Çölümdə yoxluğunun buz nəfəsli gerçəyi var... - Əvəz Qurbanlı

Çölümdə yoxluğunun buz nəfəsli gerçəyi var... - Əvəz Qurbanlı
9 dekabr 2024
# 19:00

Kulis.az Əvəz Qurbanlının "Xatirələr" qəzəlini təqdim edir.

Gözümdə cilvələnib canlı-canlı xatirələr,
Sığışdı bir anıma hər zamanlı xatirələr!

O yanda bəxtəvər anlar, bu yanda ağrı-acı,
O yanlı xatirələr, ahhh! Bu yanlı xatirələr!

Dolub təsəvvürümün izdihamlı boşluğuna
Adam-adam dikəlir şanlı-şanlı xatirələr!

Çölümdə yoxluğunun buz nəfəsli gerçəyi var
İçimdə isti, ilıq, sən gümanlı xatirələr!

Canımda çillə günü yalquzaq hənirtisidir
İçində qurd ulayan sıx dumanlı xatirələr...

Nə arzular, nə ümidlər, həvəslər öldürdük!
Qarışdırır yuxumu qanlı-qanlı xatirələr...

Taxıldı barmağına bir şəhid səadətinin
Ömürlük ayrılığıyla nişanlı xatirələr...

Çəkildi xəlvətə qəddar dilində lal sükutun
İtib-batır qocaman, adlı-sanlı xatirələr...

Nə duyğular yaşadıq! Kaş-kaş, heyf-heyf,
"Sənöl-mənöl"lü, belə, and-amanlı xatirələr!

Soyuq vücudun, Əvəz, xatirata abidədir,
Unutdurarmı səni istiqanlı xatirələr?!

Bakı, 24.11.2024

# 646 dəfə oxunub

Müəllifin son yazıları

# # #