Zəlzələ - Sülhiyyə Şirinovanın hekayəsi

Zəlzələ - Sülhiyyə Şirinovanın hekayəsi
6 fevral 2024
# 11:00

Kulis.az Sülhiyyə Şirinovanın "Zəlzələ" hekayəsini təqdim edir.

Gözlərini açdı; bədənində dəhşətli ağrılar vardı. Elə bil bədəninin hər nahiyəsini mişarla doğrayırdılar. Bu azmış kimi, nəfəsi də çatmırdı... Sanki bir tabutun içindəydi və elə bil nəfəsi tabutun qapağına dəyib-qayıdırdı. Harda olduğunu və nə baş verdiyini anlamırdı. İndi arzuladığı yeganə şey üstündə olan o ağır nəsnəni itələmək və dərindən nəfəs almaq idi. Bədənini tərpətməyə gücü çatmadı. Hər iki əlini qaldırıb üstündəki o ağırlığı itələmək, itələmək istədi. Amma qolları key kimiydi. Sol əlin, ümumiyyətlə, hiss etmirdi. Hiss etdiyi, dərk etdiyi yalnız ağrı və ağrıydı!..

Var gücünü toplayıb sağ qolunu qaldırdı və qolunun yarıaçıq halda çatdığı yerdə barmaqları hamar və itələnməsi mümkün olmayan maneəyə toxundu. Əlini aşağı sürüşdürdükcə, o maneənin dizinin yuxarı hissəsində bədəninə kip yapışdığını fərq etdi. Anladı ki, otağın divarı üstünə uçub və dizindən bir qədər yuxarı hissəsinədək divarın altındadır. Yəqin, ayaqları sıradan çıxıb və ya ən yaxşı halda əzik-əzik olub. Hər nə olmuşdusa, dəhşətli ağrı verirdi və o nahiyədən aşağısını tərpətmək iqtidarında deyildi.

Xatırlamağa çalışdı...

Hə, gecənin bir aləmində ayılmışdı ki, taxt bərk silkələnir. Nə baş verdiyini anlamağa macal tapmamış divar üstünə gəldi və...

Sonrasını xatırlamırdı. Nə vaxtdan bəri huşsuz qalıb, onu da bilmirdi. Dərk etdiyi o idi ki zəlzələ olmuşdu və onların altıncı mərtəbəsində yaşadığı doqquzmərtəbəli bina uçmuşdu.

Ani olaraq evdəkiləri xatırladı. Var gücü ilə qışqırdı: “Sibelll! Meteee! Sibelll”!!!

Cavab gəlmirdi. Sinə dolusu hönkürdü: “Hamısı ölüb! Ölüb hamısı!!!"

6 aylıq Ayşənin beşiyi taxtın solunda - lap yaxındaydı. Yəqin divarın altında qalmışdı. Yavuz “Körpəm! Ayşəm!” deyib nalə çəkdi... Bəs, Sibel hanı, Sibel? Axı yanında yatmışdı... Birdən xatırladı ki, yenicə yerlərinə girən zaman qonşu otaqda yatan 5 yaşlı oğlu Mete ağlayaraq anasını yanına çağırmış və Sibel onun yanına getmişdi. Bir az ümidləndi... - Bəlkə, sağdılar?!. Yenə səsi gəldikcə bağırdı: “Sibelll! Metee”! Cavab gəlmirdi ki gəlmirdi...

Yavuz özünü dərk edəndən bu yana həyatında ilk dəfə Allaha üsyan etdi, çarəsizlikdən içi parçalana-parçalana zarıdı: “Niyə də, Allahım, niyə?! Məni də öldür, Allahım”!

Yenə huşunu itirdi.

Gözlərini açanda sakitlik idi. Birdən qulağına uşaq hıçqırtısı gəldi. Metenin səsiydi: “Ana, ana, dur!” deyə ağlayırdı. Yavuz sevincdən bir anlıq ağrılarını unutdu:

- Mete, Mete!
- Ata, hardasan, qorxuram, qaranlıqdı! - Mete ağlaya-ağlaya cavab verdi.
- Qorxma, işıqlar keçib. İndi yanacaq. Tərpənmə! Anan hanı?
- Anam burda, yanımda, çağırıram, durmur. Ata, bura gəl, gəl bura! - Mete ağlamağa davam etdi.

Yavuz onu sakitləşdirməyə çalışdı: “Axı mən gəlsəm, Ayşə qorxacaq burda. Anan yanındadır, qorxma”!
Sonra bir neçə dəfə səsi gəldikcə Sibeli hayladı. Sibel cavab vermirdi. Yavuz Meteni sakitləşdirməyə çalışırdı:
- Ananı silkələ, oyansın. Bəlkə, bərk yatıb.
- Durmur. Əli ilə də məni qucaqlayıb, çıxa bilmirəm. Gəl, burdan çıxar məni.
- Ayaqlarını tərpət, gör tərpənir?
- Hə.
- Bəs əllərin? Haransa ağrımır?
- Yox, amma soyuqdu.
- Yorğanı üstünə çək, ananın qucağına gir. Ana da bir azdan duracaq.

Bir dəqiqəyə yaxın sakitlik oldu. Yavuz Metenin yuxuya getdiyini düşündü.
- Ata!
- Hə, balam!
- Su istəyirəm.
- Yaxşı, bir az yat, Ayşəni yatızdırım, gələcəm sənin yanına. Çıxma yerindən, yaxşımı?
- Yaxşı.
- Sənə "Dandini" oxuyum?
- Hə.
Yavuz qəhərini boğaraq, heysiz səsi ilə oxumağa başladı:

Dandini, dandini, dasdana,
Danalar girmiş bostana;
Qov, bostançı, dananı,
Yeməsin lahanayı.
Dandini, dandini, dastana...

Bir azdan Yavuz Metenin mışıltısını eşitdi. "Şükür, yatdı!" deyib, Allaha yalvarmağa başladı:
- Allahım, kömək ol, Metemi xilas etsinlər!

Zil qaranlığın içində ağrının şiddətində huşunu itirmək dərəcəsində olan Yavuzun tək ümidi Allaha idi. Metenin xilası arzusu, Sibelin, Ayşənin ölümünü, özünün yarıölmüş bədənini bir neçə dəqiqəlik də olsa, unutdururdu: “Bircə Meteni xilas etsəydilər... Allahım, kömək ol”! Birdən Yavuz səs eşitdi. Yuxarıdan insan səsləri gəlirdi. Xilasedicilər idi. Bir neçə nəfər eyni vaxtda qışqırdı: “Kimsə varmı”?! Səs düz Yavuzun olduğu yerin üstündən gəlirdi. Yavuz hesabını itirdiyi saatların, bəlkə də, günlərin ərzində ikinci dəfə sevindi: “Allahım, şükürlər olsun, Metem xilas olacaq”! Bütün gücünü toplayıb qışqırdı: “Kömək edin, burdayıq”! Səsi batanadək çağırdı. Amma heç kim onu eşitmirdi. Əli ilə üstünə yıxılmış divarı şapalaqladı. Hərəkət etdirə bildiyi yeganə bədən üzvü olan sağ qolu yorğunluqdan yanına düşdü. Divarı döyəcləməkdən əlinin içi keyləşmişdi. Bir azdan səslər uzaqlaşdı. Yavuz yenə ümidsizləşdi. Sanki ağrıları daha da şiddətləndi və huşunu itirdi.

Ayılanda nə qədər vaxt huşsuz qaldığını müəyyənləşdirə bilmədi. Getdikcə halsızlaşırdı. Bildiyi o idi ki dəqiqənin saatlar, saatın günlər kimi keçdiyi uçqunun altında həyatda qalma ümidi də, zamanı da getdikcə azalırdı. Bircə Mete xilas edilənədək sağ qala bilsəydi... O qədər çarəsizdi ki, o qədər!.. Dəhşətli ağrılardan qurtulmaq, Sibelinə, Ayşəsinə qovuşmaq üçün heç tərəddüd etmədən ölümü seçmək varkən, indiki halda onu bu dünyaya bağlayan yeganə varlıq olan Metesinə qarşı son atalıq borcunu yerinə yetirməliydi.

Metenin səsi gəldi:
- Ana, dur, durr! Ata, ata!..
Yavuz halsız səsi ilə ona cavab verdi:
- Burdayam, Metem, ağlama. Ananı incitmə, qoy yatsın. Yorulub.
- Ata, sənin yanına gəlirəm.
- Yox, yerində qal! İşıq yanmır, yıxılarsan qaranlıqda. Ayşə qorxub ağlayır deyə, mən onu qucağımdan yerə qoya bilmirəm. Yatsın, gəlib səni götürəcəm. İndi ana da duracaq.
- Ata, su istəyirəm. Acmışam...

Yavuzu qəhər boğurdu. Neçə saat, neçə gün keçdiyini bilmirdi. Amma çox zaman keçmişdi ki, Mete acmışdı, susamışdı. Ağlına bir fikir gəldi:
- Mete, yadında ana Ayşəni yedizdirəndə sən də Ayşənin südündən istəmişdin?
- Həə. Amma ana qoymadı. Dedi ki sən böyüksən, ananın südü Ayşə üçündü. Sən artıq boşqabda böyüklər kimi yemək yeyə bilirsən. Ayşənin isə dişləri yoxdu, ancaq süd içə bilir.
- Sən indi istəyirsən ananın südünü içmək?
- Axı anam icazə vermir...
- İcazə verəcək. Ana mənə demişdi ki, Ayşə doyandan sonra, Mete də süd içə bilər. Sən də Ayşə boyda olanda ananın südünü içirdin də. Bax indi ananın köynəyinin düşməsini aç. Açdın? Ay sağ ol! İndi südü iç.
Yılmaz Metenin ağzının marçıltısını eşidib bir az rahatladı. Metenin marçıltısı bir azdan kəsildi, yəqin ki, yuxuya getdi...

Yavuz getdikcə halsızlaşırdı. Artıq qolunu tərpətməyə heyi qalmamışdı. Onsuz da göz-gözü görməyən bu qaranlıq dünyada ona gərək olmayan gözlərinin qapaqları da getdikcə ağırlaşırdı. Yenə huşunu itirdi. Yuxuda gördü ki, Sibel onu oyadır: “Oyan, Yavuz, oyan, Mete səni çağırır”. Hövlnak ayıldı. Metenin mışıltısı gəlirdi. Hələ ayılmamışdı. Birdən yenə səslər eşitdi. İnsan səsləri bu dəfə daha yaxından gəlirdi. Yenə adamlar qışqırırdı: “Kimsə varmı? Cavab verin! Kimsə varmı”?!.

Yavuz bütün gücünü toplayıb qışqırmaq istədi. Səsi çox zəif çıxırdı. Metenin zarıltısını eşitdi.
Mete yenə ağlayırdı, anasını, onu çağırırdı. Yavuz anladı ki, bu zəif səsini xilasedicilərə çatdıra bilməyəcək. Bu, Metenin xilası üçün sonuncu şans ola bilərdi:
- Mete, bax, əmilər gəlib işığı yandırmağa. Sən möhkəm qışqır, de ki, kömək edin. Onlar gəlib işığı yandırsınlar, bizi tapsınlar.
Mete titrək səsi ilə onun dediyini təkrarladı. Deyəsən, körpə üşüyürdü. Səsi əsirdi. Heç kim eşitmirdi. Yavuz hönkürdü:
- Mete, ağla, möhkəmdən ağla!

Mete lap bərkdən ağlamağa başladı. Ağladıqca səsi daha da yüksəlirdi.

Çöldə sakitlik çökdü. Bir nəfər qışqırdı: “Uşaq ağlamağı səsi gəlir. Bu tərəfdən, bu tərəfdən”.
Sonra torpaq qazıntısı səsi gəldi. Bir saata yaxın qazıntı davam etdi. İçəri işıq düşdü. Yavuzun göz qapaqlarını qaldırmağa taqəti olmasa da, kiçik oyuqdan gələn bu işığı hiss elədi. Bir nəfər Meteni danışdırırdı:
- Ağlama, bax indi gəlib səni çıxaracağıq ordan. Adın nədir?
- Mete... Bura qaranlıqdı, qorxuram.
- Qorxma, indi gəlirik. Kim var yanında?
- Anam yatıb durmur. Ayşə də yatıb. Atam da o biri otaqda. Oyaqdı, ama qaranlıqdı deyə gələ bilmir.
- İndi gəlirik. Bax, çatdıq. Danış, Mete. Neçə yaşın var?
- Beş.
- Bəs Ayşənin?
- O balacadı, anam deyir ki, yayda bir yaşı olacaq.

Yavuzun üzünə təbəssüm qondu. Bu dünyada sonuncu atalıq missiyasının öhdəsindən gəlmişdi. Son anadək Metenin yanında qala bilmişdi. Son gücünü toplayıb dərindən nəfəs aldı və gözlərini yumdu. Gördü ki binalarının həyətindəki çəmənlikdədirlər. Sibel toyda geyindiyi ağ gəlinliyi geyinib, Ayşəyə ağ ipək don geyindirib. Sibel əlini ona uzatdı və Yavuz quş kimi yüngüllcə onun arxasınca addımladı. Özü də təəccüb etdi ki, axı ayaqları divarın altında qalmışdı, bəs necə oldu ayaqları sapsağlamdır və belə yüngül hərəkət edə bilir?!.. Sibel əli ilə sağ tərəfi göstərdi. Orda uçulmuş bir evin qalıqları altından bir uşaq çıxarırdılar. Mete idi. Xilasedici Meteni bağrına basmışdı. Yavuz Meteyə doğru getmək istədi, amma Sibel Ayşəni ona verərək, "Yavuz, getməliyik"! dedi.

Bir neçə dəqiqə sonra televiziyalarda belə bir xəbər yayıldı:

“75-ci saatda daha bir möcüzə: dağıntılar altından 5 yaşlı Mete Yılmaz xilas edildi. Onun ailə üzvləri - 31 yaşlı Yavuz Yılmaz, 29 yaşlı Sibel Yılmaz və 6 aylıq Ayşə Yılmazın cansız bədənləri dağıntılar altından çıxarıldı. Ayşə Yılmaz Meteni qucaqlayaraq son anda onu ölümdən xilas etmişdi”..

10.02.2023

# 1597 dəfə oxunub

Müəllifin son yazıları

# # #