Adam çoxdu, Allah çatmır - Nübar Eldarqızının şeirləri

Adam çoxdu, Allah çatmır - Nübar Eldarqızının şeirləri
3 iyun 2024
# 12:30

Kulis.az Nübar Eldarqızının yeni şeirlərini təqdim edir

Susma, şair!..

Sözlər hamısı azadlıqda!
Sözün xası az adlıqda!*
Bu bolluqda, kasadlıqda
Susmaq haqqı tək balıqda!
- Susma şair! Ölmə, şair!

Dərdindən "Xəbər" tutmusan!
Düz de, nə qədər tutmusan?!
Sözü qaldırmısan ərşə,
Rəbbə bərabər tutmusan!
Qoy desinlər, zər tutmusan, -
Susma şair, ölmə,şair!

Arada çıx gün üzünə,
Gün dəysin solğun üzünə,
Nahaq döydüyün gözünə,
İşıq gəlsin, dön sözünə,
Susma, şair! Ölmə, şair!

Dünyadan çox tez bezmisən...
İlk dəfəmi, ilk kəsmi sən?
Dünyadakı ilk kəsmisən,-
Sözdən ümidi kəsmisən?-
Susma, şair! Ölmə, şair!

Getsən, söz sözsüz qalacaq!
Amma ki, öksüz qalacaq...
Dünyaya verdiyin Salam-
Əleyk-in şəksiz qalacaq!
Susma, şair! Ölmə, şair!


Qəmin aqreqat halı

Niyə məni görmürsünüz?-
Gözünüzün önündəyəm.
Qəmin aqreqat halında,
Şairin it günündəyəm...

Misqal-misqal, dirhəm-dirhəm,
Qüssə çəkir, dərd bölürəm,
Mən hər gedənlə ölürəm,
Hər gələnin sinnindəyəm.

Güzgüyəm, bax, özünü gör,
Astarını, üzünü gör,
Sən istəsən yüzünü gör,-
Mən bilirəm, minindəyəm!

Yal üçün yalaq olmadım,
Gül oldum, alaq olmadım!
Kimsəyə calaq olmadım,
Dədə-baba genindəyəm!

Hər dəmir qatar götürmür,
Hər zaman Nübar yetirmir!
Nübar bitir,-Haqq bitirmir,-
Fərqindəsiz,-zənnindəyəm!


Ver özünə

Söy bu baxtı, bu taleyi:
- Ay bu baxtı, bu taleyi!..
Qıy bu baxtı, bu taleyi,
Kim yazıbsa, ver özünə!

Yaza-yaza şair yazdı,-
Qismətini sözdən asdı!
Xoşbəxtliyi bir abzasdı,
- Kim yazıbsa, ver özünə!

Qəlbimdə bir darıxmaq var!..
Bu depresiyadan çıxmaq var...
Adın yazılı çaxmaq var;
Kim yazıbsa, ver özünə!

Bitmişliyin təntənəsi

Hər şeyin əvvəlinə-sonu yazılıb.
"Yararlılıq müddəti" insanın alnına cızılıb.
Ona görə inanmıram möcüzəyə...
Sevgim sözüm kimidir;
Heç yerinə düşmədi...
Mən də elə tərsəm,
yerimi dəyişmədim!..
Üsyankaram hər şeyə!
- Niyə əsgər əsgəri öldürür,
Torpaqmı az, yermi yoxdur?
İnsanın insanla nədir sorunu?!
Niyə insanlar milliyyətinə, dininə,
Dinsizliyinə görə mühakimə olunur?
Niyə?!

Suallar qarşısında acizəm deyə,
Ədalət məhkəmələrini yox,
ilahi ədalətii çox sevirəm:
- Sonda bütün zülmkarlar - fironlar, tiranlar, diktatorlar
Haqqın lənətinə qovuşur!
- Bu dünyada olmasa da,
Axirətdə
Oxşar talelilər bir-birinə qonşudur: -
Cənnətliklər, cəhənnəmliklər...
Nöqtələr...
Nöqtələrin piki - Nida! -
Bitmişliyin təntənəsi!..

Epiloq:
- İnkişafın-pik nöqtəsi!
- Zülmün-pik nöqtəsi!!
- Səbrin-pik nöqtəsi!!!
- Əlvida, dünya, əlvida!..

Xaos

- Bütün ölülər müflis olmuş dirilərdir!
Çılpaq ruh qalxır göyə...
İnsanlar bir gün belə dözmür sevdiyinin ölüsünə;
Ya torpağa göndərirlər, ya da krematoriyə...
Ona görə,
Özləmişəm "yox"olmağı!
Doğulmazdan əvvəl
Hər şey YOX idi!
Var olduq, olmadıq,
"Ömür" deyilən başımıza min corab toxudu.

- Bir yanda bəsirət, bir yanda cəhalət...
Bir tərəfdə qüdrət, bir tərəfdə nifrət...
VƏ BİR QRAM AZADLIQ üçün çəkilən zillət!..

Sonra...
Düşüncələrini qəlbinə - ev həbsinə göndər və sus!
SOS!
- İnsanlıqda düşüş,-qiymətdə endirim!
- Vicdan çatışmazlığı,
qeyrətdə endirim...

Və budur dünyanın mənzərəsi:
- Kölələrin sonsuz narazılığı,
asilərin ümidsiz mübarizəsi,
mütilərin şükranlığı...
Ən pisi gecələrin deyil, səhərlərin qaranlığı...
Və daha da pisi,-
Tənhalıqdan şikayət də bir dəb...
- Əsil yalnızlığı bir sən bilirsən,
ya Rəbb!!!

Epiloq:

- Bizi ancaq inandıqlarımız aldadır...
Bizi ancaq sevdiklərimiz ağladır...
Bizi ancaq yazdıqlarımız anladır...

Zornan olmur...

Bir ay gözə görünmürsən,
Maraqlanan, soran olmur.
Hər şey yazılıb oynanır,
Və heç bir şey zornan olmur!..

Bunca din var, günah bitmir...
Niyə göylərə ah çatmır?
- Adam çoxdu - Allah çatmır?!
Tək-tək olmur...xornan olmur...

Səhv elədik, yazar olduq,
Aldıq, satdıq, bazar olduq...
Yalvarmaqdan bezar olduq,
- Yağnan olan şornan olmur!..

Ümidlərim çilik-çilik,
Qəlbim desən, dəlik-dəlik,
Dərdə çıxıram gündəlik,
Yoxnan olur, varnan olmur!

Qapı varsa, açanı var!
Dəlikdən də keçəni var!
Yəni baxtdan qaçanı var?-
Tale korsa?! - Kornan olmur...

10.12.23


Yorğunluq

Get -gedə qısalır günlər,
Uzanır gecələr...
Ömrün necə sürətlə keçdiyini boşalan dərman şüşələrindən bilir qocalar...

Qurumuş ağaclar,
Sahibsiz küçə itləri,
Qapılardan qovulan pişiklər belə dərdinin üstünə dərd gətirir.

Hər an bir çox ümidini,
Hər gün bir az inancını itirir...
Əslində, itirməyə heç nəyim qalmayıb deyənlər,
Heç nə deməyib susanlar qədər yorğun deyillər...

03.05.24

***
Yenə də durmadan yağışlar yağır,
Könlümdə səbəbsiz sıxıntılar var.
Bilirsən, hansı ki, torpağa yağmır,
Orda bərpaolmaz dağıntılar var...

***
Qıy vura-vura quşlar
Keçir bizim səmadan;
Qəriblikdə ölən var...

***

Akvarium

Hər gün balıq tutmaq olmur,
Balıq hər gün tora gəlməz!
Addımların gedər, gələr,
Gedər, gələr...sonra gəlməz!

- O gəlməsə, sən gedərsən!
Görən kim qarşılar səni?
Son dəfə yola salacaq
Örtülən qapılar səni!

Balığın akvariumda,
Şəklin divarda qalacaq.
Bu gecə yuxun gələndə
Görəsən, harda qalacaq?

Əlindən çıxan fürsəti
Tamah yenə tora atdı!
- Yer-yurdunu tapan kimi
Yaz ki, son mənzilə çatdım!

2021

Biz kəndlilər...

Bizim ata-babamız sadə olub, loru olub, saf olub...
Məscidimiz, günbəzimiz, pirimiz kimi...

Və beləcə, köklü-köməcli zadəgan olmaq xəyalımız məhv olub...
Aşağı-yuxarı birimiz hamı kimi, hamımız birimiz kimi...

Dədə-baba evlərimiz də belə olub - üzü qibləyə, qarşıya tərəf pəncərə,
onun da qarşısında balkon.
- Nə arxaya, nə böyürə-
"göz"qoymayıb ulularımız.

Yəni hamıya inanıb...
Və həmişə arxadan zərbə alıblar...
Sonradan bəzi pullularımız...
bicləşib,
Elə o arxadan iş görənlərlə birləşib,
Və bu dəfə qarşımızda dayanıblar!
Bizimkilər "dəli şeytan" deyəndən-deyənə vurublar, qırıblar...
Nəyisə sorğulayıb, sorublar...

Biz Allaha əl açıb
diləyimizi imam Hüseyndən istəmişik,
düşmənimizi "Həzrət Abbasa" tapşırmışıq!
Suçlumuz da olub, güclümüz də!
Cənubdakılar cənuba, şimaldakılar şimala bənzəyib get-gedə.

Mərkəzdə də hər şey qarma-qarışıq...
Nə elə ölüvay olmuşuq,
Nə də
elə diribaş...
Varlıq da görmüşük, yoxluq da,
Pislər həmişə azlıqda qalıb...
Çoxluqla-
insan olmuşuq, qardaş,
İnsan olmuşuq!

2022

Sevmədim

Hərənin bir sazı var,
Hərə bir teldən çalır.
Vaxtı gələr, -deyirik,
Vaxt bizimlə qocalır...

Nə ümid peyda olur,
Nə təsəlli ovutmur.
Qəlbimin frekansı
Günəş şüası tutmur...

Məni məndən qurtarın,-
Canım dincəlsin bir az!
Gözümdən qorxu axır,
Sanki Kür, sanki Araz...

Çox mənasızdır həyat,
Sonu mütləq ölümdür.
O sonu bilə-bilə
Yaşamaqsa zülümdür...

Gedib-gələn yoxsa da,
Fərz edək ki, cənnət var.
Cəhənnəm etməz ora
Yollansa bu adamlar?!

Epiloq:
Ey insan övladı, səni heç halın ilə sevmədim.
Günahınla, savabınla, vəbalın ilə sevmədim.
Çıxdın Allahın əmrindən, cəhənnəm etdin cənnəti,
Ayılmısan gecdən-gec, o cənnət xəyalın ilə sevmədim...

04.04.24


Sonuncular

Düşüncəyə dalıb gedən
Ayılarmı, - bilən varmı?
Kim deyər, ölüm necədi,-
Bundan əvvəl ölən varmı?!

Vaxt var ikən sağollaşaq,
Sonra demə macalım yox.
Anam gəlib layla çalır,
Mahnı oxumağa halım yox...

Durum bir dua oxuyum,
Bu xırıltılı səsimlə.
Son Allah bəndəsi mənəm,-
Qalmışam son nəfəsimlə...



Ərəfə

Küləklər ahdan başladı.
Yağışlar şehdən başladı,
Adəm ilə Həvva çaşdı,-
Dünya günahdan başladı....

Bir günah da biz elədik,
Elə bildik düz elədik,
Çatana "sevirəm" deyib
Sözü sevimsiz elədik...

Nə qədər eşq, o qədər qəm!
Belə gəlib dünya, aləm.
Kimi bizi qaraladı,
Kiminə biz çəkdik qələm...

Keçmir bu Yerdə nazımız,
Eyzən qəm çalır sazımız.
Torpaq payın alıb susur
Razımızla narazımız...

Günəş keçir o tərəfə:
Xəbərdir, qoyulur zərfə.
Səhər əyan olacaq,bu
nəyə son,nəyə ərəfə...


Övlad

Ölən cismimizdi, övlad,
Ruhumuz dipdiri gedir.
Dünya yol keçən durağı,
Biri gəlir, biri gedir...

Doğulan tək qaçır çağa,
Vaxt bitincə yox qadağa!
Əvvəlcə üzü qabağa,
Sonra geri-geri gedir...

Payına düşən bir ömür;
Hərə bir sürətlə sürür.
Saman altından su yürür,
Üstdə saman quru gedir!

Əslində, ruh - bir laməkan!
Qəfəsidir görünən can!
Canın ki, qurtarır candan,
Arınıb dupduru gedir!

Göyə - gələn kitablara,
Günahlara, savablara
Tapılmayan cavablara
Verilən min soru gedir!..


Şəxsiyyət

Bu sifət mənimdir;
Güzgüdən gözü gözümə baxır.
Bəzən çılğın,
Mütamadiyən ağır...
Çox vaxt yumşaq,
Bəzən fağır...
Bir azca sərt...
Yəni orijinal bir fərd!

İllərin saldığı cığırlar,-
Səni haracan desən aparar.
Bu üzün ən gözəl, ən şirin, ən saf vaxtlarınacan...
Bir az əzgin, bir az yorğun görünən,
Payız fəslidir deyə xeyli solğun görünən,-

Bu sifət mənimdir!
Gözəl də olsa, çirkin də
hamı məni onunla tanıdı.
O - Allahın imzalayarak verdiyi sənəd!
Şəxsiyyət vəsiqəm!
Şəxsiyyət!!!

Bütün səhvlərini üzünə vurmağa vərdiş etmişəm,-
Amma həm də bu şəxsiyyətə pərəstiş etmişəm!
Özü qazanıb o hörməti!-
Allah yaratdıqlarını sevməkdi əsas sənəti!
Həm də bu üzün
heç kimin qarşısında ikiləşdiyini kimsə görmədi!

# 1338 dəfə oxunub

Müəllifin son yazıları

# # #