"Ən böyük ümidlər Bakıda ölür" - Günün şeiri

"Ən böyük ümidlər Bakıda ölür" - Günün şeiri
20 sentyabr 2024
# 12:03

Bu gün şair Raqif Raufoğlunun doğum günüdür.

Kulis.az "Günün şeiri" layihəsindən onun "Ən böyük ümidlər Bakıda ölür" şeirini təqdim edir.

Ən gözəl yağışlar Tiflisə yağır,
Ən böyük ümidlər Bakıda ölür.
Tanrı bu şəhərə şimaldan baxır,
Bu şəhər Tanrını qiblədə görür.

Ən dərin yuxular Təbrizdə yatır,
Bütün yuxuları Moskva yozur.
Böyüdür, kiçildir, dartır, uzadır.
İstanbul gözləyə-gözləyə susur.

Ən gizli xəbərlər Parisdən gəlir
Açılır, açılır, Qarabağ olur.
İçəridən çıxan üç kişi gülür,
Bir boz, bir sarışın, bir də ağ olur.

Qafqaz bir qəribə sevgini bölür.
Adam əsəbləşir, uzaqdan baxır,
Ən böyük ümidlər Bakıda ölür.
Ən gözəl yağışlar Tiflisə yağır.

# 1699 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #