Ərlər taksi proqramına qısıldı... - Seymur Sudan yeni şeirlər

Seymur Su, şair

Seymur Su, şair

5 yanvar 2022
# 17:20

Kulis.az Seymur Sunun yeni şeirlərini təqdim edir.

Yağış yağdı və..

*

Günortaydı, gün çıxmışdı:
Sənli günləri şəkiltək xatırladım bu gün.
Bu gün kirpiklərimi ağrıtdı baxışım...
Səni yaralayacaq bir atımlıq barıtdı baxışım.

*
Günortaydı, gün çıxmışdı.
Sənli günləri şəkiltək xatırladım bu gün.
Şəkli çəkən əlimdə ağrı yarandı:
Düşündüm ki, o illər və şəkillər
sanki bir ömürdü,
amma bir andı..

*

Dayan, dayan, günəş də batdı...
..yenə narıncı şəfəqlər qara dünyamı,
qara buludlar narıncı xəyallarımı aldatdı.

*

Anidən...
..o məhşum yağış yağdı:
Kitablar gərəksizləşdi, musiqilər söndü;
Dəftərdəki hərflər qarışdı bir-birinə,
bütün Lilitlər Həvvaya döndü..
Ərlər taksi proqramına qısıldı, arvadlar ərinə..
Xatirələr yaraya çevrildi, adamsızlıq irinə...

*

Və o məhşum yağış yağdı:
Gözlərim daldalandı qorxuyla gözlüyümdən;
Sarılar axdı narıncımdan, mavilər sürüşdü göyümdən;
Üşüdü baxışlar əyinsizlikdən,
soyudu dodaqlar öpüşsüzlüyümdən.

*

Onu dəqiq bilirəm ki,
Tanrı bəzən sınayar insanı:
Yusif oğurladar kasanı,
Musa itirər əsanı,
Maqdalena bugünədək gözləyər İsanı..

*

Bütün bunlar yalqız yatmaqdır gecəni,
təkbaşına qurmaqdır masanı,
rəqsə dəvət etməkdir boynubükük kölgəni...
Yatağında doğmalaşdırmaqdır özgəni...
Yatarsan və... şəraba dönər axdığı yerdə göz çəni.

*

Və o məhşum yağış yağdı:
Ayaq səsləri susdu, əllər ayrıldı.
Qaranlığa dönüşdü gözlərdəki parıltı...
Avtobusların ardı-arası kəsildi;
Dedilər ki, bu sonuncu fəsildi.
Dedilər ki, o qız:
A) Qar olub əriyəcək
B) Xəzantək qırılacaq
C) Qaranquştək gedəcək
D) Günəş kimi batacaq

*

Dedilər ki, seç birini.
Ya da unut, seçmə heç birini.

Sentimentlər

Ömür elə bitir ki,
zamana oruc tutum?
Elə iftar ola ki,
məktub dola poçt qutum...

Səssiz ötdü qanadlar...
Çırpınacaqdı axı..!
Bəzən uçan bir lələk
sığınacaqdı axı...

Kədər gəlir üstümə.
Bir əncam da demirəm
Ertəsi gün başqa cür
Olacam da demirəm.

Ya xatırla, ya unut...
Bu ki, xilasım deyil
Sevirsənsə... nə bilim.
Bəlkə heç lazım deyil?

Gecə elegiyası

*

..və hər keçən gecə sən
gün kimi bərq vuracaqsan ümid aynalarımda.
..və hər yuxumda sən bir az əzgin,
real həyatında isə nikbin.
Yaşlanacayıq beləcə,
30, 60, 80...
Hər yer fırlandıqca
buludlar kimi göz səmamı
nazla gəzib ötəcəksən...
öyrəşmişəm, itəcəksən.

*

Bir zəng də etməyəcəksən
öz səsindəki həyəcana uduzmamaq üçün...
Arada mənə məktub yazıb,
atacaqsan sobaya,
bu söz adlı dünyada bir ağız susmamaq üçün...

*

Pəncərədən kənar dünyaların səsi fonunda
zehnimdə nəsə notlar gəzir...
Mən bilmirəm bu nəğmənin adını...

*

Gözümün önündəcə
avtomobillərin şütüməsi,
nəzarətçilərin düşük mahnı zümzüməsi,
avtobus dayanacaqlarındakı
izdihamın qorxunc səsi
səni silib aparır...

*

Və mən
hər gecə dua edəcəm
müqəddəs Yuxu Poçtalyonuna...
Və mən bacardıqca
gedəcəm gecələrin sonuna...
Və sən,
mənim barmaqlarımsan, qadası...
Döy darvazamı...
Bilirsən ki,
mənim gecəm absurdizm,
kəşfolunmaz mərcan adası...

Süd rəngli qadın

(Maria Magdalena üçün)

Salam, Süd rəngli qadın,
Qatarlarda qarışır
foyelərin solğun rənginə bürünən adamlar.
Maddiyyat asfaltında sürünən adamlar...
Burda gülən üzlərdən dərin sevgilər və
qəribə hüzn yağır.
Tanrı hamımızın əvəzinə ağladığı gecələrdə
hər yerdən sənin saçın,
kirpiyin, gözün yağır...

Süd rəngli qadın
tavandakı ağcaqanadların sayı daha heyrətamizdi,
yoxsa pəncərədəki yağış damcılarının?
yazıram ki,
hisslərimə zərbəsinin yeri çox ağrıdır
ümid qamçılarının.
görmədən get.
ruhun, sevən qəlbin, süd ətrin məndə qalsın.
bir dəri, bir sümük, bir bədən get.

süd rəngli qadın,
ey mənim dünyam, ey mənim
qəlb qıran kobudum...
bu dəfə görüşmədən ayrılaq deyirsən,
oxudum.
heç mənə yazdığın məktubda yox,
son görüşdəki skameykanın
yanındaydı ayrılıq...
bilirsən də,
qadınların canındadı,
bu şəhərin qanındadı ayrılıq..

Oxu, Süd rəngli qadın!
Bəlkə də tək qadınım
bu onlarla il,
bu minlərlə ruh içindədi.
sevdiklərimdən ikisini -
- özlərini və yoxluqlarını
gəmiylə batırmaq istədim azman dalğalara.
amma yox, baxdım ki, Nuh içindədi...
sevgi süzgəcimdə qalanların yox idi xilası...
onlar - günahlı tənhalığın tövbəsiz tənhası.

Ey, Süd Rəngli qadın!
şəhərlər cəhənnəm olsun.
dünyadan qaçanların ilk ünvanını yaz.
dünyaya gələnləri qaçıraq yanımıza böyüdək.
adamlar qarışqatək çoxalıb, bilirsən.
buralarda az adam sağ qalıb, bilirsən...
buraların qiyməti – iki şahı, bir abbası
Buralar - günahlı tənhalığın tövbəsiz tənhası.

Əslində, demək istəyirəm, Süd rəngli qadın, getmə!
Bədənimi bürüyüb "Qorxu və Titrətmə"..
Bir tərəfdən İbrahim kəsir övladını,
Bir tərəfdən Van Qoq qulağını,
bir tərəfdənsə mən
öyrənə bilmirəm sənin əsl adını...
Kimsən?
Sən ki, cənnətin cəhənnəmlik,
cəhənnəmin cənnətlik qadını!
Əslində isə sən üçün cənnət və cəhənnəmin ilk abzası:
"Sən - günahlı tənhalığın tövbəsiz tənhası.."

Yaxşı yadıma düşdü, Süd rəngli qadın!
qaçır, daşıyır, yük altına düşür, beli bükülür,
qarışqaların ahına düşür,
illər öncə qarışqaları tapdalayan uşaqlar.
Nə olsun? Qarışqalartək
yuvalarına sadiqdilər intəhası,
onlar - günahlı tənhalığın tövbəsiz tənhası.

Əslində yaxının bir hissi, uzağınsa bir adı var - Cırtdan demiş..
Əslində iştah və tamah bizi yedizdirən deyil, onlar bizi yemiş
Əslində elnən sürünənlərin müftəxorluq, nökərlik idi palazı
onlar - günahlı tənhalığın tövbəsiz tənhası.

Biz yaşamırıq ki, Süd rəngli qadın!
Əslində insan ölüb, demirlər,
Əslində bizdən canlı olub çiplənmiş dəmirlər...
Əslində bu dünyada sadəcə oxumaq lazım idi Hellası
olmaq lazım idi pul babası
amma...
onlar - günahlı tənhalığın tövbəsiz tənhası.

Acdım, Süd rəngli qadın, nəsə yeyəkmi bəlkə?
Yoxsa bizi doydurub dərdlər ilə bu ölkə?
..yadıma düşür illərdi bütün yediklərim:
Nə olsun, acam!
Tutunu yeyib, budağını sındırdığım ağaca
qocalanda möhtacam...
Amma bugünədək ən dadlı tamahım -
Həvvanın alması, Kiarüstəmin gilası...
onlar isə - günahlı tənhalığın tövbəsiz tənhası.

Sus, Süd rəngli qadın!
İnsanlar evlənir, boşanır, danışır, susur,
ağlayır, gülür...
doğulur, ölür...
ya həyat belədir, ya da ki, nə istədiklərini bilmir...
bu çarxın nədənsə ardı-arası kəsilmir...
ölülərin yası, dirilərin mərasim iflası...
onlar isə - günahlı tənhalığın tövbəsiz tənhası.

Eh, Süd rəngli qadın...
bura o qədər darıxdırıcı ki,
vaxt qazanır - tinləri dolaşmayan.
evdə arada özünü rəfdən atır
illərdi yeməklə bulaşmayan,
yuyulmayan qablar, qacaqlar.
qonaqların da qaçır iştahası...
onlar - günahlı tənhalığın tövbəsiz tənhası.

Gəl yeni şəhər tikək

Bir adam var, bir adam, sevmir şablon yaşamı
Onun dolub gözləri, baxdığı yerlərsə boş...
O axtarır, bəs nəyi? Nəyin axtarışında?
O günəşmi axtarır boz şəhərin qışında

Heç özü də anlamır, istədiyi nədir bəs
Bir tərəfdən ömür də anlamsız veyllənir
Bir tərəfdən küləklər küçələrdə şellənir
Bir tərəfdən yağışlar topa-topa sellənir...

İnsanlar qarışqatək yuvasına tələsir
Günəş çıxmır, toz-duman, yağış yağır, yel əsir...
İnsanların üzündə üfüq çəhrayı-qara
Neqativdi, zəhərli, söyüşlü bir avara...

Bu par-palçıq içində gəl günəşi tap görüm!
Artıq son vermək lazım, bu təkrarlı oyuna
Adam lazım küləyin önündəcə soyuna!
Adam lazım yağışın altındaca yuyuna!

Gəl yeni şəhər tikək ya kərpiclə ya sapla..

Gəl yeni şəhər tikək, amma bənna əcəmi
Gəl yeni şəhər tikək, saplayaq bu iynəni
Bu iynənin ucuna keçmir o sap deyəsən
Tifdiklənmiş bu sap da möhtac ağız suyuna..
...

P.S:

Mən də heyranam sənin unutqanlıq huyuna..

# 3675 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #