də.
Könlündən könlümə ocaq düşərdi,
Hərdən üşüyəndə, külək əsəndə.
Xəyalım yanında qonaq düşərdi,
Məni istəsən də, istəməsən də.
Sən öz ürəyinin yoluyla get ki,
Ya mənim, ya da ki, başqa bir kəsin
Qəlbi bahar olsun…
Sən elə et ki,
Sənin sevdiyini hamı istəsin.