"Acından qəm yeyir zavallı qoca..." - Şeirlər

"Acından qəm yeyir zavallı qoca..." - Şeirlər
24 sentyabr 2026
# 14:00

Kulis.az Hikmət Məlikzadənin şeirlərini təqdim edir.

***

Günah da şərabtək acıdı, bəlli,
Ölüm elə şey ki... bəndə qayıtmır.
Biz hansı sağlığa içdik ki, saqi,
O qız neçə vaxtdı kəndə qayıtmır?

Hələ yer belləyir qoca gözətçi...
O, necə bu möhkəm təpərdə durub?
Əcəl yabı kimi axsaq deyil ki,
Bir az vaxt udasan çəpərdə durub.

İndi bir ağaca ad yazmır heç kim,
Mənim də içimdə ayıblar çoxdu...
Çətin “beş” verəsən bu halda mənə,
Minnət dəftərimdə qayıblar çoxdu.

Başı ağrıyanın işinə bax da,
Beş-üç dərman atıb təbin kəsdirmir.
Şeytanın pulu da, mollası da var,
Gedib biri ilə kəbin kəsdirmir.

Nə vaxt dəli oldum, Allah da bilməz,
Şeytan, rəvadımı qoruma söyə?
Qorxuram, tabuta yük olam bir gün,
Kimsə gur səs ilə goruma söyə...

***

Yelkənsiz qayıqsan, ay adam, hələ,
Sənin də içində yadlar çoxalır...
Adını daş ilə yazdım ağaca,
Sonra da gördüm ki, adlar çoxalır.

Sənin dəli olmaq vaxtındı, dəli,
Nə vaxt qayıdırsan, ta xəbər elə.
Əzrayıl onsuz da yerimi bilir,
Sən ha məktub yolla, ha xəbər elə.

Acından qəm yeyir zavallı qoca,
O, bəlkə dərdini zarıyıb desin?
Üç şəkil asdığın mağardı həyat,
Kim ondan bir ovuc yarıyıb, desin.

Can sevda quşudu, bədənsə torpaq,
Tabut pərvanədi şamlara, boş ver.
Şeytan neçə vaxtdı daş atır elə,
Mənim gül atdığım damlara, boş ver.

Ciblər boş olanda salam da olmur,
Hələ də əynimdə çul yoxdu onsuz.
Gələndə gül alım, yoxsa ki, kitab,
Başqa şey almağa pul yoxdu onsuz.

***

Həyat on manatlıq çit kimi sərtdi,
Urvatdan düşürsən bölənə qədər.
Könülcə bu cinə elə ürcahıq,
“Bismillah” deyirik ölənə qədər.

Gəl, tanıt bu tanış adamı mənə,
Yenə kefə çəkib masalar məni.
Edam yerindəki kötüklər hanı,
Kəndir də tapmırlar asalar məni.

Dərdlə aran yoxsa, dua da heçdir,
Hər ocaq qalayan küllə qayıda...
Cəllad da bəxtimdən şəhərə gedib,
Eh, nola, bir qucaq güllə qayıda.

Dünənki sağlığa çox içdik, bəsdi,
Dur, gedək şumlayaq yeri, qayıdım.
Arxamca su atan qadın da köçüb,
Daha kimə görə geri qayıdım?


***

Yorğun vaxtlarımda yuxuma dəymə,
Qəmin altı zülmət, üstü görünür.
İçim də bombalı çöllər kimidi,
Hələ beş-on yerdə tüstü görünür.

Nə vaxt uzaq düşsəm sözdən, ölürəm, -
Söz, mənim atamdı, söz, mənim anam.
Cənnət qatarına bilet tapmadım,
Oğlun qeybə çıxır, döz, mənim anam.

Yoluma göz dikir gör neçə vaxtdı,
Yolun yarısında atdığım qadın.
...Başqa bir qapıya ürək apardı,
Hər gün ürəyimi “satdığım” qadın.

Mən heç inanmadım bu eşqə nəsə,
Gör, neçə günahda gözüm var, dayan.
Əzrayıl kimisə götürüb gedir,
Durum, necə deyim, - sözüm var, dayan?!


***

Şam necə yanırsa, pərvanə qorxur,
Sənin ucbatından duam puç olur.
Şeytan sağlığıma badə qaldırır...
Eşq bir qanundu ki, pozsan, suç olur?

Mən sənin qədrini bilmirəm guya,
Canı tüfəng edib səbrə atırlar...
Elə tələsirik, bilmirik sonda
Bizi ağa büküb qəbrə atırlar.

Bir dəfə qapımı açıb deməz, gəl, -
Qoy bu tərs qadını qəmdə sevməyim.
Allah sev də deyir, sevmə də deyir,
Mümkünmü, həm sevim, həm də sevməyim?

Könül rübabımın xətti başqadı, -
Bu xətt ürəyimin közüdü, vallah.
Günahın çoxdusa, səbəb axtarma,
Hər kəsin düşməni özüdü, vallah.

# 108 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər