Budu komandir gəlir – Yeni müharibə bayatıları

Budu komandir gəlir – Yeni müharibə bayatıları
15 oktyabr 2021
# 14:50

Kulis.az şair İlham Qəhrəmanın yeni yazdığı müharibə bayatılarını təqdim edir.

***

Şirini acı kəsin,
Uzadın ucu kəsin,
Şəhidin toyu budu
Xınalı qoçu kəsin.

***

Ah çəkər ahdan ağlar,
Durub sabahdan ağlar.
Şəhidi yad edənlər
Gah gülər, gahdan ağlar.

***

Qanlı gələn Abbasdı,
Hamını oda basdı?!
Şəhidlik busatıdı -
Toy havasında yasdı.

***

Qalx dağdan yolu kəs dik,
Nə kimsəydik, nə kəsdik.
Toy ətliyi cöngəni
Şəhid vayında kəsdik.

***

Mən görən yazdan gedir,
Dönüb payızdan gedir.
Şəhid bir anasından,
Bir sevən qızdan gedir.

***

Ağac yarpağı sevər,
Əsgər bayrağı sevər,
Daha mən torpaq oldum,
Sevən torpağı sevər!

***

Əl tuturam sıxmırsan,
Ev-eşiyə baxmırsan.
Budu komandir gəlir,
Əsgər, niyə qalxmırsan?

# 7259 dəfə oxunub

Müəllifin son yazıları

# # #