Bu gün tanınmış şair Şaiq Vəlinin anım günüdür.
Kulis.az bu münasibətlə "Günün şeiri" layihəsində onun "Dünya sərxoş, mən ayıq" şeirini təqdim edir.
Dünyaya üz tutan divanəymiş,
Divanə devanəymiş!..
Bu dünya nəymiş, ah, nəymiş –
Şərab süz, dostum, mənə şərab süz!
- Hillari Klinton bioqrafik kitab yazıb
- Fimlərimiz Türk Dünyası Sənədli Film Festivalının finalçıları olub
- "Milli Kitab 10-luğu" - "Anamın kitabı"
Budaqda gül – tac,
gül – ismət,
gül – şan,
Bu nə gülüstan, bu nə gülşən?! –
Bülbül köksü qan…
gül gülür, gül şən…
Şərab süz, dostum, mənə şərab süz!
Açıq pəncərədən daş gəlməz daha,
Xumar gözlərdən yaş gəlməz daha,
Acım acıdır, şirinim xoş gəlməz daha,
Şərab süz, dostum, mənə şərab süz!
Yaşadım bir ömrü – xeyriyə oldu,
Xeyriyyə ömrün xeyri nə oldu?
Uduzdum – dünyanın xeyrinə oldu,
Şərab süz, dostum, mənə şərab süz!
Mən insan deyiləm – insan qarışqa,
Tapdanmaq qoxusu hər bir qarışda…
Ömrün nə qədəri hələ qarşıda…
Şərab süz, dostum, mənə şərab süz!
Daş daşıdım, söz daşımağa öyrəşəmmədim,
Söz daşıyıb baş qaşımağa öyrəşəmmədim.
Bu dünyayla barışammadım –
yaşamağa öyrəşəmmədim,
Şərab süz, dostum, mənə şərab süz!
Dönməz sahilə bir də o qayıq,
Hayıf o qayıqçı,
o qayıq hayıf!
Dünya sərxoş, mən ayıq!…
Şərab süz, dostum, mənə şərab süz!