Bu gün tanınmış şair və jurnalist Ələddin Əzimlinin 70 illik yubileyidir.
Kulis.az bu münasibətlə şairi təbrik edir və onun şeirlərini təqdim edir.
ƏSİL ŞEİR
Əsil şeir
qəlb ağrısı,
göz yaşıdır,
baş daşıdır.
Əsl şeir
candan qopur,
qəm qoxuyur,
qan qoxuyur.
Əsl şeir
yazılmayıb hələ.
Boğazından
asılmayıb hələ...
"VARİS" kitabından
BU GECƏ
Bu gecə
səbirsiz.
Hüzünlü, könülsüz.
Sopsoyuq,
qılıqsız, hənirsiz.
Bu gecə
dəniz qoxulu.
Elə bil,
barmaqlarımın ucu
suya toxunur.
Bu gecə
Ay kimsəsiz,
ulduzlar sahibsiz.
Hər şey tənha,
hər yer sənsiz...
***
Bu payız
üşüdəcək məni,
elə ağacları da.
Ağaclar
yarpaq-yarpaq göynəyəcək,
ağlayacaq,
güləcək çılpaqlığına.
Yaşıl-yaşıl yuxular
diksindirəcək ağacları
yaşıl-yaşıl ümidlər gələnəcən...
***
Ürəyimin
içi bomboşdur bu axşam.
Deməyə
sözüm qalmayıb,
oxumağa nəğməm.
Ayaqqabılarım
yırtılıb gəzməkdən.
Başım
ağrıyır yatmaqdan.
Bir yandan da
ürəyimin
içi bomboşdur bu axşam...
***
Ay işığında
mürgü döyür qoca köpək.
Qoca köpəyin
solğun, nəmli gözlərində
batar, çıxar Ay işığı.
Gözündə Ay işığı,
içində günəş parçası
qoca köpək,
Ay işığı
yapışıb dünyanın ətəyindən
mürgü döyə-döyə
yollanarlar sabaha...
***
Qulaqlarımı
kar eləyən
ayaq səslərindən,
dünyanın bu yorğun kəndindən,
gecənin boşluğundan
baş alıb qaça bilmədim.
Sapsarı Ay işığı
tutdu əlimdən...
DƏRDLİ, YAĞIŞLI GECƏ
Dərdli
küləklər əsəcək
bu gecə
kimsəsizlərin acığına.
Soyuq
payız yağışı yağacaq
qaranlıq qarışıq.
Yağmurdan
qorunmaq üçün
bir yerə toplaşıb sıxlaşan,
pıçıltıyla
qəmli nəğmə oxuyan qaraçıların
su calanacaq
sozalan ocağına.
Sükut çökəcək
dərələrə, düzlərə.
Səsini
içinə çəkəcək
ətrafda nə varsa.
Dərdli, yağışli gecə
səhəri belə açacaq
çılpaq ağaclar
və yurdsuz-yuvasız
dərdli, mürgülü qaraçılar...
SÖZLƏRİN CAZİBƏSİ
Tək olanda,
kimsənin duymadığı
rəngini, çalarını belə anlamadığı,
vaxt olmaq keçir ürəyimdən.
Heç kimin görmədiyi,
oyanıb səksənmədiyi
yuxular ötür beynimdən.
Dolaşıq düşüncələrimi
nimdaş paltar kimi
soyunmaq istəyirəm əynimdən.
Səbəbini soruşmayın,
bilmirəm...
Bunlar bir yana.
Qəlbimi sızıldan sözlərin
qeyri-adi cazibəsi,
hisslərimi tarıma çəkən
üzücü tənhalıq,
bir də,
istəsəm də, istəməsəm də,
məni
şair olmaq qorxudur...
BİLMİRƏM
Damımızı taqqıldadan yağışdı,
Bu küləkdə tütək çalan qamışdı.
Şair adı hardan mənə yaraşdı?
Bir sevdadan mənə baxar,
Nə bilim?
Ağlayanı kiridəsən, susasan,
Sonra gedib qapısını pusasan.
Bu dəm həzin səsə qulaq asasan,
Gözlərindən sellər axar,
Nə bilim?
Bu otaqda ürəyimi oynadan,
Kimdir elə baxır mənə aynadan?
Hər nə desən, gözlə "fağır" dünyadan,
Minbir dona girib-çıxar,
Nə bilim?..
HƏQİQƏT
Təslim olmaq ağır dərddir,
Tanrım, onu çəkənə ver.
Səbri, dözüb gözləməyi,
Torpağa dən səpənə ver.
Dadlı, şirin məhəbbəti,
Tər çiçəyi, təravəti,
İnsanlığı, ləyaqəti,
Düşmənə dağ çəkənə ver.
Haqqı danan düşər oda,
Ürəyini açma yada.
Xoş günləri bu dünyada,
Bir qəlb evi tikənə ver...
BU DA YAY
Dadını
çıxara bilmədiyim yay-
ilıq dəniz,
isti rum,
yaşıl meşələr,
sərin bulaqlar,
sənsiz günlər
içəridən yandırır məni.
Axşamüztüdür,
görən,
xəyallarımı hara çəkir,
hara aparır buludlar,
həzin meh.
Yordu məni bu yay,
əslində hər şey.
Hətta,
nəfəs verib
almaq belə.
Qorxuyla, səksəkəylə,
çəkinə-çəkinə
yaşamaq belə...
SUALLAR... SUALLAR
Bilirsənmi,
indi neçəinci ildir?
Hansı ayın neçəsidir?
Axşamdır, ya səhərdir?
Bu suallara cavab tapa bilərsənmi bir təhər?
Kənarında dayandığın çay
hara axır?
Onun sağında və solundakı yol
hara aparır yolçuları?
Sual sual dalınca.
Mənə xəbər verərsən,
bu sualların cavabını tapınca.
Sonra
rahat bir yer tapıb dincələrsən.
İşdir,
çətinə düşsən,
geriyə üz tutub, yanıma dönərsən.
Bilmədiklərini
ortaya tökərsən.
Düşünüb,
birgə cavab taparıq bu suallara,
yeni suallar doğulunca,
köhnə ay bitib,
yenisi başlayinca.
Təzədən
fikrini cəmləyərsən,
düşünərsən yorulunca.
Suallar səni,
sən sualları yorunca...