Dağlar çox qəribə olur gecələr - Musa Yaqubun şeiri

Musa Yaqub, Xalq şairi

Musa Yaqub, Xalq şairi

24 yanvar 2024
# 16:30

Kulis.az Musa Yaqubun "Dağlar çox qəribə olur gecələr" şeirini təqdim edir.

Nədir, üfüqlərə qar düşüb elə,
Bir cuna göylərdən asılıb qalıb.
Girib ünsiyyətə qaranlıq ilə,
Dərələr ucalıb, zirvə alçalıb.
Kahalar ətrafa qaranlıq ələr,
Dağlar çox qəribə olur gecələr.

Bircə qarışlıqda zülməti qırıb,
Bir şırım qar tutub qar yarğanını,
Sanki çadrasını ildırım cırıb,
Pambığı çıxıbdı daş yorğanının.
Çaylar qaranlıqda – bəyaz küçələr,
Dağlar çox qəribə olur gecələr.

Bütün üfüq boyu qara bir nəhəng
Uzanıb yer adlı çarpayısına.
Qorxuram yuxudan ayıla hövlak,
Göydə tufan qopa, çarpayı sına.
Bəlkə də yuxusu fələkdən gələr,
Dağlar çox qəribə olur gecələr.

Nə aydan, nə ildən hesab götürməz,
Min belə yatışla vaxtı ötürməz.
Göyün soltanlığı, yerin xanlığı,
Dünyanın ən böyük arxayınlığı,
Ömrün sonsuzluğu yatır elə bil.

Deyirəm belə bir daş yuxuluya
Bəlkə çay laylası heç gərək deyil.
Bir şirin röyadır başdan-ayağa,
Ən uzun sükutdur enib torpağa,
Ən dərin yuxudur, dərindən dərin,
Torpağın ən nəhəng kölgəsi yatır.
Vəhşi qartalların, dağkəlilərin
Qayalı-qapçaqlı ölkəsi yatır.
Ayılmaz, min dəfə harayla, hayla,
Lap belə üstündən top-tüfənglə keç,
Yəni bu səhərin açılmasıyla
Bu nəhəng uyğudan ayılarmı heç?!

Bir şirin yağışdan gəlib həvəsə,
İstərəm mən də bir dincəlim yatam.
Bu böyük yuxunun önündə nəsə
Kiçik yuxusundan utanır adam.
Yəqin ki, nəhənglər belə dincələr,
Bəlkə də ucalıq belə dincələr…
Dağlar çox qəribə olur gecələr!

# 1360 dəfə oxunub

Müəllifin son yazıları

# # #