Corab söküyündən çıxan barmaq azadlığı – Yeni şeirlər

Corab söküyündən çıxan barmaq azadlığı – Yeni şeirlər
3 iyun 2021
# 17:01

Kulis.az gənc şair Furqanın yeni şeirlərini təqdim edir.

yetim segah

üzündən oxunan həyatın
içində yazılan nədi ki?
qış ömrü yaşayan şairin
şeirində yaz olan nədi ki?

kim oldu yuxumu dağıdan?
qaralır gözümün ağı da...
yatmadan gördüyüm yuxuda
tərsinə yozulan nədi ki?

qulağımda susan səslərdən
mənə bir musiqi bəstələ!
deyəsən, segahdı bu yetim...
...və ona züy tutur həsrətim!
bilmirəm nə qədər gözlədim...
soruşma gözləmək nədi ki?
heç nədi...
mənimçün heç nədi...

üzündən oxunan həyatın
içində yazılan nədi ki?
çölümdə səssizlik, sükunət...
içimdə əzilən nədi ki?!

nöqtə

bir açıq pəncərə də bəsdi
xoşbəxt olmağa,
bir asta meh də,
hətta bir ağac şəkli də...
bir kitab,
bir çay,
bəzən təklik də...

bəzən isə
pəncərə açıq,
qarşında çay,
əlində kitab,
tərs kimi astaca külək də əsir
və sən
eləcə baxa-baxa qalırsan
gözlərini bir nöqtəyə zilləyib!

sonra o nöqtə böyüyür,
böyüyüb ağac olur,
böyüyüb külək olur,
kitab olur,
çay olur...
sonra külək pəncərəni
qəsdən çırpıb bağlayır -
diksinirsən,
xoşbəxtlik də zay olur...

göydəndüşmə

baharda,
səs-küydən kənarda,
bir çəmən arzulayıram
gül-çiçəkli
və bir süfrə:
alçalı, çiyələkli...

göydəndüşmə sevinclər
arzulayıram hər kəsə!

xoşbəxt gülüşlər -
ard-arda...
səs-küydən kənarda,
baharda...

ümid burxulmaları

gecəni uzadıb səhərə bağladım,
küçəni uzadıb şəhərə bağladım,
görüşdülər,
qovuşdular...

gecələr dəyişib romantik oldular,
küçələr böyüyüb prospekt oldular,
sevindilər,
qımışdılar...

gecənin içində qalan da mən idim,
küçənin tinində olan da mən idim,
düşündülər,
soruşdular:

de görüm nə üçün,
de görüm niyə
qara gözlərində həsrət çaları,
ürəyində ümid burxulmaları?!

susdum...
susdum...

vətənpərvər

cənablar!
nə olar,
VƏTƏN sözünü
bu qədər
israf etməyin!

axı mən
V hərflərindən
quşatan düzəltmək istəyirəm...

azadlıq

indi mənim azadlığım bəlkə də,
bəlkə də corab söküyündən çıxan
barmaq azadlığıdı ki,
görənlər gülüb keçirlər
mənim bu azadlığıma...

indi mənim azadlığım bəlkə də,
bəlkə də saralıb torpağa düşən
yarpaq azadlığıdı ki,
gələnlər əzib keçirlər
mənim bu azadlığımı...

# 3368 dəfə oxunub

Müəllifin son yazıları

# # #