Zəfərin əlləri – Sevil Gül Nur

Sevil Gül Nur

Sevil Gül Nur

17 dekabr 2021
# 11:44

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Sevil Gül Nurun “Zəfərin əlləri” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Yeni dərsə başlamazdan əvvəl uşaqların ev tapşırığını yoxlamaq üçün dəftərləri yığmağa başladım. Hiss etdim ki, sinfin əlaçısı, gözəl xətti ilə seçilən Aysu dəftərini gizlətməyə çalışır. "Yəqin ev tapşırığını yazmayıb", - düşüncəsiylə yanından sakitcə ötdüm. Onunla təklikdə söhbət etmək istəyirdim.

Tənəffüsdə ona yaxınlaşıb dedim:

- Deyəsən, biz sənin ev tapşırığını yoxlamağı unutmuşuq. Gəl birlikdə, elə burda yoxlayaq.

Aysu utanaraq başını aşağı saldı. Dodaqlarının altında güclə eşidiləcək səslə dilləndi:

- Mən tapşırığı yaza bilmədim, müəllim.

Bunu təxmin etdiyim üçün təəccüblənmədim.

- Eybi yox, başa düşmədiyin məqamları indi bütün siniflə müzakirə edərik.

- Yox ee, müəllim, yazmışam, amma... - Aysu ehmalca dəftərini qarşıma qoydu.

Tapşırıq doğru yerinə yetirilmişdi, lakin səliqəsiz idi.

- Atam dünən müharibəyə getdi, mənə kömək edən olmadı. Axı mən dərslərimi atamla edirdim. O əlimdən tutub başqa dəftərdə sözləri yazdırır, əlim öyrəşəndən sonra öz dəftərimə yazdırırdı, - Aysu doluxsundu.

Aysunu keçən ildən - məktəbəhazırlıq qrupundan tanıyırdım. Çox fəal, məntiqli bir uşaq idi. Atası başqa məktəbdə tarix müəllimi işləyirdi, qızının dərsləri ilə də özü məşğul olurdu. Aysunun anası iki il idi ki, xərçəng xəstəliyindən dünyasını dəyişmişdi. Aysu atası və nənəsi ilə birlikdə yaşayırdı.

Kövrəldiyimi bildirməmək üçün boğazıma yığılan qəhəri udub qızın saçlarını sığalladım:

- Darıxma, qızım, atan gələnə qədər dərsimizi burda birlikdə hazırlayarıq.

O gündən sonra hər gün dərsin axırında Aysu ilə bir saat məşğul olur, ev tapşırıqlarını yazmasına kömək edirdim.

Bu hadisədən təxminən iki ay keçmişdi. Artıq müharibə bitmişdi, biz zəfər çalmışdıq. Artıq əsgərlər evlərinə dönürdülər. Aysunun da atası müharibədən qayıtmışdı.

Amma bu səhər Aysunu yenə pərişan gördüm. Yaxınlaşıb soruşdum:

- Qızım, indi niyə qəmginsən? Axı atan yanına qayıdıb. Bundan sonra yenə atanla dərslərini hazırlayacaqsan.

Aysu dolmuş gözlərini üzümə dikib:

- Qayıdıb, müəllim, amma əllərini orda qoyub gəlib, - deyə pıçıldadı...

# 1888 dəfə oxunub

Müəllifin son yazıları

# # #