Dünyanın nə gözəl vaxtı görüşdük - Zəlimxan Yaqub

Dünyanın nə gözəl vaxtı görüşdük - Zəlimxan Yaqub
3 oktyabr 2024
# 10:20

Kulis.az Zəlimxan Yaqubun "Dünyanın nə gözəl vaxtı görüşdük" şeirini təqdim edir.

Əridi həsrətim, açıldı buzum,
Cənnət ətri verdi çörəyim, duzum.
Getdi qar-boranım, gəldi Novruzum,
Allah üzümüzə baxdı, görüşdük.
Üz-üzə dayandıq, göz-gözə durduq,
Dünyanın nə gözəl vaxtı görüşdük!

Qarın qar ətri var, barın bar ətri,
Bir çiçək ətri var, bir də yar ətri,
Arzular dalğası, duyğular ətri,
Ürəkdən-ürəyə axdı, görüşdük,
Dünyanın nə gözəl vaxtı görüşdük!

Qurban kəsilirəm mən bu axşama,
Danışdın dilindən bal dama-dama,
Sənintək işığa, mənimtək şama,
Tale öz odunu yaxdı, görüşdük.
Dünya gözəlləşir gözəl güləndə,
Dünyanın nə gözəl vaxtı görüşdük!

Abadlıq gətirdi bir viranlığa,
Gəlişin son qoydu lal qaranlığa,
Zəlimxan yenə də çatdı xanlığa,
Güldü gözəlliyin taxtı, görüşdük.
Ay salam göndərdi, Gün əhsən dedi
Dünyamn nə gözəl vaxtı görüşdük!

# 1651 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #