Bu yağışda canavarlar da... - Günün şeiri

Bu yağışda canavarlar da... - Günün şeiri
5 iyun 2024
# 11:00

Bu gün Vaqif Səmədoğlunun doğum günüdür.

Kulis.az “Günün şeiri” layihəsindən şairin “Eşidirsənmi?” şeirini təqdim edir.

Eşidirsənmi?
Amma necə eşidəsən...
İki il,
yeddi ayın ayrılığıyla
tutulub qulaqlarımız,
Bir yandan da bu yağış...
Bu yağışda canavarlar da
adam olub yorğan-döşəyə
girmək istəyirlər.
Görürsənmi?
Amma necə görəsən...
Qurtarmayıb hələ də
aramızdan keçən qatarın vaqonları.
Bir yandan da bu yağış...
Bu yağışda qorxudan
səs-səsə verib bar-bar bağırır
Qobustan qayalarının öküzləri də!
Eşidirsənmi?
amma necə eşidəsən...
İki il,
yeddi ayın ayrılığıyla
tutulub qulaqlarımız
bir yandan da bu yağış...

1964

# 1559 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #