Yollarda azan arzular – Təbriz İsmayılzadə

Təbriz İsmayılzadə

Təbriz İsmayılzadə

17 dekabr 2021
# 11:45

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Təbriz İsmayılzadənin “Yollarda azan arzular” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Həyatımda yeni bir səhifə açılmışdı. Çünki arzularımdan biri olan təhsil almaq arzumun ilk addımını atmışdım. Qəbələdə yerləşən kollecə qəbul olmuşdum. Sübh tezdən hazırlaşıb sevinə-sevinə avtovağzala getdim ki, ordan yola düşüm bir başa Qəbələyə.

Avtovağzala çatdım və maşının arxa hissəsinə keçib, sumkaları yerə qoyub, taksinin pulunu verib arxaya çöndüm ki, sumkalar yoxdu. Səs-küydən də qulaq tutulurdu, "İmişliyə 1 nəfəəəəər", "Rasimmm mənəə 1 nəfər ver çıxımm". "Rasim də qayıtdı ki, mən balqabaq zadam, ə?" "İsti peraşki, isti perrraaşşkii"... Hardsa 10 nəfər insan qarşıma yüyürdü ki, Bakıdı? Bakıdı? Gəl otur səni 8 manata aparacam, kreditimin vaxtıdır əlacsızam, pul lazımdı. Bunların arasında qəfil bığları siqaret çəkməkdən saralmış, enli klassik şalvar, 1 rubaşka, onun üstündən 2 üst-üstə jaket, onun üstündən də bir pencək, başına da bir "ayradrom" papaq qoymuş dayı əlini mənə tərəf qaldırdı ki, " ə bajı oğlu gəldə, sumkalar maşının arxasındadır, özdə ki, qabaq oturacaqda əyləşərsən, 1 nəfər də götürüm gedək.

Bir az çaşqınlıq, bir az da heyrət içərisində dedim: Ay dayı, hara gedirik? Nə qabaq? Nə danışırsan?!

Dayı: "Narahat olma bajı oğlu, qiymətdə razılaşacayıq, hələ de görüm haralısan? "Biz tərəfə oxşayırsan", de görüm Bakı yaxşıdı yoxsa buralar?

Dedim: Ay dayı, mən Bakıya getmirəm! sənə kim dedi sumkamı götür icazəsiz?

Dayının əlindən bir təhər yaxamı alıb sumkamı götürdüm. Gedəcəyim rayona hansı avtobusla gedə biləcəyimi soraqlamağa başladım. İlk soruşduğum insan əli ilə işarə edərək "bax o avtobusdur" deyərək mənə səsləndi, dedim: "Çox sağolun, minnətdaram". Tələm-tələsik oturdum avtobusa. Qulaqcıqları taxmışdım ki, arxada oturan uşağın anasına verdiyi sual diqqətimi çəkdi.

- Ana, atam səni dünən içib döydüyü üçün gedirik xala gilə?

- Yox, oğlum, xalanı görməyə gedirik.

- Atamın səni hər gün pol taxtası ilə döydüyünü xalama deməyə gedirsən?

- Yox, oğlum, sadəcə qonaq gedirik.

- Bəs babamgilə niyə getmirik ki? O bizi aparardı xalamgilə. Həm də babama bədənindəki qaralmış yerləri göstərərik, hə, ana?

- Baba gilə getsək, baba hirslənəcək ki mənə: "nolub nəyə gəlmisən, yenə dalaşmısız ? "O evə ağ gəlinliklə girdiyin kimi, ağ gəlinliklə də çıxmalısan" gəlmə bu evə!!! Ona görə də getmirik baba gilə yoxsa hirslənəcəkdir. Şəkəri, təzyiqi qalxar axı.

- Haqlısan ana! Onda gedək Zaur əminin verlişinə, o sənə ata, mənə də bəlkə baba olar, o hərkəsə kömək edir axı, hər gün onun verlişində buna şahid oluruq ... Ya da ki Elgiz əmidən kömək istəyək, hə ana ?

Ananın uşağın başını qucaqlayıb , yavaşca ağladığını hiss etdim. Ağlamağında ki, çarəsizlik, ümidsizlik, qorxu, yorğunluq hər dərin nəfəs alışında hiss olunurdu...

O an keçirdiyim məyusluq hissləri, məni qəribə hala saldı.

Pəncərədən, əllərini soyuqdan ovuşdura-ovuşdura sanki Afrikada yardımlar gözləyən uşaqların yardım maşını gələndə qabağına qaçdıqları kimi taksilərin də qabağına qaçan, Bakıya və digər bölgələrə taksi xidməti göstərən orta yaşlı insanlara tamaşa edə-edə, qıraqda da mənə gedəcəyim avtobusu göstərən insanın 3-4 nəfəri başına yığıb deyib güldüyünü seyr edirdim.

Fikirlərə dalmışdım, oturduğum yerdən 1 oturacaq qabaqda 2 yaşlı xala əyləşmişdi və ara vermədən söhbət edirdilər.

Qəfil qadının biri, "Sənin oğlun necədi, evləndi ?" Deyə soruşdu.

O biri qadın cavabında, "evləndi", amma gəlinimdən razı deyiləm, heç ürəyimcə deyil. Oğlum səhərdən axşama işləyir, gəlinim isə evdə doğru-düzgün yemək bişirmədiyi azmış kimi, hələ buna görə də özünə bəraət qazandırır.

Nə tikiş tikir, nə də paltar ütüləyir. Bir qulluqçu qadın tapıblar bütün işi ona gördürür. Oğlum üçün özəl heçbir şey etmir, çoox narazıyam, çox.

Qarşıdakı qadın, "ahh nələr çəkirmişsən deyib, bəs qızın nətərdi, o da evləndi? Sualı verir.

Qadın, hə oda evləndi, amma o çox xoşbəxti, elə bir kürəkənim var ki, qızımın əlini "isti sudan, soyuq suya" salmağa da qoymur. Qızım işlədiyi üçün çox yorulur, çox vaxt axşamlar yeməkləri bərabər bişirirlər, hətta bəzən kürəkənim hazırlayır.

İnanırsan! elə bir insandır ki, tətil günlərində səhər yeməyini qızımın yataq otağına aparır.

Hələ bir qulluqçu da tapıblar, evin bütün işlərini o edir, qızım evdə heç yorulmur, kürəkənim ondan iş gözləmir, kürəkənimdən çox məmnunam, çox.

- Azz, atalar dahidir, inan ki, atalar sözlərimiz boşuna deyilməyib: - tələsən təndirə düşər. Gərək gəlini alanda tələsməyəydiniz!

- Düz deyirsən, nə bilim, biz də bu günün işini sabaha saxlamaq istəmədik. Vaxtı çatdı evləndirdik.

Avtobus yola düşməyə başladı. Mən isə atalar necə dahi ola bilər ki deyə düşünürdüm. Bir sözündə, bu günün işini sabah saxlama deyir, başqa sözündə isə tələsən təndirə düşər deyir. İndi biz nə edək ? Üstəgəl, axı evlilik yaş gələndə yox, doğru insan gələndə evlənmək lazımdı! Bu düşüncələrlə, fikir və xəyallarla necə yatmışam özümün də xəbərim olmadı. Bir də ayıldım ki, avtobus bir kafenin həyətində dayanıb.

Hamı bir-bir düşməyə başladı. Mən də düşdüm. Hava həm küləkli həm də soyuq idi, külək soyuğu adamın üzünə şapalaq kimi vururdu. Getdim kafeyə, içəri girən kimi televizorda Xoşqədəm qışqırdı ki "Ədilə bu da səni 30 ildi atıb gedən və Rusiyada yaşayan ərin Fazil, bax". Kafedə oturanlar necə maraqla, necə həycanla, baxırdısa bu verilişə sanki bütün problemlərimizin həllini bu veriliş sayəsində öyrənəcəyik. Kafe çox geniş idi, uşaqların səsi ilə televizorun səsi bir-birinə qarışmışdı. Uşaqları nə valideynləri sakitləşdirir, nə də telivizorun səsini azaldan var idi. Elə bil xaosdan, səs-küydən həzz alırdı hamı. Ofisiant gəldi ki, nəsə sifariş verəcəksizniz?

Dedim: çay verərsiz zəhmət olmasa.

Ətrafa göz gəzdirdim, avtobusda olan və arxa oturacaqda oturan xanım və oğlu gözümə dəymədi. Dedim yəqin ayaq yoluna gediblər, biraz keçdi çayımı bitirib, çölə çıxanda da xanım və oğlunun avtobusda yerlərində oturduqlarını gördüm.

Avtobusa minərək

- Xanım, üzür istəyirəm, siz niyə gəlmirsiz kafeyə ?

- Uşaq narahat idir, ona görə!

- Heç olmasa bir çay içərdiz.

- Xeyr, istəmirəm təşəkkür diqqətiniz üçün.

- Mən dəvət edirəm, buyurun gəlin, hava da soyuqdur onsuz, isti çay yaxşı gələr.

- Dəvətiniz üçün çox sağ olun, amma mən evliyəm. Yad kişi ilə gedib çay içsəm camaat nə deyər ? Və ya tanış biri görsə və həyat yoldaşıma desə, həyat yoldaşım mənim başımı kəsməz ?

- Ay xanım, mən sizinlə əyləşmiyəcəm, sadəcə sifariş verib,öz stoluma keçəcəm.

- Xeyr, istəmirəm! Çox sağolun. Sizin mənə çay sifariş verdiyinizi görüb camaat nə fikirləşər? Hətta hal-hazırda mənim sizinlə danışmağım da düzgün deyil, siz yad insansız!

Öz-özümə pis oldum ki, nə olsun yad insanam ? Axı bu camaata yaddırda. Həmən yad camaatdı ki mən ac-susuz qalanda kömək etməyib, bir söz demir, amma kömək etmək istəyənlərə də mənfi fikirlər bildirirlər ? Bu sanki yaralı ol amma həkim gəlsə yaxına buraxma kimi bir şeydir. Çünki ağrımağına bir çarə tapmazlar, amma o ağrını sağaldana da mane olarlar. Fikrimi bir maşında yüksək səslə səslənən "Yaşa Azərbaycan" musiqisi yayındırdı. Bu, sovet maşını olan, qap-qara 07 markalı maşın idi, maşının qabağı qaldırılmış formada. Maşına yaxınlaşmağa başladım və maşının arxa hissəsində ki, şüşəyə yazılan bir yazı diqqətimi çəkdi.

"Vətəni sevməyən insan olmaz, olsada o şəxsdə vicdan olmaz"

Açığı sevindim bu yazıya, yəni vətənpərvər ruhlu, bu əqidədə olmaq gözəl hissdir.

Gəldim bu bəy oturan pəncərəyə, bəy qolunun birini çölə çıxarıb siqaret çəkirdi. Görünüşcə boylu-buxunlu, əynində bahalı geyim, əlində bahalı telefon, saqqalını isə səliqəli şəkildə saqqalını formaya salan cavan oğlan idi.

Qapıya yaxınlaşıb:

- Salam.

- Aleykum salam.

- Üzr istəyirəm, maşının arxasına yazdırdığınız cümlələr kimin idi ? Mənim yadımdan çıxıb, maraqlı gəldi.

- İnan ki məndə bilmirəm, hərə maşının arxasına bir söz yazdırdığını görüb, mən də bunları yazdırdım.

- Həə, başa düşdüm. Yəqin hər gün burada olursunuz və taksi xidməti göstərirsiniz ?

- Təbii! nolubki ? Harasa getmək istəyirsənsə aparsın qardaşın.

- Xeyr bəy, təşşəkkür edirəm. Bir dəqiqə üzür istəyirəm, mənə zəng gəlir ona cavab verməliyəm.

- Buyur, buyur...

Başladım Rus dilində danışmağa, 1 dəqiqədən sonra telefon qulağımda yenidən bəyə müraciət etdim.

- Bağışlayın, bir rus tanış var, deyir sənin vətənin Azərbaycandır da və mənə Azərbaycan haqqında bu vətəni sevən bir vətəndaş kimi qısa məlumatlar ver. Sualı da budur ki, "Azərbaycan neçənci ildə qurulub ?"

- Onu bilmirəm.

- Bəs bilmirsiz Azərbaycan dövlətinin əsasını kim qoyub ?

- ımmmm yadımda qalmayıb.

Bayrağımızın mənası bəs nədir ?

- Qırmızı türkçülüyümüzü, mmmm o birilər yadımdan çıxıb.

- Bəs himnin söz və musiqisi kimə aiddi ?

- Ay Yoldaş! mən burda imtahandayam ? Mən hardan bilim?!

Dedim üzürlü say və telefona adboy verdim. Əslində adboy da vermədim, çünki heç kim zəng etməmişdi. Mən sadəcə içimdə yaranan suala cavab tapmaq istəyirdim. Vətənpərvərlik, tək döyüşmək deyil, mahnıya yüksək səslə qulaq asmaq deyil, bu vətəndə küçədə süpürgə süpürməkdə, tikintidə fəhlə işləmək də, yazıçı olmaq da, çörək bişirmək də, aşbaz olmaq da bir vətənpərvərlikdir. Əsgərlər silahları ilə döyüşdüyü kimi, süpürgəçilər süpürgələri ilə, yazıçılar qələmləri ilə, fəhlələr isə əlləri ilə daim mübarizədədir. Üstəgəl, mən yaşadığım, boya başa çatdığım, havasını udub, çörəyini yeyib, suyunu içdiyim vətən haqqında 1 kəlmə bilmirəmsə mən vətənpərvərəm ?

Artıq gördüm ki, Kafedən hamı yavaş-yavaş geri qayıdır, avtobusun ətrafına toplaşır. Mən də avtobusa tərəf addımlamağa başladım. Avtobus şoferi avtobusun ön hissəsində durub siqaret çəkə-çəkə, arada əyilib təkərlərə baxırdı. Avtobusun başına toplaşan insanlardan biri kimləsə telefonla danışırdı və təkidlə kiməsə deyir di ki, başın xarabdı ? Adam uşağını heç oxumağa Avropaya göndərər ? Uşaq gedib orda pozulub gələcək, orda çoxluq cinsi azlıqlardır, çılpaq insanlardır, onlardan nə təhsil almaq olarki ? Onlardan nə adam olacaq ki ? Ora qətiyyən güvənmə, inanma. Biraz danışandan sonra telefona adboy verib sürücüyə yaxınlaşdı.

- Salam, ağsaqqal.

- Aleykum salam.

- Ağsaqqal xahiş etsəm 2 km irəlidə bir pir var orada saxlayarsız ? Nəzir niyazmız var, 15 ildi evliyik amma uşağımız olmur. Deyirlər o pirdə kim nə arzu edirsə yerinə yetir, uşağı olmayanların uşağı olur, bizim də son ümidimiz oradır. Bütün həkimlərdə olmuşuq, hətta uzun müddətdir ki, xarici ölkələrdə də müalicə alır yoldaşım, Almaniyadan tutmuş, Fransa hətta Amerikaya kimi amma dərdimizə əlac tapan olmayıb hələ də.

Neçə illərdir müalicə edirik, həkim deyib ki, gözləyin müalicənin təsir effekti biraz gec olur. Amma daha artıq səbrimiz çatmır. Son ümid yerimiz oradır, Allaha hər gecə dua edirik.

- Saxlayaram təbii ki, narahat olma, amma ki, mən 30 ildi sürücülük edirəm və pirə gedən heç kimin uşağının olduğunu nə eşitmədim, nə də görmədim. Amma bir şeyin şahidi olmuşam ki, bu illər ərzində o piri işlədən insan bir neçə evi olduğunu və bir neçə maşın aldığını gördüm, üstəgəl bacısının da uşağı olmurdu, onu öz hesabına İsraildə müalicə etdirdi və hal-hazırda artıq bacısının 2 uşağı var.

Ürəyimdə fikirləşdim ki, deməli bu insan gedib pirə pul verəcək və onda uşaq istəyəcək, 1 il sonra isə illərdir xaricdə etdikləri mülicə öz təsirini göstərsə bu insan da elə biləcəkdir ki, buna pir kömək edib! Və gedib hər yerdə deyəcək ki, dünyanın hər yerində müalicə aldım xeyri olmadı, amma pirə getdim o mənə uşaq verdi.

Bu fikirləri beynimdə qarışdıra-qarışdıra, avtobusa çıxıb əyləşdim. Bu, an avtobusa bir dilənçi mindi, yumru sifət, sağlam görünüşlü, gümrah və fiziki problemi olmayan cavan bir oğlan idi, amma əynində olan cır-cındır paltarlardan gələn ifunət qoxusu avtobusu yayılmağa başladı. Hər oturacağa yaxınlaşlaraq "Sən Allahın adı mənə 20 qəpik verin deyə" pul istəyirdi, mənim oturduğum yerə çatanda "Allah sənə çoxlu pul yetirsin, arzuna çatasan " dedi, çıxarıb 1 manat verdim. Dilənçilərin səmimiyyətini inanmasamda çox vaxt pul veririrəm. Bəlkə də dilənçilərə verdiyim pulları toplasaydım onların mənə arzuladığı həyatı yaşayırdım indi. Dilənçi qəpik quruş toplayıb düşdü avtobusdan. Arxası ilə fiziki problemi olan bir insan mindi, oturacaqların başından tuta-tuta zorla ayaq üstə duraraq "Yaxşı ətirlər, təsbehlər, üzüklər və qulaqcıqlar" satdığını qeyd etdi və bir təhər oturacaqlara yaxınlaşaraq mallarını təqdim edib 3-4 mal satıb avtobusdan düşdü.

Biz isə yola davam etməyə başladıq, başımı pəncərəyə söykəyərək bu gün şahid olduğum hadisələri beynimdə analiz edə-edə yuxuya getdim.

Gözümü "Əmi dur, əmi dur, çatdıq" səsi ilə açdım ki artıq avtovağzaldayıq və arxamda anası ilə oturan uşaq yanımda ayaq üstə durub, avtobusdan enmək növbəsini gözləydir. Özümə gəlib, yerimdən qalxıb avtobusdan düşdüm.Və sumkaları kənara qoyub, sürücüyə yaxınlaşıb pulu uzatdım və dedim ki siz hər gün Qəbələyə gedirsiniz ? Dedi, qəbələ nədi ? Mən Şamaxıya işləyirəm, bura Şamaxıdır. Dedim, dayı zarafat edirsiz ? Dayı dedi başını qaldır gör ora nə yazılıb ? Başımı qaldırdım ki böyük hərflərlə yazılıb ki "ŞAMAXI AVTOVAĞZALI".

Bir anlıq donub qaldım. Yəni bu qədər yolu boşuna gəlmişəm? Mən necə tanımadığım insana inanıb sürücüdən soruşmadım hara gedəcəyini?! Necə avtobusun önünə fikir verməmişəm?! Necə axmaq ola bilərəm? Və bir şeyi anladım ki, tanımadığımız insanların göstərdiyi yolla getmək insanı hər nəticədə yanılda bilər. Sorğulamaq lazımdır, hər şeyi, hər insanı, hər şəhəri! Avtobusda xanımın mənə dediyi "Yad insan" mövzusu ağlıma gəldi, yoxsa xanım haqlı idi? Yad insanlara həqiqətənmi güvənmək lazım deyil?! O zaman təklifimi qəbul etməməkdə düzmü addım atdı? Axı niyyətim yaxşı olsa da nəticədə yad insan idim ona görə. Deyinə-deyinə arxaya döndüm ki, sumkaları götürüm. Bir də baxdım ki, sumkalar yenə yoxdu.

# 2343 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #